Yaponiyada turist problemi: İkili qiymət planlaşdırılır

09:25 25.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyadakı bizneslər turistlərə fərqli qiymətlər tətbiq etməyi düşünür. Yapon yeninin ucuzlaşması və turist axını ilə əlaqədar olaraq, biznes qurumları xarici turistlərə və əhaliyə ikili qiymət tətbiq etməyi planlaşdırır.

Hafta.az-ın “Kyodo News”a istinadən yazdığına görə, ölkənin ikinci böyük adası olan Hokkaydodakı turizm assosiasiyası qış tətili üçün xüsusilə üstünlük verilən əyalətdəki biznes qurumlarını turistlərə alış-veriş üçün daha yüksək qiymətlər tətbiq etməyə çağırıb.

Yaponiyanın qərbindəki Himeji Bələdiyyəsi də ötən ay verdiyi açıqlamada UNESCO-nun Dünya İrs siyahısında olan 17-ci əsrdən qalma Himeji qalasına xarici turistlər üçün giriş haqqının ən az 4 dəfə artırılmasının planlaşdırıldığını açıqlamışdı.

Bu ilin birinci yarısında Yaponiyaya təxminən 17,78 milyon turist səfər edib. Bu rekord rəqəmin əksəriyyəti Cənubi Koreya, Çin, Tayvan və ABŞ-dan gələnlərdir.

Osaka prefekturası həmçinin həddindən artıq turizmə qarşı çıxmaq üçün xarici ziyarətçilərdən əlavə vergilər tutmağı düşünür. Səlahiyyətlilər bunun 2025-ci ildə Osakada keçiriləcək EXPO Sərgisindən əvvəl qüvvəyə minə biləcəyini bildirir.

Digər tərəfdən paytaxt Tokioda bir restoran aprel ayından ikili qiymət tətbiq edir.

Tamatebako adlı dəniz məhsulları restoranı xarici turistlərdən həftə içi hər gün açıq bufet üçün 7678 yen (təxminən 85 manat) alır. Hansı ki, Yaponiyada yaşayanlar üçün qiymət 6578 yendir (təxminən 73 manat).

Yaponiyanın kooperativ xəbər agentliyi “Kyodo News”a danışan iş sahibi Şoqo Yonemitsu qiymət tətbiqi ilə bağlı bunları söyləyib: “Yapondilli vətəndaşlar və ingilisdilli xüsusi xidmətə ehtiyacı olan xarici turistlər üçün eyni menyu qiymətini necə təyin edə bilərik?”.

Fevralda Loyalty Marketing araşdırma şirkəti tərəfindən dərc edilən sorğuda iştirakçıların təxminən 60 faizi ikili qiymətlərin düzgün olduğunu bildirib. Bununla belə, Kokugakuin Universitetindən Tomoya Umekava ikili qiymət siyasətinin diqqətlə müəyyən edilməsi lazım olduğuna diqqət çəkərək deyib: “Yapon yenindəki enişdən sonra əcnəbilərin ödəyə biləcəyi dar büdcəli yanaşma ilə qiymətlərin qəfil dəyişməsi problem yarada bilər”.