Vəziyyət ciddiləşdi: Ukrayna prezidenti 24 saat vaxt verdi

10:10 15.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Qalanlar bizimlə olanlardır və bizdəndir. Artıqlar gedər, Ukraynanın əsl vətəndaşları isə qalar. Sizə 24 saat içində ölkəyə dönmək üçün vaxt verirəm. Əks halda haqqınızda ciddi qərarlar veriləcək və bilin ki, biz bunu mütləq edəcəyik!". 

Hafta.az-ın yazdığına görə, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenskiy Almaniyanın federal kansleri Olaf Soltsla Kiyevdə keçirdiyi görüşdən sonrakı brifinqdə, təhlükədən narahat olaraq xaricə getmiş və vətənə dönməyə tələsməyən millət vəkillərinə və iş adamlarına xitabən deyib.

Zelenskiy deyib ki, bu gün vəziyyətin sadəcə Ukraynada ciddi olduğunu düşünənlər yanılırlar, çünki bütün Avropa təhlükə ilə üz-üzədir. "Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi deməkdir. Cənab Kanslerlə "Şimal Axımı 2" layihəsinin risqləri barədə də danışdıq. Bunun geopolitik silah olduğunu anlayırıq, enerji təhlükəsizliyinə dair qəti təminat almaq istəyirik. Ukraynada bu gün Avropanın gələcək təhlükəsizliyinin bünövrəsi qurulur. Ukraynaya Avropadan veriləcək təhlükəsizlik, iqtisadi və enerji dəstəyi çox önəmlidir", - Zelenskiy deyib.

Dövlət başçısı qeyd edib ki, amma xarici dəstəkdən əvvəl ölkə vətəndaşlarının özləri xarici müdaxiləyə qarşı vətənlərini müdafiə etməlidirlər. Hansı ki, müdaxilə xəbəri çıxan kimi bir çox iş adamının, hətta millət vəkilinin özəl təyyarələrlə xaricə uçduqları haqda məlumatlar alıblar. Əgər onlar ən qısa vaxtda Ukraynaya dönməzlərsə, haqlarında cinayət işi açılacaq və ciddi cəza alacaqlar.