Moldovanın cənubundakı Muxtar Qaqauziya bölgəsində fəaliyyət göstərən fermerlər prezident Maya Sandu və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Ukraynadan taxıl idxalının və quraqlığın kənd təsərrüfatı istehsalına mənfi təsirləri ilə əlaqədar sektorda fövqəladə vəziyyət elan edilməsini istəyiblər.
Hafta.az-ın yazdığına görə, Moldova Milli Bankının prezidenti Anca Draqu bəyan edib ki, ölkədəki quraqlıq səbəbindən ərzaq qiymətlərində artım gözlənilməlidir.
Qaqauziya Kənd Təsərrüfatı Sənaye Kompleksinin Baş İdarəsinin rəisi Sergey İbrişim qarğıdalı məhsulunun 90 faizinin, günəbaxan məhsulunun 60 faizinin itdiyini, üzüm kimi məhsulların məhsuldarlığının azalmasının satışlara mənfi təsir edəcəyini açıqlayıb.
İbrişim bildirib ki, fermerlərə ən böyük itki Ukraynadan Moldovaya ucuz qiymətə gətirilən taxılın yerli məhsulları rəqabətsiz hala gətirməsi ilə bağlıdır.
O, su ehtiyatlarının azalması, göllərin dayazlaşması kimi problemlərin kənd təsərrüfatı istehsalına mənfi təsir etdiyini də vurğulayıb.
Qaqauz fermerləri bölgədə fövqəladə vəziyyətin elan edilməsi, moratoriumla cərimələrin və bank sanksiyalarının dayandırılması, xaricdən yardım istəməsi kimi tələblər irəli sürür. Onlar həmçinin bildirirlər ki, kənd təsərrüfatı kreditləri asanlaşdırılmalı, təbii fəlakət zamanı fermerlərə kompensasiyaların verilməsi mexanizmləri hazırlanmalıdır.
Mütəxəssislər Moldovanın cənubunu İspaniyanın cənubu ilə müqayisə edir və fermerlərin yeni şəraitə uyğunlaşması lazım olduğunu bildirirlər.
Fermer Dumitru Orestu bölgənin səhralaşma prosesinə girdiyini və daha davamlı toxum sortlarına ehtiyac olduğunu vurğulayıb.
“Fermerlərin Gücü” assosiasiyasının prezidenti Aleksandr Slusar xəbərdarlıq edib ki, payızda bir çox fermerlər müflis olacaq.