Son illər ölkəmizdə evlərin qiyməti kəskin dərəcədə bahalaşıb. Bu bahalaşma əksər insanların gəlirləri ilə uyğunsuzluq təşkil etdiyindən, Azərbaycanda şəxsi mənzilə sahib olmaq ildən-ilə çətinləşir. Belə bir vəziyyətdə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində və ona yaxın ərazi olan Masazır qəsəbəsində evlərin kütləvi şəkildə bazar qiymətindən nisbətən ucuz satışa çıxarılması müşahidə olunur.
Bəs görəsən, ümumiyyətlə, hazırda paytaxtın hansı əraziləri ev tikmək və ya almaq üçün daha sərfəlidir? Bəzi ərazilərdə evlərin bazar qiymətindən ucuz təklif edilməsinə səbəb nədir?
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən rieltor Mülkədar Rüstəmov deyir ki, insanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar: “İstər həyət evi olsun, istərsə də bina evi, əsas coğrafi məkan önəmlidir. İnsanlar ev alarkən onlar üçün prioritet olan məsələlərə diqqət yetirməyə çalışırlar. Əgər şəhərdən kənar ərazidən alıbsa, həmin qəsəbənin şəhərə çıxışının asan olub olmamasına diqqət etmək lazımdır. Məsələn, Xırdalan, Masazır ərazisi 5-10 il bundan əvvəl hər kəsin üstünlük verdiyi bir yer idi, yeni binalar tikilirdi, evlər ucuz idi. Amma hazırda Xırdalandan, Masazırdan Bakıya gəlmək tıxac zamanlarında saaatlarla vaxt çəkir. Vətəndaşlar daha çox özlərinə, öz işlərinə rahat gedib gəlmək üçün əlverişli olan ərazilərdə ev almağı üstün tuturlar”.
Ekspert qeyd edir ki, Bakıda əhalinin son 10 ildə çox ciddi məskunlaşdığı ərazilər də Xırdalan və Masazırdır. Onun sözlərinə görə, əslində hansı ərazilər istər ev, istərsə də torpaq almaq üçün münasibdirsə, həmin yerlər qiymət baxımından da baha olur: ”Biz əvvəllər müşahidə edirdik ki, əhali artıq həmin ərazilərə aktiv köçəndən sonra orada təklif sayı məhdudlaşdı, qiymət qalxdı, infrastruktur da inkişaf etdi. İndi isə biz bu ərazilərdə daha ucuz mənzillər təklif edildiyini müşahidə edirik. Səbəb də bu ərazilərin həddindən artıq yüklənməsidir. Bu yüklənmə mövcud infrastrukturla uzlaşmır və ona görə də artıq həmin ərazilərdə mənzillər daha ucuz qiymətlə təklif olunur”.
Onun sözlərinə görə, hazırda xüsusilə orta seqment əhali üçün ən əlverişli ərazilər Mehdiabad, Saray, Novxanı, Savalan istiqamətləri hesab olunur: “Əslində, bu ərazilərdə əhalinin bütün təbəqələri üçün uyğun torpaq sahələri və evlər mövcuddur. Həmin ərazilərdə infrastruktur da inkişaf edir. Mən ev almaq arzusunda olanlara tövsiyyə edərdim ki, torpağı alıb evi özləri tiksinlər. İndi tam mövsümüdür. Torpaq alıb ev tikmək hazır mənzil almaqdan qat-qat ucuz başa gəlir”.
Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, Xırdalandakı vəziyyət tıxac və digər faktorlardan daha çox evlərin sənədsiz olması ilə bağlıdır: “Ümumən deyə bilərəm ki, xüsusilə Xırdalan üçün evlərin bu cür ucuz və kütləvi satışı sırf tıxacla bağlı deyil. Bir müddət öncəyə qədər sənədsiz evlərin sənədləşirilməsi ilə bağlı yenilik gözlənilirdi. Hazırda bu proses yubandı. Bu qərar hələ ki qəbul olunmur. Xırdalandakı tendensiya da bu nüanslarla bağlı ola bilər. Azərbaycanda əhalinin, xüsusən mənzil alan şəxslərin yanaşma tərzi tamamilə fərqlidir”.
Ekspert Azərbaycanda ev məsələsinə yanaşmanın xaricdən fərqli olduğunu vurğulayır: “Müşahidələr göstərir ki, Azərbaycanda insanlar mənzil alarkən komunal infrastruktura ən axırıncı məsələ kimi baxır. Bizdə evlərə yaşayış yeri kimi baxılmır. Məsələn, avropalılar evə belə baxırsa, bizdə mənzil sahibi olmaq demək olar ki, vacibiyyat və həyat tərzidir. Hətta bizdə evi olmayan oğlana qız vermirlər. Bu nöqteyi-nəzərdən insanlar ev məsələsinə ciddi yanaşdıqlarından, sənədsiz evlərini satıb, hökmən sənədləri qaydasında olan ev almaq istəyirlər. Bu təkcə Xırdalanda deyil, paytaxtın bir sıra fərqli ərazilərində də belədir”.
Müşfiq