Varşavada Xaricdə Polşa Təhsili və Elminin 1-ci Ümumdünya Konqresi keçiriləcək

17:20 28.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyulun 5-dən 9-dək Polşa Prezidentinin xanımı Aqata Kornhauzer-Dudanın fəxri himayəsi ilə Varşavada Xaricdə Polşa Təhsili və Elminin 1-ci Ümumdünya Konqresi keçiriləcək.

Hafta.az-ın yazdığına görə, tədbirin əsas təşkilatçısı müqəddəs Maksimilian Maria Kolbe adına Polyak Dilinin İnkişafı İnstitutudur. Tədbirin həmtəşkilatçıları isə Baş nazirin dəftərxanası, Təhsil və Elm Nazirliyi, Xarici İşlər Nazirliyi, Xaricdə Polşa Təhsilinin İnkişafı Mərkəzi və Akademik Mübadilə üzrə Milli Agentlikdir.

Konqresin proqramı mədəni-maarif məzmunlu və təlim hissəsindən ibarət olacaq. Konqres boyunca müzakirə panelləri, elmi-populyar mühazirələr, didaktik seminarlar və metodik təlimlər təşkil ediləcək. Həmçinin Polşa elminin xaricdə inkişafı, Polşa diaspor təhsilinin bütün dünyada tanıtdırılması istiqamətində çalışan alim, pedaqoq və ekspertlərlə görüşlər keçiriləcək.

Xaricdə Polşa Təhsili və Elminin 1-ci Ümumdünya Konqresinin dəyəri dünyada Polşa təhsil ictimaiyyətinin qurulması, xaricdəki Polşa icmalarının inteqrasiyası, xaricdə çalışan müəllim və alimlərin təcrübə mübadiləsi, habelə xaricdəki müəllim və elm adamlarının təcrübə alış-verişi olacaq.

Təşkilatçı institut xaricdə Polşa təhsili və elmi üçün çalışan insanları - müəllimləri, Polşa diaspor təşkilatlarının rəhbərlərini və digər nümayəndələrini, polyak diasporunun təhsil müəssisələrinin şagirdlərinin valideynlərini, könüllüləri, strukturlarında dərsləri olan Polşadan kənar universitetlərin nümayəndələrini, təqaüdçüləri və sair Konqresdə iştiraka dəvət edir.

Tədbirdə iştirak etmək istəyənlər təşkilatçı qurumun saytında yerləşdirilmiş 19 sualdan ibarət sorğu cədvəlini doldurmalıdır.

Məlumat üçün qeyd edək ki, Konqresdə iştirak edəcək bütün qonaqlar 4 ulduzlu otldə iki nəfərlik otaqlarda yerləşdiriləcəklər. Onlara görüşlərdə, seminarlarda, turizm və təhsil paketində iştirak, dünyanın hər yerindən gəlmiş polyak müəllimlərlə əməkdaşlıq-şəbəkə qurmaq imkanı yaradılacaq.

Əlavə məlumat almaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

https://forms.orpeg.pl/index.php/797213?lang=pl&fbclid=IwAR1_q8L-3b6tqkdBorvzbVqcX_-YWyC1UiFfvtEXJeIja7BfZ-9zm2Nts2w