Vahid platforma vaxta qənaət, əlçatanlığın artırılması və xidmətlərin daha operativ göstərilməsi deməkdir
Proseslərin tam rəqəmsallaşması idarəetmədə şəffaflığı kəskin artıraraq Azərbaycanın beynəlxalq elektron hökumət reytinqlərindəki rəqabətədavamlı mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldir
Nəticə etibarilə Azərbaycan dünyada gedən sürətli rəqəmsal inkişaf prosesinin ayrılmaz hissəsinə çevriləcək
Son illər Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi ardıcıl şəkildə inkişaf etdirilir. Dövlət xidmətlərinin elektronlaşdırılması, rəqəmsal platformaların genişləndirilməsi, innovasiya ekosisteminin formalaşdırılması və kibertəhlükəsizlik sahəsində həyata keçirilən islahatlar ölkənin yeni inkişaf modelinin mühüm tərkib hissəsinə çevrilib. Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” qarşıdakı 3 il ərzində ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və strateji hədəfləri müəyyən edir. Hazırda ölkəmizdə bu istiqamətdə aparılan islahatlar innovasiya və rəqəmsal iqtisadiyyatın inkişafını dəstəkləyən hüquqi mühitin təkmilləşdirilməsini əhatə edir və qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanır.
Millət vəkili Vüqar Bayramov bildirir ki, dövlət xidmətlərinin vətəndaşlar, eləcə də sahibkarlar üçün vahid platforma üzərindən təqdim olunması bir tərəfdən şəffaflığın artırılması, digər tərəfdən isə əlçatanlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, vətəndaşlar və sahibkarlar bir çox hallarda eyni vaxtda bir neçə dövlət xidmətinə müraciət edirlər. Xidmətlərin elektronlaşdırılması və vahid platformada inteqrasiya olunması həmin xidmətlərin internet üzərindən əldə edilməsinə imkan yaradır:
“Digər tərəfdən isə vahid platforma vaxta qənaət, əlçatanlılığın artırılması və xidmətlərin daha operativ göstərilməsi deməkdir. Beləliklə, vətəndaşlar və sahibkarlar bu platforma vasitəsilə bir neçə xidməti qısa müddətdə, hətta eyni vaxtda əldə etmək imkanı qazanırlar. Bu baxımdan, vahid platforma həm əlçatanlığı artırır, həm şəffaflığı gücləndirir, həm də zamana və vəsaitə qənaət edilməsinə şərait yaradır.
Sözsüz ki, nəzərə alsaq, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qeyd olunan strateji məqamlardan biri də təsdiq edilmiş üçillik Yol Xəritəsinə uyğun olaraq bu sahədə hüquqi bazanın daha da təkmilləşdirilməsi və yeni innovativ yanaşmaların tətbiqidir.
Bu istiqamətdə vacib məsələlərdən biri qanunvericiliyin daha da təkmilləşdirilməsi, xüsusilə də rəqəmsal inkişaf və süni intellekt sahəsində güzəştlərin və təşviq mexanizmlərinin tətbiqi ola bilər. Bizim də təklifimiz ondan ibarətdir ki, Azərbaycanda “Startaplara dövlət dəstəyi haqqında” qanun layihəsi hazırlanaraq qəbul edilsin. Süni intellekt və rəqəmsal inkişafı dəstəkləyən ölkələrin əksəriyyətində belə qanunlar mövcuddur və bu da startapların dövlət tərəfindən daha yaxından dəstəklənməsinə imkan yaradır”.
Millət vəkili vurğulayır ki, süni intellekt və rəqəmsal inkişaf daha çox startaplar vasitəsilə inkişaf etdirilir:
“Ona görə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi üçün yeni qanunun qəbul edilməsini məqsədəuyğun hesab edirik. Həmin qanun dövlət dəstəyinin genişləndirilməsi ilə yanaşı, vergi güzəştləri də daxil olmaqla digər təşviq alətlərini də özündə ehtiva edə bilər.
