İlin əvvəlində rekord həddə yüksələn qızıl qiymətləri son aylarda nəzərəçarpacaq dərəcədə ucuzlaşıb. Bir vaxtlar investorların əsas “təhlükəsiz limanı” hesab olunan qiymətli metal hazırda ciddi korreksiya mərhələsindən keçir. Bununla belə, analitiklər bu enişi uzunmüddətli trendin sonu deyil, bazarın tarazlaşması kimi qiymətləndirirlər.2026-cı ilin yanvarında qızılın bir unsiyasının qiyməti 5 500 dollardan yuxarı qalxaraq tarixi rekord yeniləmişdi. Hazırda isə qiymətlər həmin zirvədən təxminən 25-26 faiz aşağı səviyyədədir və 4 100 dollar ətrafında ticarət olunur.
Mütəxəssislər hesab edirlər ki, bu qədər qısa müddətdə baş verən ucuzlaşmanın arxasında bir neçə mühüm amil dayanır. Ən vacib səbəblərdən biri ABŞ-də pul-kredit siyasəti ilə bağlı gözləntilərin dəyişməsidir. İnvestorlar əvvəlcə faiz dərəcələrinin endiriləcəyini gözləsələr də, inflyasiya risklərinin yenidən artması bu proqnozları dəyişib. Faizlərin yüksək qalacağı ehtimalı gücləndikcə gəlir gətirməyən aktiv olan qızıla maraq zəifləyib. Əvəzində investorlar istiqraz və digər gəlirli maliyyə alətlərinə üstünlük verməyə başlayıblar.
Digər mühüm faktor ABŞ dollarının möhkəmlənməsidir. Dollar bahalaşdıqca qızıl xarici alıcılar üçün daha baha başa gəlir və qlobal tələb zəifləyir. Tarixən də dollarla qızıl arasında əks istiqamətli əlaqə müşahidə olunur. Ekspertlər bildirirlər ki, ilin əvvəlində qiymətlərin rekord həddə çatması fonunda bazarda spekulyativ alışlar da xeyli artmışdı. İndi isə həmin investorların böyük hissəsi mənfəəti reallaşdırmaq üçün satışa üstünlük verir. Bu da qiymətlər üzərində əlavə təzyiq yaradır.
Dünya Qızıl Şurasının son hesabatına görə, hazırkı qiymətlər artıq makroiqtisadi şəraitə böyük ölçüdə uyğunlaşmağa başlayıb. Hesabatda bildirilir ki, iqtisadi artımın sabit qalması, inflyasiyanın tədricən səngiməsi və mərkəzi bankların ehtiyatlı siyasəti fonunda qızılın yaxın aylarda daha çox dar qiymət diapazonunda hərəkət etməsi gözlənilir. Bununla yanaşı, analitiklər hesab edirlər ki, qlobal geosiyasi risklərin yenidən artması, iqtisadi qeyri-müəyyənliyin güclənməsi və ya mərkəzi bankların faiz endirimlərinə başlaması qızılı yenidən bahalaşdıra bilər. Belə dövrlərdə investorlar yenidən “təhlükəsiz liman” aktivlərinə üz tuturlar.
Digər tərəfdən, mərkəzi bankların qızıl alışları da bazar üçün mühüm dəstək olaraq qalır. Son illərdə bir çox ölkənin mərkəzi bankları ehtiyatlarını diversifikasiya etmək məqsədilə böyük həcmdə qızıl almağa davam edir. Dünya Qızıl Şurası hesab edir ki, qiymətlər daha da aşağı düşərsə, həm mərkəzi banklar, həm də fiziki alıcılar bazara daha aktiv daxil ola bilər ki, bu da enişin dərinləşməsinin qarşısını ala bilər.
