Yaşıl Enerji Dəhlizi layihəsində mühüm irəliləyiş əldə olunub

16:10 12.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın “Evenimentul Zilei” nəşri yazır ki, Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində mühüm mərhələ başa çatıb. Nəşrin məlumatına görə, layihənin texniki-iqtisadi əsaslandırması tamamlanıb ki, bu da Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutan strateji təşəbbüsün reallaşdırılması üçün vacib addım hesab olunur.

Məqalədə bildirilir ki, Bakıda keçirilən Yaşıl Enerji Dəhlizi üzrə nazirlərin görüşündə layihənin növbəti mərhələləri müzakirə edilib. Tədbirdə iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare bildirib ki, layihə Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən birinə çevrilib. Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırmanın tamamlanması layihənin praktik icrasına doğru atılmış mühüm addımdır.

“Evenimentul Zilei” yazır ki, layihə Xəzər regionunda, ilk növbədə Azərbaycanda istehsal olunan elektrik enerjisinin Qara dənizin dibi ilə çəkiləcək yüksək gərginlikli kabel vasitəsilə Rumıniyaya, oradan isə Avropanın digər ölkələrinə ötürülməsini nəzərdə tutur. Bu təşəbbüs Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və yaşıl keçid strategiyasının mühüm elementlərindən hesab edilir.

Nəşr qeyd edir ki, Vasile Soare uzun illər Rumıniyanın Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafında iştirak etdiyini xatırladaraq, Yaşıl Enerji Dəhlizinin iki ölkə arasında əməkdaşlığın ən perspektivli layihələrindən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüs təkcə enerji sahəsində deyil, həm də Avropa ilə Xəzər regionu arasında uzunmüddətli iqtisadi və geosiyasi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

Məqalədə vurğulanır ki, layihənin həyata keçirilməsi nəticəsində gələcəkdə Azərbaycanda istehsal olunan yaşıl enerjinin Rumıniya vasitəsilə Avropa enerji bazarına ixracı mümkün olacaq. Bu isə həm Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.