“Yapon jurnalistlər yüksək əmək intizamı ilə seçilirlər” - Vüqar Ağayev

14:20 31.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya coğrafi müstəvidə Azərbaycandan çox uzaqdadır. Özünəməxsus xarakteri, mədəniyyət və məişəti, həyata-gələcəyə baxışları, millət olaraq mühafizəkarlıqları ilə seçilən yaponlar dünyaya nə qədər inteqrasiya etsələr də, bir o qədər də sirlidirlər. Bu mənada, indiyədək olduğu kimi, gələcəkdə də Yaponiya və yapon milləti dünya xalqları tərəfindən öyrənilməkdə davam edəcək.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu uzaq Şərq dövləti ilə sıx münasibətlər qurmağa başlayıb. Ölkələrimizdə qarşılıqlı olaraq səfirliklər açılıb, insanlarımız arasında az da olsa gediş-gəliş yaranıb, iqtisadi-ticarət əlaqələrimiz gündən-günə inkişaf edir və sair. Dünyanın ən inkişaf etmiş üç-dörd ölkəsindən biri olan Yaponiya, Azərbaycanda müxtəlif layihələr əsasında bir çox sosial işlər görüb. Bütün bunları ictimaiyyətimiz görür və bilir. Bəs Yaponiyanın özündə vəziyyət necədir, insanların yüzillərə, minillərə söykənən yaşayış tərzi, mədəniyyəti, adət-ənənələri, müasir dövrümüzün tələbləri ilə ayaqlaşma bacarıqları necədir? Dünyanın istənilən ölkəsindən Yaponiyaya gələn əcnəbilərin buranın özünəməxsusluğuna öyrənməsi asandırmı, yoxsa çətindir və sair kimi məsələlərə aydınlıq gətirmək üçün uzun illərdir bu xalqla birlikdə yaşayan həmyerlimiz – AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevlə söhbətləşdik. Nə dedik, nədən danışdıq, gəlin, müsahibəni birlikdə oxuyaq:

- Koronovirus pandemiyası bütün dünyada olduğu kimi, burada da müəyyən məhdudiyyətlərin, qadağaların tətbiqinə səbəb olub. Yüksək əmək və icra intizamı ilə seçilən, milli mentaliteti ilə çoxlarına nümunə ola biləcək Yaponiyada koronavirusa qarşı mübarizənin təşkili, hökumətin bununla bağlı gördüyü tədbirlər barədə ötən ilin mayında qələmə aldığım və AZƏRTAC tərəfindən yayılmış “Yaponiya COVID-19 pandemiyasına necə qalib gəldi və ya ictimai düşüncə tərzinin bunda rolu” adlı analitik məqaləmdə geniş bəhs olunub. Təbii ki, məhsullarının bahalığı ilə seçilən Yaponiya kimi bir ölkədə yaşayan və çalışan zaman müəyyən çətinliklərlə qarşılaşırsan.  AZƏRTAC-ın digər əməkdaşları kimi, burada da Azərbaycan hökuməti tərəfindən ayrılan vəsait normal həyat üçün kifayət edir. Əgər Yaponiyanın insanların rahat yaşaması üçün çox yüksəksəviyyəli bir ölkə olduğunu nəzərə alsaq, demək olar ki, qarşıya çıxa biləcək çətinlikləri aradan qaldırmaq o qədər də ağır deyil.

- Orada işlərinizi necə qurursunuz, ölkədə baş verən olaylar barədə anındaca necə, kimdən məlumat alırsınız və sair?

