Uşaq qidaları və bezlər 35 FAİZ UCUZLAŞA BİLƏR - ARAŞDIRMA

15:21 26.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ərzaq və qeyri-ərzaq məhsullarının sürətlə bahalaşması fonunda uşaq qidaları, uşaq bezlərinin qiyməti də kəskin şəkildə artıb. Son 3 ayda bu məhsulların dəyərində təxminən 5-7 manat artım var. Yerli idxalçılar mövcud vəziyyəti qlobal səviyyədə gedən bahalaşma ilə əlaqələndirsələr də, müşahidələr onu deməyə əsas verir ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda uşaq qidaları və beziləri təxminən 2 dəfə baha satılır. Məsələn, 1200 qramlıq qablaşdırmada olan “Aptamil” uşaq qidası yerli bazarda 64 manat 49 qəpikdir. Qonşu Türkiyədə isə eyni adlı məhsul 32 manat 75 qəpiyə təklif olunur. “Prima” markasına məxsus 6 bədən 44 ədədli bir paket bezin Azərbaycanda qiyməti 31 manat 29 qəpik, Türkiyədə isə bu markaya məxsus 6 bədən 102 ədədli bir paket bezin qiyməti 26 manat 97 qəpikdir.

Azərbaycanda bu məhsulların digər ölkələrlə müqayisədə təxminən 2 dəfəyə yaxın baha olması gömrük və vergi rüsumları ilə əlaqələndirilir. Qeyd edək ki, ölkəmizdə ƏDV standart olaraq 18 faiz və 0 faiz dərəcə ilə tətbiq olunur. Amma inkişaf etmiş ölkələrdə ƏDV vahid dərəcə ilə tətbiq olunmur. Məsələn, Norveç ƏDV dərəcəsinin ən yüksək olduğu ölkələrdən biri sayılır. Amma bu ölkədə də bəzi sahələrə ƏDV tətbiq edilən zaman 14 və 8 faizlik dərəcələrdən istifadə olunur. Dünya təcrübəsində həm də bəzi ərzaq mallarına,  kitab, dərman və başqa gündəlik təlabat mallarına ƏDV tətbiq olunarkən güzəştlər nəzərdə tutulur. Məsələn, Fransada ərzaq mallarına 5,5 faiz, İsveçrədə 2 faiz,  Sloveniyada 8,5 faiz, Almaniyada 7  faizlik güzəştli dərəcə tətbiq olunur. Böyük Britaniyada isə ərzaq ƏDV-dən tam azaddır. Eyni zamanda, beynəlxalq təcrübədə ölkə ərazisində ehtiyac duyulan, yerli istehsalı ya tamamilə ödəməyən, yaxud da qismən ödəyən məhsullara görə gömrük rüsumunun ləğv edilməsi də yayılmış praktikadır.

Yeri gəlmişkən, ötən həftə parlamentdə büdcə müzakirələri zamanı Milli Məclisin deputatı Qənirə Paşayeva da uşaq qidaları və bezlərinin ƏDV-dən azad edilməsini təklif edib. O qeyd edib ki, Gürcüstanda uşaq qidaları və geyimləri ƏDV-dən azaddır: “Bilirik ki, boşanan ailələrin sayı artır. Onlar aliment almaqda da çətinlik çəkir. Amma bu uşaqlar qidalanmalıdır. Qiymətlər orta təminatlı ailələr üçün də hətta kifayət qədər bahalıdır”.

Deputat Musa Quliyev də həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, dünyada uşaqlarla bağlı bütün məhsulların satışında güzəştlərlə bağlı qanunvericilik var: “Gəlin bunu biz də edək. Bu qidalar və bezlər ölkədə istehsal olunmur. Ölkədə istehsalı məsələsi ilə bağlı da düşünməliyik”.

Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva uşaq qidaları və bezlərinin ƏDV-dən azad edilməsi ilə bağlı təklifə münasibət bildirib: "Hələ əfsuslar olsun ki, məhsulların istehsalı və idxalı zamanı onların adbaad, növbənöv uçotunu məsafədən izləmək imkanı yoxdur. Buna görə də qanunvericilikdən sui-istifadə hallarının baş verməməsi ilə bağlı sahibkarlara müvafiq infrastrukturun qurulması üçün məsələnin yekunlaşmasını gözləyirik. Təbii ki, bundan sonra bu cür məhsullara xüsusi yanaşma müzakirə oluna bilər".

