Ukrayna Xarici İşlər Nazirliyinə bağlı sanctions.nazk.gov.ua internet saytı Rusiyada fəaliyyət göstərən Türkiyənin dövlət və özəl banklarına, rəhbər şəxslərə və iş adamlarına qarşı sanksiya tətbiq edilməsini istəyib.
Hafta.az-ın yazdığına görə, internet saytı türkiyəli iş adamlarına, dövlət Ziraat Bankına, İş Bankının rəhbərlərinə və Rusiyada fəaliyyət göstərən Credit Europe Bank-ın sahibi iş adamı Hüsnü Özyeğinə qarşı sanksiya tələb edib.
Ziraat Bankı, İş Bankı və Credit Europe Bank rəhbərlərinin siyahısı onların fotoşəkilləri ilə birlikdə adıçəkilən internet saytında dərc olunub.
Siyahıda Hüsnü Özyeğin də daxil olmaqla, bir çox iş adamı yer alıb. Bu şirkət və şəxslərin sanksiyaya məruz qalması ilə bağlı açıq çağırış edilən saytda, profilinə kliklədiyiniz şəxsin səhifəsində aşağıdakı ifadələr yer alıb: “Dünya hökumətlərini Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək verdikləri üçün bu şəxslərə qarşı sanksiya tətbiq etməyə çağırın. Mesajınızı sosial mediada paylaşın”.