- AZƏRTAC-ın Yaponiya bürosu bu ölkə ilə yanaşı, Avstraliya, İndoneziya, Malayziya, Filippin və Papua-Yeni Qvineya kimi ölkələri əhatə edir. Hər gün bu ölkələrin yerli mətbuatının monitorinqini aparmaq, müvafiq dövlət qurumlarının, xəbər agentliklərinin saytlarını diqqətlə izləmək tələb olunur. Beynəlxalq əhəmiyyətli agentlik olaraq, AZƏRTAC bu ölkələrdəki müvafiq səviyyəli xəbər agentlikləri sıx əlaqələrə malikdir. Yaponiyanın Kyodo və JIJI PRESS, İndoneziyanın ANTARA, Malayziyanın BERNAMA agentlikləri ilə qarşılıqlı əməkdaşlıq barədə sazişlərin mövcudluğu bu agentliklərlə əlaqələrin qurulmasına, informasiya mübadiləsinə mühüm təsir göstərir. Təbii ki, bu zaman Azərbaycan dövlətinin xarici siyasəti, dövlətlərarası münasibətlərin səviyyəsi nəzərə alınaraq qarşılıqlı maraq doğuran informasiyaların mübadiləsi aparılır. Bununla yanaşı, Yaponiyada Xarici İşlər Nazirlyinin nəzdində fəaliyyət göstərən Xarici Mətbuat Mərkəzi bizi maraqlandıran informasiyaların əldə edilməsinə, lazımi siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə mütəxəssislərlə görüşlərə, müsahibələrin götürülməsinə yaxından kömək edir. Bu məsələdə əhatə etdiyim ölkələrdə fəaliyyət göstərən səfirliklərimizin böyük əməyini xüsusi vurğulamaq istərdim. Məhz bu diplomatik nümayəndəliklər çalışdıqları ölkələrlə Azərbaycan arasında müxtəlif sahələrdə baş verən yenilikləri ictimailəşdirmək, Azərbaycan cəmiyyətinə çatdırmaq üçün bizimlə sıx əməkdaşlıq edirlər. Eyni zamanda, bu ölkələrdə olan diaspor təşkilatları ilə də sıx əlaqələrin qurulması lazımi informasiyaları əldə etməyə imkan yaradır.

- Yerli media mənsubları ilə güman ki, əlaqələriniz var. Azərbaycanlı jurnalistin nəzərində yaponiyalı müxbir olmaq nə deməkdir? Hansı özəl, müqayisəli tərəfləri göstərə bilərsiniz?

- Yaponiyada yerli media nümayəndələri ilə, xüsusən AZƏRTAC-la sıx əməkdaşlıq edən Kyodo və JIJI PRESS agentliklərinin əməkdaşları ilə yalnız həmkar yox, həm də dost münasibətlərimiz var. Bu agentliklərdə çalışan yüksək səviyyəli peşəkarlar həm qarşılıqlı informasiya mübadiləsində, həm də lazımi mövzularla bağlı materialların əldə olunmasında həmişə yardıma hazırdırlar. Ümumilikdə yanaşsaq, bütün digər yaponlar kimi, jurnalistlər də bu ölkədə yüksək icra və əmək intizamı ilə seçilirlər. Rəhbərliyin tapşırığına böyük hörmətlə yanaşır, heç vaxt yersiz mübahisələrə yol vermirlər. Bununla yanaşı, işdən sonra təşkil edilən mərasimlərdə isə çox mehriban, deyib-gülən, əylənməyi sevən insanlara çevrilirlər. Onlara ünvanlanan xahişə böyük diqqətlə yanaşır, hər cəhdlə onu yerinə yetirməyə çalışırlar. Təbii ki, biz də onların xahişlərinə böyük diqqətlə yanaşırıq və bu, aramızda böyük inam və ehtiram yaradır.

- Bu arada, medianın dövlət qurumlarından məlumatı anında alma, yaxud dəqiqləşdirmə prosesi necə tənzimlənir? Bilirsiniz, Azərbaycanda qanunlar qəbul olunsa da, məmurların jurnalistlərin sorğularını vaxtında və ümumiyyətlə cavablandırmasında böyük problemlər mövcuddur...

