Viran edilmiş Ağdamda və ya xəyalət şəhərində bir gün (Reportaj)

18:20 16.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ağdama Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yollanmışdıq.  Agentliyin departament rəhbəri Rüstəm Əbülfətoğlu da bizə yol yoldaşıydı – mədəni, mehriban, istiqanlı. Bu yolçuluqda hamımızın bir məqəsdi vardı: 30 ildir xəyalımızda yaşatdığımız bu vətən torpağına baş çəkmək və oradan aldığımız təəssüratlarımızı geniş ictimaiyyətlə paylaşmaq...  

Təzəkəndin girişində, çala-çökək yolun üstündə post quran, yaz gününün yandırıb-yaxdığı, başlarında dəbilqə, əyinlərində zirehli gödəkçə, avtomatlarını sinələrinə sıxmış qarayanız polislərin nəzarətindən sonra xəyalət dünyasına ayaq basdım. Çox yox, cəmi iki yüz addım irəlidə dayanıb ətrafı süzdüm: yanımdakı hərbçilərdən başqa kimsə yox idi. Hə, bir də  az aralıda iki-üç asgər vardı – düşmənin torpağa basdırdığı minaları axtarırdılar. Yerini müəyyənləşdirir, sonra da partladırdılar ki, gələcəkdə insanlara təhlükə yaratmasın.

Qorxulu təmas xətti

Yolboyu bələdçimiz Zülfü müəllim – Zülfü Qasımovu deyirəm – danışırdı ki, yoldan bir barmaq kənara çıxmaq olmaz, çünki hər yerdə mina ola bilər - xüsusilə də vaxtilə düşmənin Azərbaycan əsgəri ilə üz-üzə dayandığı təmas xəttində. Buralarda o qədər səngər, tunel qazılmışdı, o qədər torpaq sədlər, baraklar qurulmuşdu ki... Hələ təmas xətti boyunca bir neçə sira uzanan, bir-birinə tikanlı məftillərlə sarılmış beton dirəklərdən ibarət hasarı demirəm. Zülfü müəllim deyir ki, səd kimi görünən həmin dirəklər vaxtilə ermənilərin öz aləmində mifə çevirdiyi, alınmaz qala hesab etdikləri “Ohanyan xəttidir”.  Bir neçə metr enində və 15 kilometr  uzunluğunda təmas səddini təşkil edən həmin xətt boyunca torpağa çalın-çarpaz mina döşənib.

Bir anlıq 44 günlük müharibəni xatırladım. Döyüşlər cənub cəbhəsi boyunca gedirdi, nədənsə indi dayandığım istiqamətdə – Ağdam cəbhəsində nisbi sakitlik idi. Görünür, ordu komandanlığı bu istiqamətdə itkilərin daha böyük olacağını hesablayıb, ona görə də erməniləri nisbətən az təhlükə gözlədikləri cinahdan qovmağa başlayıb.

Zülfü müəllimin səsinə diksinmiş kimi oldum - Allah Prezidentimizi qorusun, - deyirdi, çox uğurlu taktika seçdi bu torpaqları azad etmək üçün. İndi deyirik, üç min şəhidimiz var, amma Ağdamı döyüşlə geri qaytarsaydıq, otuz minə yüksələrdi ölü sayı.

Əvvəl yollar...  

İrəlidə dayanan bir dəstə hərbçiyə yaxınlaşdıq. Qarşı tərəfdə dayanan, dəbilqənin altından çallamış saçı görünən orta yaşlı hərbçi özünü təqdim etdi - ANAMA-nın Ağdam bölgəsi üzrə əməliyyat meneceri Ehtiram Cəfərov idi. Gördükləri işlərdən, hətta edə biləcəyimiz adi yanlışlıq üzündən bizi gözləyən  təhlükədən söz açdı. Xatırlatdı ki, otuz ildir işğal altında qalan bu rayonun ərazisi başdan-başa mina təhlükəsi saçır.

