Yağış sularını necə toplayaq - Aktual

12:06 11.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünya su qıtlığı problemi ilə üz-üzə qalıb. Dörd milyard insan, yəni dünya əhalisinin, təxminən, üçdəikisi hər il, ən azı, bir ay ciddi su qıtlığı ilə üzləşir, iki milyarddan artıq insan su təchizatının qeyri-kafi olduğu ölkələrdə yaşayır. Proqnozlara görə, 2025-ci ilə qədər dünya əhalisinin yarısı su qıtlığı ilə üzləşən ərazilərdə yaşayacaq, 2030-cu ilədək 700 milyon əhali su qıtlığı ilə əlaqədar yaşadığı ərazini dəyişəcək. 2040-cı ilədək hər dörd uşaqdan biri su qıtlığı ilə üzləşərək bu problemin mövcud olduğu ərazilərdə yaşamış olacaq.

Qeyd edək ki, su qıtlığı problemi və mövcud sularının idarə edilməsi digər ölkələrlə yanaşı, Azərbaycan üçün də aktualdır. Ölkəmizdə su çatışmazlığından ən çox Kürətrafı rayonların əhalisi əziyyət çəkir. Əhali, xüsusən yay aylarında içməli sudan istifadədə, həmçinin kənd təsərrüfatında suvarma işində çətinliklərlə üzləşir. Hesablamalara görə, Azərbaycan adambaşına düşən suyun həcminə görə 90-cı yerdə qərarlaşıb. Su ehtiyatları baxımından isə dünyada 140-cı yerdəyik. Son 30 ildə Azərbaycanın su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər 15-20 faizə qədər azalacağı da ehtimal edilir. 
Son illər Kürdə suyun həcmi 27 faiz, Arazda 34 faiz, Samur çayında isə 21 faiz azalıb. Həmçinin digər çaylarda da suyun səviyyəsinin aşağı düşdüyü qeyd olunur. Mingəçevir su anbarında toplanmış suyun həcmi ötən illərlə müqayisədə artırılıb. 2023-cü ildə toplanmış suyun həcmi 10,3 milyard kubmetrdir. Hazırda ölkəmizin su ehtiyatı 25 milyard kubmetrdir, onun 16,5 milyardı yerüstü, 8,5 milyardı yeraltı su ehtiyatıdır. 16,5 milyard yerüstü suyun cəmi 5 milyardı ölkə daxilində formalaşır. Ölkəmizdə 140-dan çox su anbarı var ki, onların 61-i böyükdür və bir milyon kubmetrden çox su saxlamaq qabiliyyətinə malikdirlər.

Onu da bildirək ki, hər il ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri aparılır. Builki nəticələrə əsasən, qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub. Aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən, bu ilin aprel-iyun aylarında çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir.  

