Ukrayna bəstəkarı Nikolay Leontoviçin dünyada tanınan “Şedrik” əsəri artıq ikinci yüzillikdir ki, Ukrayna mədəniyyətini yeni ölkələrə və şəhərlərə çatdıraraq qlobal miqyasda səyahət edir. 100 il öncə “Şedrik” nəğməsi ilk olaraq Ukrayna xorunun Şimali Amerikaya qastrolları zamanı səsləndirilib və dərhal “Carol of the bells” əfsanəvi mahnı kimi böyük populyarlıq qazanıb. Simvolikdir ki, düz yüz il sonra “Şedrik” Ukrayna nəğməsi əzəmətli və əsrarəngiz Qafqaz dağlarında səsləndirilmək üçün Köhnə Dünyaya geri döndü.

Bu barədə Ukraynanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan məqalədə deyilir. Bildirilir ki, istedadlı Ukrayna musiqişünası Polina Desyatniçenko muğam sənətinə yiyələnmək üçün xüsusi olaraq Kanadadan Azərbaycana gəlib. Polina Desyatniçenko, əməkdar artist Toğrul Əsədullayev, əməkdar artist Çinarə Heydərova, Vəfa Şirəliyeva, Şəfa Kərimova və Azad Əliməmmədovdan ibarət yeni yaradılmış Ukrayna - Azərbaycan tandemi “Şedrik Ukrayna nəğməsinin qədim Azərbaycan musiqi alətlərinin köməyi ilə yeni şəkildə səsləndirilməsinə imkan yaradıb. Ənənəyə görə, “Şedrik” Ukrayna nəğməsi yeni il bayramlarının yaxınlaşdığı barədə dünyaya xəbər verir.
“Şedrik” və Ukraynanın Azərbaycandakı Səfirliyi dost Azərbaycan xalqını qarşıdan gələn Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir və yeni 2021-ci ildə sülh, rifah və çiçəklənmə arzulayır!