Neçə aydır ANAMA-nın 32 əməliyyat heyəti ilə burada torpağı minadan təmizləyirlər, amma işin nə ucudur, nə də sonu. Düşmən xəritəni vermir, bu səbəbdən də bütün hər yeri qarış-qarış yoxlamağa məcburdurlar ki, gələcəkdə insanlarımıza təhlükə qalmasın.

İlk olaraq Ağdama uzanan 33 kilometrlik dəmir yolu və 25 kilometrlik avtomobil yolunun, eləcə də elektrik xətlərinin keçdiyi əraziləri minalardan təmizləməyə çalışırlar. Hətta indiyədək dəmir yolu xəttindən 40 ədəd tank, 189 ədəd isə piyada əleyhinə mina tapılaraq zərərsizləşdiriblər. ANAMA-nın əməkdaşı deyir ki, yollar və enerji yenidənqurmanın təkanverici vasitələridir. Əgər bu yollardakı təhlükə götürülsə, bütün Ağdamın yenidən qurulması üçün yaşıl işıq yanar. Təəssüf ki, yanvarın əvvəlindən indiyədək bu işdə hələlik istədikləri nəticəni ala bilməyiblər. Səbəb də budur ki, xüsusilə keçmiş təmas xəttindəki hərbi mövqelərdə daha çox mina, digər partlamamış sursatlar mövcuddur. Həvəsdən düşmürlər, onları tapır, mümkün olmayanlar yerindəcə, mümkün olanlar isə ərazidən götürülərək başqa yerdə məhv edilib. Nəticə də budur ki, ilin əvvəlindən günümüzədək rayon ərazisində 146 ədəd tank, 189 ədəd piyada əleyhinə mina tapılaraq zərərsizləşdirilib. Allaha çox şükür ki, bütün bu əməliyyatlar zamanı əməkdaşlar arasında yaralananlar olsa da, ölüm-itim halı baş verməyib.

Hə, az sonra əvvəlcədən tapılmış bir neçə minanın partladılması hadisəsinə şahidlik də elədik.

Bombaların əsiri lalələr

Avtobus ləngər vura-vura Ağdamın ənginliklərinə doğru irəlilədikcə ətrafda gördüklərim məni dəhşətə gətirirdi. Tankların, raket qurğularının ətrafa səpələnmiş parçalanmış hissələri, beton istehkamlar, yolun hər iki ətrafında adamboyu yüksəklikdə uzanan, üstündə mişar daşından tikilmiş gözətçi qüllələri olan torpaq sədd, bəzən çalınçarpaz şəkildə qazılmış, təmas xətti boyunca kilometrlərlə uzanan dərin, içində maşınların və zirehli texnikanın sərbəst hərəkəti üçün nəzərdə tutulmuş yeraltı yollar, daha irəlidə isə, bayaq Zülfü müəllimin də dediyi kimi, 15 kilometr məsafədə uzanan “Ohanyan xətti” sadəcə “Döyüş atı” filmində gördüyüm dəhşətli epizodun gözlərim önündə canlı təzahürü idi.

Bir maraqlı məqam da vardı: ətraf düzənliyi yaşıl xalısına çevirən yaz otları arasından boylanan al-qırmızı lalələr adamı heyran edirdi. Yoldan keçən hər kəs, başqa vaxt olsaydı, mütləq bir qucaq ondan dərərdi. Amma yox, bu gözəlliyin altında qorxunc təhlükə - ölüm gizlənirdi. Sanki vurğunu olan insanlardan utanırmış kimi allanan lalələrin, kim bilir, bəlkə də kökündə yatmış, ermənilərdən miras qalmış minalar tələ yemini məhv etmək üçün fürsət gözləyirlər...

Ağdam şəhərinə doğru irəliləyirik... Yolun sağında çox böyük, keçmiş illərdə Azərbaycanda ad çıxarmış Baş Qərvənd kəndinin xarabalıqları diqqət çəkir. Bir vaxtlar şəhərtipli qəsəbə statusu almağa namizəd olan bu kəndin daş qalağına dönmüş mənzərəsi, sanki keçmişdə qazandığı şöhrətə xələl gəlməsindən utanırmış kimi, meşəyə dönən açacların içində gizlənməyə çalışırdı. Həqiqətən də, kənd ərazisində yayılmış yabanı ağac və kollar bütün kəndin mənzərəsini udmaq üzrədir.