- Qeyd etdiyim kimi, Yaponiyada əcnəbi jurnalistlərlə işləyən xüsusi qurum – Xarici İşlər Nazirliyinin Xarici Mətbuat Mərkəzi var. Əgər siz bu qurumda akkreditasiyadan keçmisinizsə, çətinlik çəkmədən istənilən tədbirə qatıla, lazım olan məlumatları əldə edə bilərsiniz. Bu qurum ölkədə baş verən aktual məsələlərlə bağlı əcnəbi jurnalistlər üçün mətbuat konfransları təşkil edir, mütəxəssislərin sualları cavablandırmasına şərait yaradır. Bununla yanaşı, Xarici Mətbuat Mərkəzinin təşkil etdiyi pressturlar vasitəsilə Yaponiyanın bölgələrinə səfərlər edə, maraqlı sahələrin əməkdaşları ilə görüşmək olar. Bütün qurumlarda fəaliyyət göstərən mətbuat xidmətləri də bu işdə yaxından yardımçı olmağa həmişə hazırdırlar. Eyni zamanda, demək olar ki, bütün hökumət strukturlarında həftəlik mətbuat konfransları keçirilir. Nazirlər Kabinetinin Baş katibindən tutmuş, istənilən qurumun mətbuat xidmətinin rəhbərinədək bu tədbirlərdə çıxış edirlər və sualları cavablandırmağa hazırdırlar. Bu heç də jurnalistin istədiyi vaxtda yox, onların buna imkanları olduğu vaxtda baş verir. Yəni yaponlarda hər bir iş vahid plan üzrə aparılır, jurnalist kimdənsə müsahibə götürmək istəyirsə, bunu ona lazımi vaxtda bildirməsi tələb olunur. Ona görə də Yaponiyada “İstənilən şəxslə istənilən vaxt görüşə bilərsən” kimi anlayış yoxdur.

- Onu da soruşum: bu gün Azərbaycanda jurnalistlər üçün “Vahid kart sistemi”nin tətbiq edilməsi məsələsi müzakirə edilir. Əlbəttə, bu, el dili ilə desək, reketçiliyin, eləcə də daxildən və hətta xaricdən maliyyələşdirilərək jurnalistlərə təsir edilməsinin qarşısını almaq üçün edilir. Qardaş Türkiyədə artıq tətbiq edilir. Bəs Yaponiya mediasında durum necədir, jurnalistlər redaksiyanın verdiyi kartla çalışır, yoxsa orda da “Vahid kart” və ya bənzər prosedur tətbiq edilir?

- Bilirsiniz, Yaponiya əsrlərlə tarixi olan dövlətdir. Burada demək olar ki, bütün sistem uzun tarixi dövr keçib, əldə edilən böyük təcrübə nəsildən-nəsilə ötürülüb. Yəni istənilən sahə məhz bu sahəyə məxsus qanun və qaydalarla idarə olunur. Eyni zamanda da mətbuat və jurnalistika. İstənilən dialoq mövcud etik normalar çərçivəsində aparılır, heç kim öz səlahiyyətlərindən sui-istifadəyə yol vermir. Belə hallar olduqda isə onun qarşısı cəmiyyətin özü tərəfindən alınır. Kart məsələsinə gəlincə, Yaponiyada, ilk növbədə, şəxsi biznes kartınıza üstünlük verirlər. Yəni həmin kartda lazımi məlumatlar – iş yeri, ünvan, telefon nömrəsi, elektron ünvan, işlədiyiniz şirkərin saytının linki varsa, heç kim iş vəsiqənizi tələb etmir. Bu həm də onların sonradan sizinlə əlaqə vasitəsi kimi qəbul edilir. Bu, o deməkdir ki, həmin şirkətin tədbirlərinə bir dəfə qatılmısınızsa, istəməsəniz belə, o təşkilat öz presrelizlərini, tədbirlərə dəvət və bu tədbirlər barədə məlumatları sizə göndərəcək.

- Öncədən soruşmadım, neçə vaxtdır oradasınız? Yapon cəmiyyətində Azərbaycan barədə nə bilirlər, ölkəmizə münasibət necədir?

