ÜST-ün keyfiyyətsiz hesab etdiyi siroplar Azərbaycanda qeydiyyatdan keçməyib

16:39 06.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın Maiden Pharmaceuticals şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib.

 

Bu barədə hafta.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Bildirilib ki, oktyabrın 6-da göndərilən xəbardarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart).

 

Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır.

 

Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.