Alimlər Yer kürəsində həyatın nə qədər davam edə biləcəyinə dair yeni elmi hesablamalar təqdim ediblər. Tədqiqat nəticələrinə görə, biosferin hazırkı forması əvvəllər təxmin ediləndən daha uzun, təxminən 1,8 milyard il yaşaya bilər.
Hafta.az yazır ki, “JGR Atmosphers” elmi jurnalında dərc olunan tədqiqat nəticəsində məlum olub ki, bitkilər və Yer kürəsindəki fotosintez prosesi əvvəlki nəzəriyyələrdə göstəriləndən daha sabitdir. Bu o deməkdir ki, həyatın əsasını təşkil edən ekosistemlər milyardlarla il daha fəaliyyət göstərə bilər.
Alimlər qeyd edirlər ki, Günəş təbii təkamül prosesi çərçivəsində tədricən parlayıb və isinib. Bu gün o, 4,5 milyard il əvvəlkindən təxminən üçdə bir çox enerji yayır. Mütəxəssislərin hesablamalarına görə, Günəş təxminən 5 milyard il daha isinməyə davam edəcək və bundan sonra həyat dövrünün növbəti mərhələsinə qədəm qoyacaq.
Maraqlıdır ki, 1982-ci ildə britaniyalı alim Ceyms Lovelok fotosintezə əsaslanan həyatın Yer kürəsində yalnız 100 milyon il daha davam edəcəyini proqnozlaşdırmışdı. Lakin yeni tədqiqatlar bu dövrü təxminən 18 dəfə uzadaraq 1,8 milyard il hesablayır.
Lakin bütün alimlər bu ssenarinin gerçəkləşəcəyinə inanmırlar. Astrobioloq Yakob Haqq-Misranın sözlərinə görə, insan fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana qazları qlobal istiləşməni sürətləndirə və biosfer üçün daha tez təhlükə yarada bilər.
Mütəxəssislər bildirirlər ki, qlobal iqlim dəyişikliyi hazırkı sürətlə davam edərsə, Yer kürəsindəki təbii mühitin 6-7 min il ərzində ciddi təhlükə altında qalması ehtimalı var.
Tədqiqatın müəllifləri bizə xatırladırlar ki, fotosintez Yer kürəsində həyatın əsasını təşkil edir. Əgər temperatur həddindən artıq yüksək səviyyələrə çatarsa, bu proses dayanacaq. Nəticədə bitkilər yox olacaq, qida zənciri pozulacaq və mövcud formada həyat mövcud olmağa son qoyacaq.
Lakin elmi ictimaiyyət vurğulayır ki, Yer kürəsinin taleyi təkcə təbii kosmik proseslərlə deyil, həm də bəşəriyyətin iqlimə münasibəti ilə birbaşa bağlıdır.