Vətən müharibəsi ilə bağlı neçə əsər yazılıb? - Açıqlama

15:55 05.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən bir ildə Azərbaycan Yazıçılar Birliyinin ayrı-ayrı üzvləri Vətən Müharibəsi ilə bağlı çoxsaylı əsərlər yazıb, kitablar çap etdiriblər. Bu barədə Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza hafta.az-a açıqlamasında bildirib.

Qurum rəsmisi həmçinin vurğulayıb ki, müharibədən sonra Yazıçılar Birliyi tərəfindən“Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” adlı kitab işıq üzü görüb:

“Çıxan kitablar olduqca çoxdur. Təbii olaraq hər birini sadalaya bilmərəm. Bilirsiniz ki, yazıçılar birliyinin çoxsaylı üzvləri var, təxminən 2000-ə yaxın. Bu 2000 nəfərin 150-si Vətən müharibəsi ilə bağlı kitab çıxarıbsa, təbii ki, bu kifayət qədər ciddi rəqəmlər olur. Yazıçılar Birliyi tərəfindən Anar müəllimin təşəbbüsü ilə müharibədən dərhal sonra çox dəyərli bir almonarx çap olundu. Bu da “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” adlı kitabdır. Bu yaxınlarda da Bakı Kitab Mərkəzində təqdimatı keçirildi. Eyni zamanda Bakı Ekspo mərkəzindəki sərgidə də təqdimatı keçirilib. Kitabda bir çox müəllifin Qarabağla bağlı yazdığı əsərləri çap olunub. Ayrı-ayrı müəlliflər də müharibə ilə bağlı müntəzəm olaraq müxtəlif əsərlər yazıb və çap etdirib”.

Qeyd edək ki, “Təhsil” nəşriyyatında çap edilən, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, “Ön söz” müəllifi və redaktoru isə Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir. Kitabın üz qabığındakı “Cıdır düzündə Azərbaycan bayrağı” rəsmi Xalq rəssamı Sakit Məmmədova məxsusdur

Oxunma sayı 94