Ukrayna sıralarında döyüşən rus komandir: Gələn ay sürprizimiz olacaq!

09:16 10.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Putinin Ukrayna sıralarında döyüşən rusiyalı əleyhdarlarından təşkil edilən Azad Rus Legionunun sözçüsü Sezar Kiyevdə “The Guardian”a müsahibə verib.

Hafta.az-ın yazdığına görə, daha əvvəl Belqorodda həyata keçirdikləri əməliyyata bənzər başqa bir sərhəd basqını planlaşdırdıqlarını söyləyən Sezar, "Gələn ay üçün bizdən bir sürpriz gözləyin. Bu, üçüncü əməliyyatımız olacaq. Bundan sonra dördüncü və beşinci əməliyyatımız gələcək. Biz bütün torpaqlarımızı azad etmək istəyirik” deyib.

Bir neçə yüz könüllü rus əsgərdən ibarət legion may və iyun aylarında Rusiya daxilində hücumlara başlayıb və Belqorod şəhərinin sərhəd kəndlərinə nəzarəti ələ keçirməyə müvəffəq olub. Əməliyyat zamanı rus ordusu ilə toqquşan könüllü əsgərlər Rusiyanın 10 əsgərini əsir götürmüşdü.

İşğal əməliyyatı başlayanda Rusiyadan Ukraynaya köçdüyünü bildirən Sezar sərhəd qəsəbələrinə əməliyyat zamanı pasportunun yanında olduğunu və sərhədçilər qaçdığı üçün pasportunu göstərə bilmədiyini deyib.

Müharibədən əvvəlki dövrdə Soçi və Sankt-Peterburqda idman müəllimi olan Sezarın əsl adının Maksimilyan Andronnikov olduğu bildirilib.

Rəhbərlik etdiyi yarımhərbi qruplaşmanın ancaq Ukrayna ordusunun dəstəyi ilə aktiv qala biləcəyini etiraf edən Sezar, Rusiya ərazisinə keçərkən hələ də öz müstəqil qərarlarını verdiklərini vurğulayıb.

Rusiya mətbuatında legionun ağır itkiləri ilə bağlı xəbərlərin gülünc olduğunu deyən Sezar, "Ölülərə Ukrayna forması geyindirib televiziyada yayımlayırlar. Halbuki bizim formalarımız fərqlidir. Bu, sadəcə, axmaq bir yalandır" deyib.

Ukrayna sıralarında döyüşən rus əsgərlərin ifrat sağçılardan ibarət olması ilə bağlı tənqidlərə cavab verən Sezar, "Legion döyüşçüləri arasında həm sağçılar, həm də solçular, hətta Aleksey Navalninin inkarçı tərəfdarları da var. Biz gələcək Rusiya cəmiyyətinin prototipiyik. Biz həm də Ukraynanın gələcəyi üçün mübarizə aparırıq. Bu, ümumi mübarizə və ümumi faciədir", - əlavə edib.

“Vaqner”in dağılmasının Ukraynanın döyüş meydanında şanslarını artıracağını deyən Sezar, "Vaqner” Rusiyanın ən bacarıqlı hərbi birliyi idi. Baxmutda onlara qarşı döyüşdüm. Şəhəri almağa çox yaxınlaşdılar. Onların meydandan getməsi rusların döyüş ruhunu aşağı saldı” bildirib.

Siyasət rubrikasından digər xəbərlər