Vacib məqamlardan biri də rəqəmsal inkişaf üçün innovasiya və texnologiyaların cəlb edilməsidir. Burada həm innovasiyaların tətbiqi, həm proqram təminatının transferi, həm də kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bir tərəfdən qanunvericilik bazasının genişlənməsi, digər tərəfdən isə yeni rəqəmsal həllərin tətbiqi kibertəhlükəsizliyin daha da gücləndirilməsini zəruri edir. Nəzərə almaq lazımdır ki, təqdim olunan xidmətlər elektron xarakter daşıyır və buna görə də onların etibarlı şəkildə qorunması olduqca vacibdir.
Hesab edirəm ki, təsdiq olunmuş Fəaliyyət Planı, eləcə də Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurası tərəfindən müəyyənləşdirilən hədəflər və bu istiqamətdə həyata keçirilən addımlar Azərbaycanın regionda süni intellekt habına çevrilməsinə ciddi töhfə verə bilər”.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, ayrı-ayrı dövlət qurumlarının fərdi portallarının və mobil tətbiqlərinin mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilməsi, həm vətəndaşların gündəlik rəqəmsal təcrübəsini kökündən dəyişdirəcək, həm də dövlət idarəçiliyində səmərəliliyi maksimallaşdıracaq strateji bir addımdır. Onun sözlərinə görə, vətəndaşlar baxımından bu islahat, ilk növbədə, onlarla fərqli platformada ayrı-ayrılıqda qeydiyyatdan keçmək məcburiyyətini və şifrə xaosunu aradan qaldıraraq rəqəmsal xidmətlərə çıxışı vahid pəncərə (“single window”) prinsipi ilə tək bir məkanda cəmləşdirir: “Bu mərkəzləşmə vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını asanlaşdırır, bürokratik vaxt itkisini minimuma endirir və kütləvi şəkildə rəqəmsal savadlılıq və kiber-gigiyena standartlarının yüksəlməsinə birbaşa rəvac verir.
Dövlət idarəçiliyi baxımından isə bu inteqrasiya, mərkəzləşdirilmiş yeni rəqəmsal memarlığın qurulması və dövlət büdcəsinin optimallaşdırılması üçün fundamental zəmindir. Dağınıq və izolyasiya olunmuş sistemlərin vahid ekosistemdə birləşdirilməsi, Milli Məlumat Hövzəsi və “hökumət buludu” (G-cloud) infrastrukturu üzərindən qurumlararası real vaxt rejimində data mübadiləsini sürətləndirir və fərqli orqanlarda eyni məlumatların təkrarən toplanmasının qarşısını alır. Eyni zamanda, hər bir qurumun fərdi rəqəmsal infrastruktur saxlaması üçün çəkilən xərclərə qənaət edilir, kiber-təhlükəsizlik idarəetməsi vahid perimetr daxilində mərkəzləşir və fərdi məlumatların qorunması daha dayanıqlı struktura keçir. Nəticədə, proseslərin tam rəqəmsallaşması idarəetmədə şəffaflığı kəskin artıraraq Azərbaycanın beynəlxalq elektron hökumət reytinqlərindəki rəqabətədavamlı mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldir”.
Millət vəkili Azər Allahverənov bildirir ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi, şübhəsiz ki, Azərbaycanda Rəqəmsal İnkişaf Strategiyasından irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi istiqamətində konkret siyasətin müəyyənləşdirilməsi baxımından olduqca mühüm hadisədir: “Bu gün rəqəmsal inkişaf dövlətin prioritet istiqamətlərindən biri kimi dəyərləndirilir. Şuranın fəaliyyəti də məhz bu sahədə özünü göstərən çağırışlara adekvat siyasi kursun həyata keçirilməsi, qarşıda duran vacib vəzifələrin müəyyənləşdirilməsi və aidiyyəti qurumların atmalı olduqları addımlara vahid yanaşmanın formalaşdırılmasına xidmət edir. Bu baxımdan, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Şuranın işinə sədrlik edən şəxs kimi səsləndirdiyi fikirlər həqiqətən də müasir dövrün ən aktual mövzularından biri kimi qiymətləndirilməlidir”.