Bir az irəlidə Ağdamın ən məşhur yerlərindən olan Uzundərə yerləşir. Üstündə dəmir yolu körpüsü tikilmiş dərənin bir sıra xatirələri var hər bir ağdamlının yaddaşında. Nə vaxtsa Ağdam şəhərinin bu yerlərədək genişlənəcəyini deyirdilər, amma mənfur düşmən imkan vermədi. Dərənin sol tərəfində SSRİ-nin Güney Qafqazda ən iri silah anbarlarından üçünün qalıqları nəzərə çarpır. İçinin silahları hara gedib, bilmək olmaz, bəlkə də Ağdamın işğal edilməsi üçün ermənilərə peşkəş edilib...

Xəyalət şəhəri

Təxminən, 50 küçədən ibarət Ağdam şəhərinə Tofiq İsmayılov prospektindən girib, işğaldan əvvəl qüllələr olmuş ərazidə dayandıq. İşğal gününədək 42 min insanın yaşadığı bu şəhərin daşı daş üstə qalmayıb. Sağ tərəfdə uşaq xəstəxanası, uşaq poliklinikası, doğum evinin qalıqları, sol tərəfdə isə vaxtilə hər biri beş mərtəbəli 11 binadan ibarət məhəllənin daş-beton qalağına çevrilmiş xarabalığı yerləşir. Xarabalığı birləşdirən iri – 6 metr eni, 3 metr dərinliyi olan kanal isə 30 ildir susuz yatağının yenidən dolub-daşacağını günü gözləməkdədir.

- Heç cür inanmırdım ki, Ağdamı görmək mənə nəsib olacaq, – səsi titrəyən Zülfü müəllim əli ilə sol tərəfdəki daş qalağına işarə edərək dilləndi.

Ətrafda ani səssizlik yarandı. Elə böyük dərd idi ki, qarşısında səs çıxarmağa aciz idik.

- Ermənilər yanıldılar, bizim torpaq sevgimizi başa düşməyiblər! – Özünə toxtaxlıq verən Zülfü müəllim sükutu pozdu. - Evimi sağ-salamat görə bilməsəm də, dağıntılarını, daşını-tozunu da olsa gördüm. Yerə düşmüş o daşın özündə də xatirəmiz yatır.

Viran edilmiş “İmarət”

İmarət adlanan məşhur ərazidəyik. Burada Pənahəli xanın vaxtilə yaşadığı və eyni zamanda, divanxanasının yerləşdiyi şəxsi saray kompleksi, eləcə də ölümündən sonra dəfn edildiyi türbəsi yerləşir. Həm də tək özünün yox, oğlu İbrahimxəlil xanın və nəvəsi Mehdiqulu xanın türbələri, eyni zamanda ailədən olan daha dörd nəfərin məzarı da buradadır. Xan qızı Xurşudbanu Natəvan da öz vəsiyyətinə əsasən İmarətdə - Pənahəli xanın türbəsinin lap yanında dəfn olunub. Vaxtilə Natəvanın məzarı üzərində iri mərmər abidə tikilibmiş, amma erməni vandallar onu tamamilə dağıdıblar.

Ümumiyyətlə, türbələrin ətrafında kiçik də olsa, qədim məzarlıq mövcuddur ki, ötən əsrin 60-70-ci illərinədək burada yerli hörmətdə işləyən ad-san sahibləri dəfn olunarmış. Sonradan burada yeni məzarların qazılması yasaqlanır.

Qəbiristanlıqdan aşağıda isə böyük meyvə bağı varmış, içində dadlı-tamlı narı, alması, armudu, cənnət ətirli heyvası, ənciri, üzümü – hər ağacdan əkilibmiş. Nə yazıq ki, ermənilər bu bağı da doğrayıb pula çevirib.