Bəs, görəsən, çayların gursululuq dövründə həmin suların ehtiyat olaraq yay mövsümü üçün toplanılması nə dərəcədə realdır? Bunun üçün ölkəmizdə şərait varmı?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycan ərazisində gursululuq yazın əvvəli, yayın sonu olur: “Çünki yağıntıların böyük qismi yazın sonu, yayın əvvəlində düşür. Təbii ki, həmin suları toplamaq mümkündür. Amma onun saxlanılması ilə bağlı problemlər yarana bilər. Xüsusilə içməli suyun özünün sanitar gigiyenik normaları var, onu müəyyən asılqanlardan, maddələrdən təmizləmək lazımdır. Elə maddələr var ki, biz onu görmürük, amma onlar bizim orqanizmə ziyan vura bilər. Ona görə də içməli su mənbələrimizin təmizliyinə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, Böyük Qafqazın cənub yamacında onlarca çay var ki, onların suları vaxtilə tərtəmiz, şəffaf idi. Eyni zamanda, Kiçik Qafqazın suları unikaldır. Hazırda Böyük Qafqaza nisbətən Kiçik Qafqazda sular daha təmizdir. Amma bir məsələ var ki, bu gün həmin çayların mənsəblərində çoxlu iaşə obyektləri fəaliyyət göstərirlər və onlar suyu korlayırlar. Bu sahədə biz tədqiqat aparmışıq. Həm Böyük, həm də Kiçik Qafqazdakı iaşə obyetlərinə ciddi nəzarət etmək lazımdır ki, onların atdığı tullantılar suya qarışmasın. Hesab edirəm ki, müəyyən ərazilərdə susaxlayıcı anbarlar tikilməlidir. Ölkəmizdə ümumi su həcmi 21,9 milyard kubmetr olmaqla irili-xırdalı 140 su anbarı mövcuddur. Onlardan ən böyüyü 16 milyardkubmetr su həcmi olan Mingəçevir su anbarıdır. Bu anbarlarda suyun saxlanma problemi var. Tutaq ki, su anbarlarını tikdik, gursululuq dövründə həmin anbarlar müxtəlif tullantılarla dolur. Bunun qarşısını xüsusi bəndlər və ya beton hissələrlə almaq mümkündür. Bu halda toplanan sular nisbətən daha təmiz olur. Biz həmişə təklif edirdik ki, Kürün suyundan istifadə birbaşa edən Kür-Araz ovalığında yaşayan əhaliyə Mingəçevirdən xüsusi borular vasitəsilə su çəkilsin və əhali içmək üçün həmin sudan istifadə etsin.  Kürün suyu olduqca çirklidir. Həmin suya limit də qoymaq olar. Dünyada israfçılığa yol verilməmək üçün bu təcrübədən istifadə edilir. Bu ərazilərdə Azərbaycan əhalisinin təxminən 25-30 faizi yaşayır. Onların təmiz içməli su ilə təminatı üçün bu addımdan istifadə oluna bilər”.

Mövzu ilə bağlı ekoloq İslam Mustafayev isə bildirib ki, son dövrlər bir tərəfdən qlobal iqlim dəyişmələri, digər tərəfdən də su istifadəçilərinin sayının, su itkisinin miqdarının artması problemlərə gətirib çıxarır: "Uzun illərdir ki, alimlər həyəcan təbili çalırlar. Ancaq təəssüf ki, elə də təsirli tədbirlər yoxdur. Bununla bağlı xüsusi proqramlar hazırlanmalıdır. Suyun hər damcısına, nə üçün istifadə edilir, harada itkiyə yol verilir, kim hansı məqsədlərlə götürür- bütün bunlara diqqət yetirilməlidir. Aydındır ki, təsərrüfat məqsədilə götürülür. Ancaq burada su itkisinə diqqətlə yanaşmaq lazımdır. Hazırda yağışlar yağır və Bununla bağlı suyun miqdarında artım özünü göstərəcək. Bu artan suyun sadəcə olaraq Xəzər dənizinə axıdılmasına yol vermək olmaz. Həmin suyun müəyyən həcmlərdə anbarlarda toplanması, sonradan onun səmərəli istifadəsinə diqqət yetirmək lazımdır. Bir sözlə, hazırda suyun hər damcısına diqqətlə, qayğı ilə yanaşılmasına ehtiyac var”.

Ekoloq deyib ki, bunun üçün bütün dünyada tətbiq olunan birgə istifadə proqramlarını hazırlanması ilə yanaşı, sutoplayıcı hövzələrdə qarın miqdarı hesablanmalı, su anbarlarının tutumları optimal şəraitdə doldurulmalıdır: “Elə doldurulmalıdır ki, həm yazda daşqınlar, həm də yayda su qıtlığı olmasın. Suyun idarə olunması böyük elmdir və onu öyrənərək tətbiq edib sudan istifadə edilməlidir. Ehtiyat və ehtiyacı hesablamaq lazımdır. İstənilən qədər su istifadə etmək olmaz. Mühüm məqamlardan biri də odur ki, kanalları dəyişmək lazımdır. İndiki kanallarla bağlı suyun itkiyə getdiyinin şahidi oluruq. Buna imkan vermək olmaz".