Millət vəkili vurğulayır ki, ayrı-ayrı dövlət qurumlarının portal və mobil tətbiqlərinin vahid ekosistemə inteqrasiya olunması olduqca mütərəqqi addımdır: “Burada rəqəmsal müstəvidə yeni bir yanaşmanın tətbiq olunduğunu görürük. Bu yanaşma vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər. Biz hər zaman dövlət xidmətlərindən istifadə edən vətəndaşların məmnunluğunu ön plana çəkirik. Belə bir ekosistemin qurulması da bütövlükdə vətəndaş məmnunluğunun artmasına, nəticə etibarilə isə onların dövlət qurumlarına etimadının daha da möhkəmlənməsinə xidmət edəcək. Bu baxımdan, mən bunu olduqca mütərəqqi addım hesab edirəm. Burada bir məqamı da yaddan çıxarmamalıyıq. Bu gün ASAN Xidmət modeli sayəsində vətəndaşlar bir məkanda müxtəlif dövlət qurumlarının xidmətlərindən rahat şəkildə yararlana bilirlər. İndi isə söhbət bütün dövlət xidmətlərinin vahid platforma üzərindən inteqrasiya olunmuş şəkildə təqdim edilməsindən gedir. Bu, rəqəmsal transformasiya dövrünün tələblərinə tam cavab verən və olduqca vacib yanaşmadır.
Eyni zamanda süni intellekt bu proseslərin daha səmərəli idarə olunmasına ciddi töhfə verə bilər. Bunun nəticəsində vətəndaş məmnunluğu yüksələcək, dövlət qurumlarına etimad daha da güclənəcək, göstərilən xidmətlərin keyfiyyəti daha obyektiv qiymətləndiriləcək və xidmət sahəsində şəffaflıq təmin olunacaq.
Nəzərə almaq lazımdır ki, bu gün süni intellekt çox sürətlə bütün sahələrə transformasiya olunur. Demək olar ki, artıq onun tətbiq edilmədiyi sahə yoxdur. Bu baxımdan, dövlət qurumlarının göstərdiyi xidmətlərin vahid mobil tətbiq üzərindən inteqrasiya olunmuş şəkildə təqdim edilməsi həm də həmin xidmətlər üzərində nəzarətin gücləndirilməsinə imkan verəcək. Bu, xidmət keyfiyyətinin ölçülməsi, müraciətlərə vaxtında baxılması, sonrakı mərhələlərdə zəruri addımların müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.
A.Allahverənov hesab edir ki, Rəqəmsal İnkişaf Strategiyasının əsas prinsiplərindən biri də məhz rəqəmsal transformasiya şəraitində, o cümlədən süni intellekt imkanlarından maksimum istifadə olunmasıdır: “Nəzərə alsaq ki, süni intellektin yaratdığı imkanların hüdudları demək olar ki, yoxdur. Bu texnologiya bir çox istiqamətlər üzrə yeni nailiyyətlərin və mühüm dəyişikliklərin baş verməsinə şərait yaradır. Xüsusilə də nəzərə almalıyıq ki, süni intellekt çox sürətlə həyatımıza daxil olur və bəzən fərqinə varmadan onun formalaşdırdığı reallıq daxilində fəaliyyət göstəririk, bu prosesə uyğunlaşmaq artıq zərurətə çevrilib. Bu baxımdan hesab edirəm ki, elə bir ekosistem formalaşdırılmalıdır ki, o, insanların xidmətində olmaqla yanaşı, özünü daim təkmilləşdirə, xidmət keyfiyyətini daha da yüksəldə bilsin. Bu isə göstərilən xidmətlərin daha müasir və daha təkmil şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaq. Nəticə etibarilə Azərbaycan dünyada gedən sürətli rəqəmsal inkişaf prosesinin ayrılmaz hissəsinə çevriləcək və bu, gündəlik həyatımızın daha dinamik, daha səmərəli və daha uğurlu təşkilinə mühüm töhfə verəcək”.