Venesuelada inflyasiya 234%-ə düşüb

12:52 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə Venesuelada inflyasiya 234% təşkil edib. Bu barədə bazar ertəsi Venesuela və Türkiyənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə vitse-prezidenti Delsi Rodriqes məlumat verib.

"2018-ci ildə inflyasiya səviyyəsi 130.000% idi və biz 2022-ci ili 234% ilə başa vururuq. Bizim üçün bu, sosial gündəmdə əsas amildir, çünki qiymət artımlarının insanların həyatına birbaşa təsir etdiyini bilirik" deyib Rodriges.

Noyabr ayından bəri Venesuela Mərkəzi Bankı inflyasiya ilə bağlı statistik məlumatları dərc etmir, son rəsmi məlumat oktyabrda qiymətlərin 6,2% artdığı vaxt olub. Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin yanvar ayının əvvəlindən oktyabrın sonunadək inflyasiya 119,4% təşkil edib.

Venesuela son illərdə yüksək inflyasiya, milli valyutanın devalvasiyası və zəruri malların qıtlığı ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. 2020-ci ildə qiymət artımı 2959,8%, 2021-ci ildə 686,4% təşkil edib. 2022-ci il yanvarın əvvəlində prezident Nikolas Maduro "Venesuela hiperinflyasiyadan çıxdığını" elan edib.