Kim tez-tez ayağa qalxıb çantasını yoxlayırsa, kim əl yükünü daim nəzarətdə saxlamağa çalışırsa, həmin şəxs oğrular üçün maraq obyektinə çevrilə bilər
Təyyarələrdə şəxsi əşyaların oğurlanması halları geniş yayılmış və ya kütləvi xarakter alan problem kimi qiymətləndirilməməlidir
Son illər hava nəqliyyatı ilə səyahət edənlərin sayı artdıqca, təyyarə salonlarında baş verən oğurluq halları da daha çox müzakirə olunmağa başlayıb. Əgər əvvəllər sərnişinlər əsasən qeydiyyata verilən baqajın itməsindən narahat olurdularsa, indi təhlükə birbaşa əl yükünə də yönəlib. Xüsusilə qiymətli əşyaların saxlanıldığı çantaların uçuş zamanı oğurlanması və ya içərisindəki pulların, zinət əşyalarının yoxa çıxması ilə bağlı şikayətlər artmaqdadır.
Mövzu ilə bağlı jurnalist və səyyah Azər Qərib diqqətçəkən açıqlama verərək sərnişinləri daha ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, artıq bir çox aviaşirkətlər uçuş başlamazdan əvvəl salon daxilində itən şəxsi əşyalara görə məsuliyyət daşımadıqlarını xüsusi elanlarla sərnişinlərin diqqətinə çatdırırlar. Bu isə təsadüfi addım deyil.
A.Qərib bildirir ki, əvvəllər belə xəbərdarlıqlar demək olar ki, səsləndirilmirdi. İndi isə bunun əsas səbəbi təyyarələrdə oğurluq hallarının çoxalmasıdır. Onun sözlərinə görə, peşəkar oğrular adi sərnişin kimi bilet alaraq müxtəlif istiqamətlərə uçurlar. Onlar uçuş zamanı ətrafdakı insanları diqqətlə izləyir, hansı sərnişinin qiymətli əşya daşıdığını davranışından müəyyən etməyə çalışırlar.
“Kim tez-tez ayağa qalxıb çantasını yoxlayırsa, kim əl yükünü daim nəzarətdə saxlamağa çalışırsa, həmin şəxs oğrular üçün maraq obyektinə çevrilə bilər. