Ukraynanın Ali Baş Komandanı: BİZ QALİB GƏLƏCƏYİK!

08:38 01.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ukraynada vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşan, Rusiya işğalına qarşı döyüşlərdə həyatını itirən əsgərlərin xatirəsi anılır. Ukrayna Müdafiəçiləri Günü bütün ölkədə mərasimlər və anım tədbirləri ilə qeyd olunur.

Hafta.az-ın yazdığına görə, o zamankı prezident Pyotr Poroşenko 2014-cü il oktyabrın 14-də imzaladığı fərmanla bu günü rəsmi bayram elan edib. Bu tarix Ukrayna kazakları üçün mühüm dini bayram olan Məryəmin şəfaəti ilə bağlı idi. Lakin kilsə təqvimində aparılan islahatlardan sonra anma günü 2023-cü ilin 1 oktyabrına dəyişdirildi.

Fərmanın məqsədi Ukrayna müdafiəçilərinin şücaətinə, qəhrəmanlığına və hərbi ənənələrinə hörmət etmək, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirmək idi. Eyni zamanda, sovet dövründən qalan 23 fevral “Vətən Müdafiəçiləri Günü” ləğv edildi.

Bu gün Rusiyanın başladığı qanlı müharibənin qızğın çağında ukraynalı əsgərlərin azadlıq uğrunda mübarizəsi Ukrayna Müdafiəçiləri Gününü daha da mənalı edir. Ukraynanın Ali Baş Komandanı Oleksandr Sirski Ukraynanın Müdafiəçisi Günü ilə bağlı müraciətində “Bu gün Ukrayna silaha sarılan və vətənini müdafiə edənlərin sayəsində yaşayır və müqavimət göstərir. Uzun illər bizə qurbanlıq hissi aşılanmışdı: bizə həmişə göz yaşları, məğlubiyyətlər və uğursuzluqlar deyirdilər. Amma siz - Ukraynanın indiki müdafiəçiləri, bunun əksini sübut etdiniz. Siz Rusiyanın təcavüzünü dayandırdınız, Rusiyanın “məğlubedilməz ordusu” mifini darmadağın etdiniz və Ukraynanın yatmış döyüş ruhunu oyatdınız. Bu ruh indi qəlbinizdədir! Ukraynanın qalib döyüşçülərinin ruhu!” deyib.

Sırski həlak olan əsgərləri “Ukrayna dövlətinin əbədi təməl daşları” adlandıraraq, “Biz onları heç vaxt unutmayacağıq. Onların fədakarlığı gələcəyimizin təminatıdır” deyə bildirib.

Ali Baş Komandan çıxışını “Dözəcəyik. Biz qalib gələcəyik. Azadlığımızı geri alacağıq. Ukraynanın müdafiəçilərinə əhsən! Yaşasın Ukrayna! Yaşasın qəhrəmanlar!” sözləri ilə bitirib.