Bu arada, qaniçən ermənilər Pənahəli xanın yaşadığı saray otaqlarından birini yaşayış üçün, digərini quş hini, divanxananı isə tövlə kimi istifadə ediblər.

- 1982-ci ildən başlayaraq işğal gününədək burada üç dəfə Natəvan Qızlar Bayramı, 1989-cu ildə isə ilk dəfə Xarı Bülbül festivalı keçirilib. İmarətin geniş bağçasındakı 130-150 illik Xan çinarların hamısı doğranıb daşınıb, hansı ki, onların bəzilərini vaxtilə xan qızı Natəvan özü əkmişdi, - Zülfü müəllim təəssüfləndi.

“İmarət”dən ayrılıb şəhərin ətraf məhəlləsində yerləşən bircə dənə qərənfili quxulamaq, ya da bircə damla göz yaşına islanmaq həsrətilə 30 ildir haray çəkən qəbiristanlığa baş çəkdik. Qəbiristanlıq deyəndə ki, burada əvvəllər min, bəlkə də min beş yüz şəhid məzarı sıralanıbmış. Amma indi onların hər birinin yerində sadəcə qazılmış quyular var. İnsanlığın düşməni olan ermənilər bütün meyitləri qəbirlərdən çıxarıb məhv ediblər, ya da qəbirləri tamamilə dağıdıblar.

Cəsədləri oğurlanmış qəbirlər

Bura 1-ci Şəhidlər Xiyabanıdır. Məzarlıq Xocalı şəhidləri üçün salınıb, burada ilk vaxtlar beş yüzdən çox xocalı şəhidi dəfn edilib. Sonradan Qarabağın harasında kim şəhid olurdusa, gətirib bu məzarlıqda dəfn edirdilər. Amma bu gün onlardan heç biri qalmayıb, hamısını məhv ediblər, - Zülfü müəllim iki əli ilə başını tutdu.

Bir az irəli yeriyib, başdaşı yerinə üstündə şəkil və ad-soyad olan lövhə qoyulmuş, sinədaşı əvəzinə isə üstünə üçrəngli Azərbaycan bayrağı sərilmiş məzara yaxınlaşıb:

- Yeganə seçilən məzar Milli qəhrəman Allahverdi Bağırova məxsusdur, - dedi. - Onu da ona görə bilmək oldu ki, vaxtilə üzərində tikilmiş mərmər abidənin qırıntıları yerində qalmışdı. Qəbirləri dağıdıblar ki, azərbaycanlıların Ağdama qayıdış hislərini öldürsünlər, insanlar bu torpaqlara geri dönməsinlər, - səsini ucaltdı.

Məzarlıqdan söz düşmüşkən, Ağdam şəhərinin dağıntıları arasından çıxıb üzü günbatana – dağlara sarı yollandıq. Niyə, çünki orada Ağdamın ən böyük qəbiristanlığı - Qaraağacı məzarlığı yerləşir. Hazırda ermənilərin yaşadığı kəndlə təmas bölgəsində yerləşən Qaraağacı məzarlığı Ağdamdan Xocavəndə uzanan yolun hər iki tərəfində salınıb.

Yeri gəlmişkən, 1988-ci ildə Qarabağın ilk şəhidləri olmuş Əli Hacıyev və Bəxtiyar Quliyev məhz bu məzarlıqda dəfn olunub.

Olduqca böyük qəbiristanlıqdır. Nə yazıq ki, hazırda qəbiristanlığın ucqar kənarlarında yalnız bir-iki məzarın qalıqları görünür. Ermənilər bütün qəbirləri dağıdaraq ərazidə taxıl əkib. 

Yenidən Ağdamın mərkəzində qayıtdıq. Mərkəz deyəndə ki... Burada nə qalıb: Dram Teatrının tağlı sütunları, şəhərin iki mehmanxanasının, Partiya komitəsinin və digər inzibati binaların qalıqları, bir az solda isə məşhur iki minarəli Ağdam məscidinin zədəli binası.