Nəticə etibarilə, son aylardakı ucuzlaşma qızıl bazarında uzun sürən bahalaşmadan sonra baş verən təbii korreksiya kimi qiymətləndirilir. Qısa müddətdə qiymətlər üzərində təzyiq qalmaqda davam etsə də, qlobal iqtisadi və geosiyasi risklər tam aradan qalxmadığı üçün qızılın strateji investisiya aləti kimi əhəmiyyəti hələ də yüksək olaraq qalır. Bir çox beynəlxalq analitik hesab edir ki, bazarın növbəti istiqaməti əsasən ABŞ Mərkəzi Bankının faiz qərarlarından, dolların dinamikasından və dünya iqtisadiyyatındakı risklərin səviyyəsindən asılı olacaq.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, qızılın ucuzlaşması bu ilin əvvəlindən müşahidə olunur və bunun əsas səbəblərindən biri qlobal bazarlarda dəyişən gözləntilərdir. Onun sözlərinə görə, müharibələrin təsiri ilə neftin qiymətinin kəskin bahalaşması dünya üzrə inflyasiya risklərini artırıb.
“Qızılın qiyməti neftdən birbaşa asılı deyil. Lakin neft bahalaşdıqca istehsal və daşınma xərcləri artır, nəticədə inflyasiya təzyiqləri güclənir. İnflyasiya yüksəldikdə isə mərkəzi banklar, xüsusilə ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini artırmağa və ya yüksək səviyyədə saxlamağa üstünlük verir”, – deyə iqtisadçı bildirib.
X.Kərimlinin sözlərinə görə, məhz bu amil qızıl bazarına birbaşa təsir göstərir. Çünki qızıl faiz və ya dividend gətirən investisiya aləti deyil. Faiz gəlirləri yüksəldikcə investorlar vəsaitlərini istiqrazlar və digər gəlirli aktivlərə yönəldirlər ki, bu da qızıla tələbatı azaldır.
İqtisadçı qeyd edib ki, son həftələrdə ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimlərini yaxın dövrdə həyata keçirməyəcəyi barədə açıqlamaları da qızılın qiymətinə əlavə təzyiq göstərib.
Onun fikrincə, neft qiymətləri əvvəlki pik səviyyədən geri çəkilsə də, hələ də yüksək olaraq qalır və qlobal inflyasiyanın yaxın dövrdə ciddi şəkildə azalacağına dair bazarlarda güclü gözlənti formalaşmayıb.
“Bu səbəbdən hazırkı mərhələdə həm bahalaşma, həm də ucuzlaşma ehtimalı qalır. Qızıl bazarı qlobal siyasi və iqtisadi xəbərlərə çox həssasdır və istənilən mühüm hadisə qiymətlərin istiqamətini dəyişə bilər”, – deyə o vurğulayıb.
X.Kərimli xatırladır ki, son illərdə geosiyasi gərginlik, müharibələr və sanksiyalar fonunda bir sıra ölkələr qızıl ehtiyatlarını əhəmiyyətli dərəcədə artırıblar.
“Çin, Hindistan, Rusiya, Braziliya, Türkiyə və Azərbaycan kimi ölkələr ehtiyatlarını diversifikasiya etmək, dolların mümkün dəyər itkisi və sanksiya risklərindən qorunmaq məqsədilə qızıl alışlarını artırmışdılar. Hazırda isə vəziyyət müəyyən qədər dəyişib. Dollar möhkəmlənib, avroya nisbətdə də güclənib. Qızıl dollarla qiymətləndirildiyi üçün bu proses onun qiymətinin aşağı düşməsinə təsir göstərir”, – deyə iqtisadçı bildirib.
Bununla yanaşı, o hesab edir ki, uzunmüddətli perspektivdə qızılın mövqeyi hələ də güclü olaraq qalır.
“Bir çox beynəlxalq analitik şirkət qızılın fundamental göstəricilərinin sağlam olduğunu bildirir. Hazırda qiymətlərin uzunmüddətli və davamlı enişini şərtləndirəcək ciddi səbəblər görünmür”, – deyə X.Kərimli əlavə edib.