- 2011-ci ilin mayından Yaponiyadayam, bu il düz 10 il tamam olur. Gəldiyim ilk vaxtlardan fərqli olaraq, deyə bilərəm ki, bu gün Yaponiyada Azərbaycana böyük maraq var. Təbii ki, adi insanlardan fərqli olaraq ictimai-siyasi xadimlər, biznes dairələrinin nümayəndələri, alim-tədqiqatçılar və media nümayəndələri ölkəmizi daha yaxşı tanıyırlar. Qeyd edim ki, bütün dünyada yaponlar yaxşı səyyahlar kimi tanınıblar. Azərbaycanın son dövrdə qazandığı uğurlar, sürətli inkişaf, müasir infrastruktur, qədim və zəngin mədəniyyət, xüsusi tamı ilə seçilən mətbəximiz yaponların diqqətini cəlb edib. Təəssüf ki, son iki ildə koronavirus pandemiyası səbəbindən ölkəmizə səfər edənlərin sayı xeyli azalıb. Amma buna baxmayaraq, Azərbaycan mövzusu yerli mətbuatda aktuallığını saxlayıb. Buna ilk və böyük səbəb kimi ötən ilin payızında başlayan və şanlı ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsini göstərmək olar. Yaponiya hökuməti Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və ötən il baş verən hadisələri də burada böyük diqqətlə izləyirdilər. Bununla əlaqədar yapon ictimai-siyasi xadimlərdən, diplomatlardan, alimlərdən aldığım müsahibələrdə bu ölkədə xalqımızın haqq işinin dəstəkləndiyi aydın şəkildə hiss olunur.

- Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri gedir. Sizin də bildiyiniz kimi, Türkiyə, Pakistan, İsrail və İtaliya şirkətləri azad edilmiş bölgələrimizin tezliklə canlandırılması işində Azərbaycanla birlikdə çalışırlar. Bəlkə sizdə məlumat ola: Yaponiya bərpa-tikinti işlərində maraqlıdırmı və ümumiyyətlə, Azərbaycan tərəfindən onlara dəvət varmı bu layihələrdə iştirak üçün?

- Yaponiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə böyük maraqla qatıldığını qeyd etmək istərdim. Bildiyiniz kimi, Yaponiyanın TEPSCO şirkəti Energetika Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının yaradılması layihəsində iştirak edəcək. Hazırda digər layihələrlə də bağlı Yaponiya tərəfi ilə müzakirələr aparılır. Bununla yanaşı, Azərbaycanla Yaponiya arasında bir çox sahələrdə davam edən əməkdaşlıq ölkəmizin burada daha yaxşı tanınmasına şərait yaradıb. Bu gün Azərbaycan şərabları, balı, narı, nar şirəsi və digər məhsullar Yaponiya bazarında özünə yer qazanıb. Həmçinin idman sahəsində əməkdaşlıq, bizim idmançıların yapon klublarında, yaponların isə Azərbaycanda iştirakı qarşılıqlı əlaqələrin ən gözəl nümunəsidir. Tanınmış peşəkar futbolçu Keysuke Hondanın “Neftçi”nin tərkibində Azərbaycan çempionu olması, demək olar ki, son günlər bütün Yaponiya mətbuatının ən populyar mövzusuna çevrilmişdi.

- Yaponiya deyəndə ani olaraq gözlərimizdə ən müasir, gələcək nəsil elektron məhsullar, avtomobillər və sair canlanır. Bugünki gündə şəxsən sizin fikrinizcə, Yaponiyanın hansı uğurundan faydalanmaq Azərbaycanı daha da irəli götürərdi?

- Yaponiyada yaşadığım dövrdə bu xalqın bir çox gözəl xüsusiyyətlərinin şahidi olmuşam. Yüksək mədəniyyət, qarşılıqlı hörmət, zəhmətsevərlik, təmizlik və səliqə-sahman, böyük və kiçik münasibətləri, çalışdıqları sahəyə məhəbbət və sair. Bunların arasında, yaponların zəhmətsevərliyini xüsusi qeyd etmək istərdim. Qazandıqları böyük inkişafın da kökündə, fikrimcə, məhz zəhmətsevərlikləri dayanır. Eyni zamanda, bütün dünyanı diqqətlə izləyən yaponlar maraqlı nə varsa onu öz ölkələrinə gətirməyə çalışırlar. Bu yeniliklər istənilən sahədə ola bilər. Yəni siz Tokioya gəlsəniz, burada həm Parisdəki məşhur “Eyfel” qülləsinin, həm Nyu-Yorkdakı “Azadlıq” abidəsinin, həm də Londondakı məşhur “Gherkin” binasının qismən fərqli bənzərlərini tapa bilərsiniz. Eyni zamanda, məşhur həmyerlimiz Lütfizadə ilə yaponların tanışlığı da onların dünyanın qəribə ideyalarına olan marağı nəticəsində baş verib. Məşhur alimimizin qeyri-səlis məntiq nəzəriyyəsi barədə məlumata məhz yaponlar ilkin olaraq maraq göstəriblər. Bu nəzəriyyədən istifadə edərək bu gün bir çox yapon məhsullarını beynəlxalq brendlərə çevirən texnologiyalar yaradıblar.

