"Tanrı tərəfindən Azərbaycan xalqına xilaskar kimi göndərilmiş ulu öndər Heydər Əliyev 1993-cü ilin İyun hadisələrindən sonra xalqın istəyi ilə hakimiyyətə gətirildi. Nəticədə, Azərbaycan 1918-ci ildə böyük bir komandanın xalqımıza bəxş etdiyi azadlıq, müstəqillik tarixi Heydər Əliyevin timsalında yenidən davam etdirildi".
Bu fikirləri hafta.az-a Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ilk növbədə diqqət daxili problemlərin həllinə yönəldi. Ölkədə nizam-intizam yaradıldı. Nizamın pozulmasına yönələn bütün qəsdlərin qarşısı alındı, hakimiyyət gücləndi və nəhayət, Azərbaycan 1994-cü ildə dünya ölkələri tarixində “Əsrin müqaviləsi” deyilən bir layihəyə imza atdı. Bununla da bugünkü taleyimizə imza atmış olduq:
“Əsrin müqaviləsi” dövlətimizin əbədi olmasına iqtisadi zamin idi. Xalqımız Ulu Öndərin rəhbərliyi altında yenidən müstəillik taleyini yaşadı. Ulu Öndər ikinci gəlişi ilə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Deyim ki, sovet hakimiyəti dövründə ölkə, xalq üçün çox qüdrətli addımlar atan Ulu Öndər imperiyanın ən yüksək eşalonunda təmsil olunanda da xalqı, dövləti imperiya içərisində inkişaf etmiş bir dövlətə çevirdi.
H.Əliyev müstəqilliyə doğru gedən yolun bünövrəsini qoydu, daxildəki o çaxnaşmanı, özfəaliyyət quldur dəstələrinin hamısını məhv etdi. Həmin zaman Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ulu Öndər bunun qarşısını aldı.
Ulu Öndərin siyasətini davam etdirən, qalib sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyev dünyasını dəyişən zaman ürəyində apardığı bir nisgili də bu xalqa qaytardı. Onun ruhunu şad etdi. Bu da Qarabağ problemi idi və Şuşanın azad olunmasından sonra, “Ata, vəsiyyətini yerinə yetirdim” deyimi ilə tam ifadə olundu. Heydər Əliyevin dediyi “İlhama özüm qədər inanıram, o, bundansonrakı qalan problemləri həll edəcək” – sözləri öz yerini aldı.
Azərbaycan dünyaya yeni simada təqdim olunub. Cənab Prezident Azərbaycanı məğlub dövlətdən qalib bir dövlətə, məğlub millətdən qalib millətə çevirməklə Ulu Öndərin ruhunu şad etdi, bu millətin qürurunu özünə qaytardı..."