Erməni milyarder, 30 illik işğal və təcavüzü maliyyələşdirənlərdən biri Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina etməsinin yalnız bir səbəbi var, bu saxtakar və xain erməni Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan qorunmaq istəyir.
Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın fikrincə, Vardanyan eyni zamanda bu işi elə görmək istəyir ki, həm əmlakını sığortalasın, həm də Ermənistanda siyasi xal qazansın.
“Sirr deyil ki, bu ölkədə hazırda ictimai siyasi vəziyyət ağırdır və manipulyasiyalarla siyasi liderə çevilə bilmək şansları yüksəkdir. Vardanyan da bir daşla iki quş vurmaq istəyərək həm də siyasi fiqura transformasiya olmaq arzusundadır.
Amma Ruben Rusiya vətəndaşlığından imtina etməklə özü də bilmədən addımları öz millətinin əsl xislətini, həqiqi üzünü ortaya çıxarır. Bu mənada Vardanyanın illərdir, milyardlar qazandığı Rusiyadan belə çətin bir dönəmdə üz döndərməsi Rusiya və ruslar üçün bir xəbərdarlıq olmalıdır. Rus ictimaiyyəti artıq başa düşməlidir ki, ermənilərin əsl siması budur, tarix boyu həmişə xəyanət içində olublar və əgər Qərbin sanksiyaları dərinləşəcəksə bu ölkədə imkan və resurslara malik nə qədər erməni varsa hamısı tək-tək Rusiyaya xəyanət edəcək.
Vardanyan milyardlar qazanmış adamdır, ağılsız deyil, o yaxşı anlayır ki, yaxın dövrlərdə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Bakı öz suveren hüquqlarını tam təmin edəcək. Bu mənada Xankəndi Vardanyan üçün biznesini Avropaya daşımaqdan ötrü uğurlu keçid məkanıdır. Təbii ki, indiki məqamda Moskvadan varidatını bir başa Qərbə daşıması Ruben üçün son olardı, amma Xankəndindən köç isə Qərbin separatizmə dəstək verən dairələrindən və erməni diasporundan yaşıl işıq almaq üçün ideal variantdır. Amma Ruben bir şeyi də düşünməlidir ki, 30 illik işğal və təcavüzə açıq dəstək verməklə o bizim üçün hərbi cinayətlərə imza atmış canidir. Eyni zamanda Beynəlxalq hüquqla tanınan ərazilərimizə iznsiz gəlməklə də o yeni bir cinayət törətmiş olur. İndi bütün bunların fonunda Qarabağ İqtisadi rayonuna gəlməklə o bizim güc strukturlarının işini asanlaşdırır, yəni artıq interpola müraciət edib, xaricdə onu axtarmadan öz ərazimizdə, Qarabağda əməliyyat tədbirləri ilə Vardanyanı ədalət mühakiməsinə təhvil verə biləcəyik”.