Ukraynanın İrlandiyadakı səfiri Larisa Gerasko bildirib ki, məşhur irland viskisi "Jameson" Rusiyaya dəstək verdiyi üçün boykot edilməlidir.
Hafta.az-ın "Guardian"a istinadən yazdığına görə, Fransada fəaliyyət göstərən "Pernod Ricard" şirkətinə məxsus "Jameson" viskiləri keçən ilin son rübündə Rusiyada satışlarını davam etdirmək qərarına gəlib və şirkət qərarını yerli işçilərini qorumaq səbəbi ilə əsaslandırıb.
Şirkətin açıqlamasını qeyri-kafi hesab edən Ukrayna səfiri Gerasko, İrlandiya mətbuatına verdiyi açıqlamada, "Bir tərəfdən bu şirkət öz az sayda işçisini qorumaq istəyir, digər tərəfdən hər dəfə on minlərlə ukraynalı Rusiya tərəfindən öldürülür" deyib.
Artıq "Jameson" məhsullarını almayacağını deyən Gerasko restoran və barları, eləcə də sıravi müştəriləri boykot etməyə çağırıb. Ukraynalı diplomat bir neçə həftə əvvəl problemi qaldırmaq üçün istehsalçı ilə əlaqə saxladığını, lakin heç bir cavab almadığını da bildirib. "Əlbəttə ki, onlarla əlaqə qura bilmədiyimiz üçün məyus olduq. Biz çox narahatıq, çünki Rusiya ilə ticarət edən şirkətlər Rusiyanın döyüş maşınına maliyyələşdirir", - Gerasko bildirib.
İrlandiya mətbuatına açıqlama verən şirkət nümayəndəsi, problemi yaxın həftələrdə həll edəcəklərini bildirib və “Biz beynəlxalq markalarımızın ixracını dayandırmaqla yanaşı, həm də öz şirkətimizin təhlükəsizliyini və rifahını təmin etmək variantını nəzərdən keçiririk. Biz bu çətin dilemmanın ən yaxşı həllini tapmaq üçün işləməyə davam edəcəyik" deyib.
Pernod Ricard Group "Jameson"dan başqa Absolut, Beefeater London, Chivas Regal, Havana Club və Malibu kimi mühüm brendlərin sahibidir. Qrup 2022-ci ilin martında, Ukrayna müharibəsi başlayandan qısa müddət sonra Rusiyaya məhsulların göndərilməsini dayandırıb.
Şirkət ötən ay İsveç markası olan "Absolut" arağının Rusiyada satışını davam etdirmək qərarına gəldiyini təsdiqləyib, bu açıqlama Ukrayna və İsveç səlahiyyətlilərinin reaksiyasına səbəb olub.
İsveçdən gələn boykot çağırışlarından sonra şirkət qərarından imtina etdiyini açıqlayıb.