Bu gün müstəqil Xorvatiyanın beynəlxalq səviyyədə tanınmasının otuzuncu ildönümü qeyd olunur. Azərbaycanla da çox yaxşı əlaqələri olan Xorvatiya öz azadlığına heç də rahatlıqla qovuşmayıb – 15 yanvar tarixi bu xalqa çox böyük məhrumiyyətlər bahasına qismət olub.
Əvvəla, Xorvatiya xalqı I Dünya müharibəsindən və Avstriya-Macarıstan imperiyasının parçalanmasından sonra Qərb dünyasının bir hissəsinə çevrilib. Amma... II Dünya müharibəsindən sonra Yuqoslaviya federasiyasının subyektinə çevrilmiş Xorvatiya kommunist rejimi tərəfindən öz azad və demokratik dəyərlərindən məhrum edildi.

Azərbaycan Xalq Cümhuriyyətinin lideri olan Məmmədəmin Rəsulzadənin hələ 100 il öncə dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enməz. Xorvatiyanın da yuqoslav-serb boyunduruğundan çıxmasının vaxtı çatırdı. “Soyuq Müharibə”nin sonlanması və Mərkəzi Avropada demokratik dəyişiklik prosesində, 1990-cı ilin yazında Xorvatiyada ilk demokratik seçkilər keçirilir. Franko Tudjmanın rəhbəri olduğu Xorvatiya Demokratik İttifaqının seçkidə qazandığı qələbə xorvat xalqının istəklərini açıq şəkildə göstərdi: Xorvatiya xalqı suverenliyinin bərpasını istəyirdi. Təəssüf ki, Xorvatiyada baş verən demokratik dəyişikliyə müqavimət göstərən Serbiya rəhbərliyinin təcavüzkar millətçi ritorikası ilə iltihablanan serb milli azlığının bəzi üzvləri 1990-cı ilin yayında gizlincə silahlandırılaraq terrora və zorakılığa əl atdılar. Onlar xorvatlarla birgə yaşamadıqlarını bildirərək, yığcam yaşadıqları bölgələri qeyri-qanuni Serbiyaya birləşdirməyə cəhd göstərdilər. Yuqoslaviyanın timsalında kommunist Serbiyası da onları dəstəkliyirdi. Buna baxmayaraq, prezident F.Tudjmanın rəhbərlik etdiyi Xorvatiya siyasi rəhbərliyi təxribatlara uymadan məsələyə soyuqbaşla, səbrlə və demokratik tərzdə yanaşdı. Hətta ilk başda Yuqoslaviya respublikalarının suveren dövlətlər şəklində müttəfiq olmaları barədə təşəbbüs edildi. Ancaq bu təşəbbüs Yuqoslav Xalq Ordusunun ən üst komandanları və Serbiya rəhbərliyi tərəfindən mümkün həll yolu kimi qəbul edilmədi və onlar demokratik yolla seçilmiş Xorvatiya liderlərini devirmək üçün dəfələrlə cəhd göstərdilər. Bunu görən prezident Tudjman Xorvatiyanın gələcəyi ilə bağlı referendum keçirmək qərarına gəldi. 19 may 1991-ci ildə keçirilən referendum açıq şəkildə göstərdi ki, Xorvatiya vətəndaşlarının əksəriyyəti suverenliyin bərpası siyasətini dəstəkləyir. Beləliklə, 25 iyun 1991-ci ildə Xorvatiyanın müstəqilliyi elan edilir...

Bundan sonra xorvatların azadlıq qərarına Belqrad tərəfindən hərbi təcavüz başlayır. Ölkədəki serb azlıqları silahlandıran Belqrad, daha sonra Xorvatiya ilə sözün əsl mənasında müharibəyə başlayır. Nəticədə çox sayda insan itkiləri ilə yanaşı, neçə-neçə şəhər və kənd xarabaya çevrilir, minlərlə insan qaçqına çevrildi.
Belə bir durumda Xorvatiyanın üzləşdiyi müharibə Haaqa Sülh Konfransında müzakirəyə çıxarılır. Xorvatiyanın özünün də iştirak etdiyi prosesdə Serbiya tərəfi müstəqillik fikrini yaxına buraxmır, hər yolla öz istədiyinə nail olmağa çalışırdı. Amma nəhayətdə xorvatların azadlıq tələbi qəbul edildi.
Bu tarixi prosesdən sonra hərbi təcavüzün qurbanına çevrilmiş Xorvatiyaya beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstək verilməyə başlandı. İlk növbədə Avstriya, Macarıstan, Almaniya və İtaliya Xorvatiyanı tanıyır. Ardıyla da Ukrayna, Latviya, Estoniya, İslandiya, Almaniya, San Marino, Sloveniya və Litva xorvatların azadlıq çağırışına səs verib. Nəhayət, 22 may 1992-ci ildə Xorvatiya BMT-nin 178-ci üzvü olur.
Otuz il sonra azadlığa gedən çətin yol və bərpaolunmaz itkilərə baxmayaraq, Xorvatiya indi öz taleyini idarə edir, gələcəyə baxır. Xorvatiya 1995-ci ildən işğal altında olan ərazilərin böyük hissəsini azad edir, Tuna bölgəsini sülh yolu ilə geri qaytarır və bununla da öz ərazi bütövlüyünü bərpa edir. Bundan sonra da ərazilərin bərpası və yenidən qurulmasına start verilir ki, 100 minlərlə qaçqın öz ev-eşiklərinə dönə bilsinlər. Xorvatiya NATO-ya və Avropa İttifaqına üzv olub, Şengen İttifaqına və avrozonaya qoşulmaq üzrədir. Bu gün xorvat dili Avropa İttifaqının 24 rəsmi dilindən biridir və 2020-ci ildə Xorvatiya ilk dəfə Avropa İttifaqına prezidentlik edib, Rijeka isə eyni zamanda Avropanın Mədəniyyət Paytaxtı idi. Bu gün Xorvatiya etnik azlıqların üzvlərinin parlamentdə öz nümayəndələrinin olması ilə fəxr edə biləcək azsaylı Avropa demokratiyalarından biridir. Qərbi Avropa ölkələrinin iqtisadi inkişaf səviyyəsinə çatması üçün hələ çox iş görülsə də, Xorvatiya bu gün heç vaxt olmadığı qədər sürətlə inkişaf edir, yenilənir, daha çox xarici investisiya cəlb edir…

Xorvatiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 26-da qurulub. Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətləri 11 mart 2013-cü ildə imzalanmış strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsinə əsaslanır. Həmçinin, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq mövcuddur və mühüm strateji məsələlərdə qarşılıqlı olaraq dəstək göstərilir.
2016-cı ildə Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana, 2018-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi kimi qiymətləndirmək olar.
Azərbaycanın Xorvatiyada səfirliyi 2005-ci il oktyabrın 31-də təsis edilsə də, rəsmən fəaliyyətə 2011-ci ilin fevralda başlayıb. 2019-cu il sentyabrın 24-də isə Xorvatiyanın Bakı şəhərində səfirliyinin rəsmi açılışı olub.
Hazırda Azərbaycanın Xorvatiyada səfiri Fəxrəddin Qurbanov, Xorvatiyanın ölkəmizdə səfiri isə Branko Zebiçdir.
Milli Məclisdə 5 dekabr 2000-ci il tarixində Azərbaycan - Xorvatiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Hazırda qrupun rəhbəri millət vəkili Könül Nurullayevadır. Eyni zamanda, 2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri isə millət vəkili Ljubika Maksimçukdur.
Azərbaycan və Xorvatiya arasında 25 sənəd imzalanıb.