İyunun 8-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Vəkil Bürosu açılıb. Açılış mərasimində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvləri və büro əməkdaşları iştirak ediblər.
Hafta.az bölgə müxbiri xəbər verir ki, açılış mərasimi çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib.
Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov büro barədə ətraflı məlumat verərək bildirib ki, Culfa rayonunda fəaliyyətə başlayan ofis müasir standartlara uyğun qurulub, vəkillərin peşə fəaliyyətinin səmərəli təşkili üçün bütün zəruri infrastrukturla təmin edilib. Büroda həm vəkillərin fəaliyyəti, həm də vətəndaşların qəbulu üçün əlverişli şərait yaradılıb.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış mərasimində yeni büronun fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb və kollektivə uğurlar arzulayıb. Büronun fəaliyyətini hüquqi xidmətlərin əlçatanlığının artırılması baxımından mühüm addım kimi qiymətləndirən sədr son illərdə Kollegiya tərəfindən həyata keçirilən sistemli islahatlardan, vəkillik institutunun inkişafı istiqamətində görülən işlərdən, vəkillərin sayının artırılması və peşə hazırlığının gücləndirilməsi sahəsində əldə olunan nəticələrdən bəhs edib.
Anar Bağırov qeyd edib ki, hazırda ölkə üzrə 144 Vəkil Bürosu fəaliyyət göstərir və bu qurumların hər birində beynəlxalq standartlara uyğun iş şəraiti formalaşdırılıb. Bu isə vətəndaşların keyfiyyətli və əlçatan hüquqi yardım almasına geniş imkanlar yaradır.
Sədr diqqətə çatdırıb ki, respublika üzrə bütün vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi Kollegiyanın prioritet istiqamətlərindən biridir və bu sahədə ardıcıl tədbirlər davam etdirilir. Eyni zamanda, Anar Bağırov Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində son dövrlərdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu istiqamətdə əldə olunan uğurlar və gələcək inkişaf perspektivlərini xüsusi vurğulayıb.
Mərasim çərçivəsində vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb.