Ukrayna Rusiya əsirliyindən daha 32 əsgərini geri qaytarıb

20:05 11.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident Aparatının rəhbəri Andriy Yermak növbəti əsir mübadiləsini elan edib, nəticədə Ukrayna 32 əsgərini və israilli Dmitri Fialkanın cəsədini geri qaytarıb. Hafta.az xəbər verir ki, o, bu barədə “Facebook”da məlumat yayıb.

“Bu gün daha bir əsir mübadiləsi apardıq. Biz 32 əsgərimizi azad edib, israilli Dmitri Fialkanın cəsədini geri qaytara bildik. Azad edilənlər arasında Ukrayna Silahlı Qüvvələrinin zabit, çavuş və əsgərləri də var. Hamısı ağır döyüşlərin getdiyi yerlərdə idi. Bu insanların çoxu itkin düşmüş hesab olunurdu”, - deyə Yermak bildirib.

O əlavə edib ki, hər məhbusun öz hekayəsi var. Xüsusilə, mərhum israilli Dmitri Fialka son iki ildə Ukraynada yaşayıb, “Dinamo” klubunda (Lvov) uşaq futbolu məşqçisi işləyib.

Onun sözlərinə görə, azadlığa çıxanlar hazırda tibbi müayinədən keçirlər və bərpa olunacaqlar.
“Biz insanları geri qaytarırıq. Və hamını geri qaytaracağıq. Biz hər bir ukraynalı üçün mübarizə aparacağıq. Axı xalqımız bizim ən qiymətli sərvətimizdir. Və biz qalib gələcəyik. Buna heç bir şübhə yoxdur”, - Yermak vurğulayıb.

O, əsirlikdən azad edilənlərin fotosunu dərc edib.