Hazırda biz dünyanın ölkəmizə olan marağı ilə yanaşı, Azərbaycanın da dünyaya diqqətlə baxmasının, onun üstün cəhətlərini öyrənməsinin şahidiyik. Çoxsaylı gənclərimiz dünyanın məşhur universitetlerində qabaqcıl elm sahələrini öyrənirlər. Bu isə qətiyyətlə deməyə imkan verir ki, Azərbaycan da tezliklə dünyanın inkişaf etmiş ölkələri sırasında öz yerini tutacaq. Yaponların digər üstün cəhəti kimi isə, onların yaratdıqlarına böyük qayğısını, diqqətini qeyd etmək istərdim. Yəni Yaponiyada yaradılan istənilən obyekt daim diqqətdə saxlanılır, onun gözəlliyi qorunur, ehtiyac yarandıqda bərpa və təmir edilir.

- Bu arada, 44 günlük Vətən müharibəsi dövründə Yaponiyanın mövqeyi necə idi, mən şəxsən onlardan nə xeyrimizə, nə də əleyhimizə bir münasibət eşitmədim...

- Yaponiya bu gün Azərbaycanın yaxın tərəfdaşlarından biri, bizə dost ölkədir. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib. Azərbaycan Xarici İşlər nazirinin 2009-cu ildə Tokioya rəsmi səfəri zamanı qəbul edilən birgə bəyannamədə də bu əksini tapıb. Bununla yanaşı, Vətən müharibəsi vaxtı müsahibə götürdüyüm Yaponiyanın Azərbaycandakı sabiq səfiri Toşiyuki Fucivara, Keyo universitetinin professoru xanım Yoko Hirose, Tokio Universitetinin professoru Akita Matsunaqa və digərləri xalqımızın haqq işini dəstəklədiklərini, Ermənistanın işğal etdiyi əraziləri tərk etməsinin zəruriliyini bildiriblər. Yaponiya mətbuatı da mövzunu daim diqqətdə saxlayıb. Populyar “Nikkey” qəzeti, NHK telekanalı, Kyodo və JIJI PRESS kimi nüfuzlu agentliklər bu mövzuda gündəlik məlumatlar yayıblar. Eyni zamanda, Yaponiyadakı sosial şəbəkələrdə həm Azərbaycanın dostu olan yaponlar, həm də diasporumuzun fəalları tərəfindən müharibənin gedişi, ordumuzun qələbələri barədə məlumatlar yerləşdirilib.

- Azad edilmiş bölgələrimizdə “ağıllı şəhər” və ya “ağıllı kənd” proqramları icra edilməkdədir. Bildiyim qədər bu cür layihələr Yaponiyada artıq həyata keçirilməkdədir. Olmusunuzmu belə yaşayış məntəqələrində, Azərbaycanda da bu cür layihələrin icra olunması sizcə nə kimi üstünlüklər ver bilər ölkəmizə?

- Yaponiyada nəinki “ağıllı yaşayış məntəqələri”, hətta “ağıllı məişət texnikaları” da var. Məsələn, evdə işlətdiyiniz qaz sobası təhlükə yarandığı vaxt özü sönür və siqnal verərək bu barədə xəbərdarlıq edir. Eyni zamanda, belə ütülər, qapısı açıq qaldıqda sahibini çağıran soyuducular, televizorlar və sair artıq Yaponiyada günün reallığıdır. Təbii ki, belə şirkətlər ölkəmizdə həyata keçiriləcək müvafiq layihələrə artıq maraq göstərirlər, bu istiqamətdə müvafiq qurumlarla danışıqlar aparılır. Həmin müqavilələr imzalandıqca, bu barədə ictimaiyyətə lazımi məlumatlar mütləq çatdırılacaq.

Oxunma sayı 5073
Siyasət rubrikasından digər xəbərlər