Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün gözlənilməz səfərlə İstanbula gəlib.
Hafta.az yazır ki, Venesuela hökumətinin açıqlamalarına görə, Rodrigez Hindistana beş günlük səfərdən sonra bazar günü gecəsi İstanbula gəlib. Səfərin Prezident Ərdoğanın dəvəti ilə baş tutduğu deyilir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Rodrigezi İstanbulda qarşıladığını açıqlayıb və iki liderin Dolmabahçe Sarayında görüşəcəyi bildirilib.
Türkiyə və Venesuela son illərdə müxtəlif sahələrdə, xüsusən də müdafiə, enerji, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq inkişaf etdiriblər. Ankara ilə Karakas arasında imzalanan müqavilələr iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsinə töhfə verib.
Prezident Ərdoğan əvvəllər Venesuelanın keçmiş liderləri Huqo Çaves və Nikolas Maduro ilə sıx münasibətlər qurmuşdu. Türkiyə ilə Venesuela arasında diplomatik əlaqələr son illərdə qarşılıqlı yüksək səviyyəli səfərlər vasitəsilə davam etdirilib.
Dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkələrindən olan Venesuela uzun illərdir iqtisadi böhran və istehsalın azalması ilə mübarizə aparır. Bu yaxınlarda Rodriges administrasiyasının enerji sektorunda özəl kapital üçün daha çox yer açacaq islahatlar üzərində işlədiyi bildirilib.