Günəş altında riskli saatlar

19:15 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaxtında tibbi yardım göstərilmədikdə isə bu vəziyyət həyati təhlükə yarada, hətta ölümlə nəticələnə bilər

Yay mövsümündə havanın temperaturunun yüksəlməsi ilə günvurma halları da artır. Mütəxəssislər bildirirlər ki, isti hava şəraitində təhlükəsizlik qaydalarına əməl olunmaması sağlamlıq üçün ciddi risklər yaradır. Xüsusilə ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, nevroloji və digər xroniki xəstəlikləri olan şəxslər, yaşlılar və azyaşlı uşaqlar yüksək temperaturun təsirlərinə qarşı daha həssas hesab olunurlar.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyevin sözlərinə görə, günvurma nəticəsində bədən hərarəti 40 dərəcə və daha yuxarı qalxa bilər. Bu zaman dəri isti, quru və qızarmış olur, nəbz sürətlənir, tənəffüs tezləşir. Vəziyyət ağırlaşdıqda diqqət pozğunluğu, davranış dəyişiklikləri, nitqdə çətinlik, huşun bulanması, qıcolmalar və hətta huşun itirilməsi baş verə bilər. Onun sözlərinə görə, bu əlamətlər təcili tibbi yardım tələb edən ağır vəziyyətin göstəricisidir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, insan orqanizmi temperatur dəyişikliklərinə müəyyən müddət uyğunlaşa bilir. İsti hava şəraitində damarlar genişlənir, tərləmə artır və orqanizm artıq istiliyi xaric etməyə çalışır. Kompensator mexanizmlərin imkanları məhduddur. Orqanizmin uyğunlaşma ehtiyatı tükəndikdə daxili bədən temperaturu yüksəlir və istivurma baş verir.

Professorun sözlərinə görə, daxili temperaturun yüksəlməsi qanın qatılaşmasına, mikrosirkulyasiyanın pozulmasına, arterial və beyin təzyiqinin enməsinə səbəb olur. Nəticədə insan huşunu itirə bilər. Vaxtında tibbi yardım göstərilmədikdə isə bu vəziyyət həyati təhlükə yarada, hətta ölümlə nəticələnə bilər.

Mütəxəssislər bildirirlər ki, isti havada halsızlıq, başgicəllənmə, ürəkbulanma və ya özünü pis hiss etmə kimi əlamətlər yaranan kimi insan dərhal kölgəli və ya sərin məkana keçirilməlidir. Zərərçəkənin paltarları boşaldılmalı, alnına və bədəninə yaş dəsmal qoyulmalı, bədən temperaturunun aşağı salınmasına çalışılmalıdır. Huşun pozulması, qıcolma və ya yüksək hərarət müşahidə olunduqda isə dərhal təcili tibbi yardım çağırılmalıdır.

Həkimlər günvurmadan qorunmaq üçün günəş şüalarının daha intensiv olduğu saatlarda açıq havada uzun müddət qalmamağı tövsiyə edirlər. Z. Quliyev qeyd edib ki, zərurət olmadıqda saat 11:00-dan 17:00-dək çölə çıxmamaq, açıq havada görüləcək işləri səhər saatlarına və ya axşam 17:00-dan sonraya planlaşdırmaq daha məqsədəuyğundur.

A. Qeybulla isə xüsusilə günəş radiasiyasının daha güclü hiss olunduğu saatlarda birbaşa günəş altında qalmağın təhlükəli olduğunu vurğulayıb.

Mütəxəssislərin sözlərinə görə, profilaktik tədbirlər də böyük əhəmiyyət daşıyır. Açıq rəngli, xüsusilə ağ rəngli, yüngül və pambıq geyimlərdən istifadə etmək, enli kənarlı papaq və gün eynəyi taxmaq, kölgəlik yerlərə üstünlük vermək, gün ərzində kifayət qədər su qəbul etmək orqanizmi yüksək temperaturun mənfi təsirlərindən qorumağa kömək edir. Susuzluq hissi yaranmasını gözləmədən mütəmadi su içilməsi, alkoqollu və həddindən artıq şəkərli içkilərdən uzaq durulması da tövsiyə olunur.

Həkimlər vurğulayırlar ki, yay aylarında sadə təhlükəsizlik qaydalarına əməl etmək günvurma və istivurma riskini əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə risk qrupuna daxil olan şəxslərin isti hava şəraitində daha ehtiyatlı davranması, orqanizmin verdiyi xəbərdarlıq siqnallarını nəzərə alması və zərurət yarandıqda vaxt itirmədən tibbi yardım alması ağır fəsadların qarşısını almaqda həlledici rol oynayır.