“Uşaqlara soyuq olar” qorxusu

14:14 25.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Uşağın yuxarı  tənəffüs yolları soyuq hava kütlələri ilə təmasda olmalıdır

Bu qış gec də olsa, paytaxt Bakıya gözlənilən qarı gətirdi. Xəstəliklərin artdığı belə vaxtda qar bir çoxları üçün ümid işığı oldu.

Axı el arasında "Qar yağanda mikroblar da ölür", – kimi məşhur deyim var. Bəs görəsən, doğrudanmı qar mikrobları məhv edir? Qarın başqa nə kimi faydaları var? Belə havalarda uşaqları çölə çıxarmaq düzgündür?

Hafta.az mövzu ilə bağlı olaraq mütəxəssisə müraciət etdi. Həkim-pediatr Vaqif Qarayev bildirdi ki, qarın yağması insanlara həm psixoloji, həm də fiziki cəhətdən olduqca müsbət təsir bağışlayır. Bu cür hava şəraiti tənəffüs problemi olan şəxslərin rahat nəfəs ala bilməsinə şərait yaradır:

"Hər fəslin öz havası - iqlim parametrləri olmalıdır. Buna görə də qar qış üçün yazılıb. Nə qədər  şaxta olsa da, havanı yumşaldır. Belə havalarda hər kəs sinədolusu nəfəs ala bilir. Pandemiyanı nəzərə almasaq, havadakı başqa, tənəffüs orqanlarını zədələyən virusları məhv edir. Qarın faydaları saymaqla bitmir. Qışda qar yağmalıdır ki, yaz aylarında bitkilər torpaqdan kifayət qədər rütubət çəkə bilsin. Buna görə də kənd təsərrüfatı ilə məşğul olanlar üçün qarın yağması müsbət hadisə hesab olunur".

Həkim mövzuya sırf psixoloji baxımdan yanaşarkən, uşaqların sevincini xüsusilə vurğuladı:

"İndi qarlı havaya ən çox sevinən uşaqlardır. Onsuz da pandemiya ilə bağlı bir ildir balacaları evlərə qapamışıq. İndi isə tutsan da dayanmazlar. Bu hadisə onlara psixoloji olaraq yaxşı təsir bağışlayır. Söhbət tək qartopu oynamaqdan getmir. Qar həm də gözə verilən müsbət auradır".

Mütəxəssis belə havalarda “uşaqlarına soyuq olar” qorxusu ilə çölə çıxarmayan valideynlərə də bəzi tövsiyələr etdi:

"Biz millət olaraq soyuğa "cin" kimi yanaşırıq. Ona qalsa, şimal bölgəsində yaşayanlar ümumiyyətlə bayıra çıxmamalıdırlar. Buna görə də uşağı körpəlikdən bütün havalara öyrətmək lazımdır. Bəzən görürəm ki, az qala, iki-üç şərflə uşağın ağzını bağlayıb küçəyə çıxarırlar. Bu, düzgün deyil. Uşaq təmiz havada nəfəs ala bilmir. Onları birdən-birə yox, lakin tədricən soyuq havaya öyrətmək lazımdır. Uşağın yuxarı  tənəffüs yolları soyuq hava kütlələri ilə təmasda olmalıdır. Aylarla qapalı və isti şəraitdə yaşayan uşaq anidən soyuğa çıxsa, təbii ki, xəstələnəcək. Fikrimcə, bu havada, hətta südəmər yaşda körpələri də çölə çıxarmaq lazımdır. Yenidoğulmuş uşağı, təxminən, 1 həftə sonra təmiz havaya öyrətmək lazımdır. Ən çox yaşlı insanlar həkimlərin bu fikri ilə razılaşmır. Nəinki qışda, heç yay aylarında belə uşağa dondurma verməyin ziyanlı olduğunu deyirlər. Təbii ki, bütün bunlar yanlış düşüncələrdir. Yenə də deyirəm, boğaz mütləq soyuğa öyrəşməlidir".

Qeyd edək ki, qar adrenalin və xoşbəxtlik hormonu ifrazını artırır. Havada və torpaqda olan zərərli mikroblar qarla birlikdə yox olur. Bundan başqa qarın yağması torpağı zənginləşdirir, hava temperaturunu nizamlayır, bitkiləri qoruyur. Eyni zamanda o, quraqlığın qarşısını almağa kömək göstərir, yeraltı su ehtiyatının çoxalmasını təmin edir.