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, Azərbaycanda sosial sahəyə aid olan bəzi məhsulların gömrük rüsumundan azad edilməsinə ehtiyac var:

“Biz dəfələrlə demişik ki, ölkə vergi siyasəti və gömrük rüsumlarının bəlli reallığa uyğunlaşdırılması prosesinə zərurət var. Ümumiyyətlə, gömrük rüsumlarının əsas fəlsəfəsi yanaşması ondan ibarətdir ki, yerli istehsalçını qorusun. Uşaq yeməkləri bizdə demək olar ki, istehsal olunmur və yüz faiz idxaldan asılıyıq. Bezlərlə bağlı da eyni vəziyyətdir. Çünki yerli bez istehsalı ilə bağlı müəyyən cəhdlər olsa da, uğursuzluqla nəticələndi. Yəni, bu məhsulla bağlı da idxaldan asılı vəziyyətdəyik. Bu  isə kifayət qədər ciddi problemdir və kifayət qədər böyük kəsimi əhatə edir. Çünki hər il ölkəmizdə 130 min və bundan daha çox uşaq dünyaya gəlir. Uşaqların 5 yaşınadək bu məhsullardan yararlandığını nəzərə alsaq, deyə bilərik ki, təqribən, 600 minə yaxın azyaşlı üçün nəzərdə tutulan qidaların, bezlərin bahalaşması onların ailələri üçün ağır iqtisadi yükdür. Ona görə də dəfələrlə təklif olunub ki, ölkədə istehsal edilməyən və sosial sahəyə aid olan məhsullar bir müddətlik sıfır rüsüm və sıfır vergi dərəcəsiylə ölkəyə idxal edilməlidir. Bu məhsullara uşaq yeməkləri, uşaq bezləri, dərmanlar, sağlamlıq qabiliyyətini itirən şəxslərə lazım olan avadanlıqlar və s. aiddir. Ən azından qiymətlərin tənzimlənməsi üçün belə bir addımın atılması daha yaxşı olardı. Təəssüf ki, bununla bağlı hələ ki, ciddi müzakirələr yoxdur. Gələn il bu istiqamətdə konkret addım atılacağı da mümkünsüz görünür. Hazırda büdcə müzakirələri gedir, hələ ki, bu məsələnin büdcədə öz əksini tapmasına dair rəqəmlər yoxdur. Bu da onu deməyə əsas verir ki, böyük ehtimalla gələn il də bu məsələnin həlli mümkünsüzdür. Ola bilər ki, ilin əvvəlində qiymət artımının sürəti yüksəldikcə Prezidentin müvafiq fərmanı və ya tapşırığı ilə Nazirlər Kabineti rüsumlarla bağlı əlavə qərar qəbul etsin. Çünki Nazirlər Kabinetinin belə bir səlahiyyəti var və ümid edək ki, belə bir qərar mümkün olacaq”.

Ekspert onu da vurğulayıb ki, beynəlxalq praktikada daxili istehsalçını qorumaq ehtiyacı yaranmayan məhsulların gömrük rüsumu və vergi dərəcələri həmişə aşağı olur: “Bu məntiqlə Azərbaycanda uşaq qidalarına və bezlərinə tətbiq olunan rüsum və vergilər də aşağı olmalıdır. Əgər bu praktika ölkəmizdə tətbiq olunarsa və sözügedən məhsullardan gömrük rüsumu, eləcə də 18 faizlik ƏDV götürülsə, bu məhsullar ən azı 35-36 faiz ucuzlaşacaq”.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Akif Nəsirli isə qeyd edib ki, inkişaf etmiş ölkələrdə uşaq qidaları və bez məhsullarında idxaldan asılılıq minimum səviyyədədir:

”Bununla bağlı dünyada yalnız 2-3 brend marka var ki, onların da bütün ölkələrdə müştərisi var. Amma bu çox cüzi hissədir və tələbatın 10-15 faizi həcmindədir. Həmin 10-15 faiz də adətən yüksək təminatlı ailələrin tələbatıdır ki, bu markaların məhsullarından istifadə edirlər. Yəni deməyim odur ki, dünyanın əksər ölkələrində bu məhsullara tələbat daxili istehsal hesabına ödənilir. Azərbaycanda isə bu məhsulların istehsalı yox dərəcəsindədir. Belə bir şəraitdə hökümət əhalinin aşağı təminatlı təbəqəsinin tələbatını nəzərə alaraq müvafiq addımlar atmalıdır. Hökümət bu istiqamətdə dəstək verməlidir, rüsumları, əlavə dəyər vergisini azaltmaqla yanaşı, inhisarçılara inzibati təzyiqlər etməlidir. Çünki hökümət monopoliyanı birdən-birə aradan qaldıra bilməz. Heç bu istiqamətdə cəhdlər də yoxdur. Əgər hökümət rusumları, vergi dərəcələrini azaltsa belə, inhisar elə bir bəladır ki, biz bu addımları bazarda müşahidə edə bilməyəcəyik. Hökümətin bu tədbiri inhisarçının mənfəətinin artmasına gətirib çıxaracaq. Başqa heç bir dəyişiklik olmayacaq. Bir daha qeyd edirəm ki, hökümət ikitərəfli iş görməlidir və rusumlar azaldılacağı təqdirdə, inhisarçılardan tələb olunmalıdır ki, həmin dəyişiklik qiymətlərdə özünü göstərsin. Əks təqdirdə yenə də qazanan sadə vətəndaş deyil, inhisarçı olacaq”.  

Oxunma sayı 627