Yalnız ağdamlılara məxsus

Ermənilər buradakı daşı-torpağı da apara bilərdilər, amma mərkəzdə kök salmış, ancaq ağdamlıların əli çata biləcək xatirələri isə qətiyyən silə bilməzdilər. İşğaladək məhz bu meydanda festivallar, paradlar keçirilər, konsertlər təşkil olunardı. Ən əsası isə ermənilər Qarabağın Ermənistana birləşdiyini elan edəndə bu mərkəz meydanında on minlərlə insan izdihama dönərək vətən torpağının parçalanmasına qarşı çıxdı. Məhz bu meydandan start götürən 60 minlik izdiham Xocavənd istiqamətində irəliləməyə başladı...

Məşhur Ağdam məscidinin önünə gəldim. Bərli-bəzəkli qoşa minarəsi zədələnsə də, vüqarla yerində dayanır Qapısından içəri boylandım: sakit, yarıqaranlıq, yumşaq xalılarsız qalmış daş döşəməsi ilə gələnlərə qoynunu açır. Yetər ki, qapısına gələn hər bir müsəlman bircə ağız dua oxusun, imkanı olan namaz qılsın, səcdədən cuşa gəlsin otuz ildir susmuş soyuq divarlar. Yumşaq xalılar, top mərmisinin dağıtdığı günbəzdən içəri süzülən gün şəfəqini əvəz edəcək bahalı çilçıraqlar, divarları bəzəyən rəngli üzlüklər – hər şey düzələcək, hamısının vaxtı var, bircə Allah evindən müsafirləri əskik olmamalıdır. Allah evinin bəzəyi elə ora gələnlərdir. Hansı ki, Ağdam məscidi məhz otuz ildir onların yolunu gözləməkdədir.

Yeganə dağıdılmamış qalamız...

Gün qüruba enirdi, Bakıya qayıdacağımız uzun yol bizi gözləyirdi. Odur ki, şəhərin xəyalətə dönən ənginliklərindən ayrılıb dağlara sarı istiqamətləndik. Budur, hündür təpədə kiçik də olsa, əzəmətli, düşmən tərəfindən dağıdılmamış yeganə tarixi tikilimiz olan Pənahəli xan qalası bizi özünə çağırır. Hazırda bürcündə üçrəngli Azərbaycan bayrağı dalğalanan bu qaladan ermənilər restoran-əyləncə mərkəzi kimi istifadə edirlərmiş. Hansı ki, indinin özündə də arxa otaqlardan birində vaxtilə burada sərgilənən yazılı və digər formalı erməni cızmaqaralarını döşəmədə qalaqlanmış görmək mümkündür.

Qala elə yerdə tikilib ki, bürclərdən baxanda Qarabağın dörd bir yanının mənzərəsi əl içi kimi görünür. Ən çox diqqətçəkən isə qalanın sağ yamacındakı kiçik dərədir. El arasında “Şahbulaq” adlanan bu yaşıllıqda müasir park salınıb, rəqs meydançası, restoran, uşaqlar üçün oyun yeri və sair mövcuddur. Bu gözəl guşəni daha gözəl edən bir cəhət isə burada qayaların dibindən süzülərək çıxan buz kimi saf sudur. Ətrafda topuğa qalxan yarpız, bir çoxlarının razyana kimi tanıdığı boyana bitkisinin ətri can alır.

Bir-iki ovuc dolusu su içib, yarpızların arasında uzanmaq elə gözəl an yaşatdı ki mənə. Hansı ki, mənfur düşmən otuz ildir bu anları yaşamaqdan məhrum etmişdi bizi...

Avtobus alatoranda Ağdamın xarabalıqları arasından uzaqlaşıb üzü Quzanlıya səmt almışdı.

...Hava qaralırdı. Oturduğum yerdəcə gözlərimi pəncərədən qaranlığın ənginliklərinə zilləyərək günün çox acı, amma sirli şəkildə həm də şirin görünən təəssüratlarını bircə-bircə xatırlamağa başladım... 

Oxunma sayı 5573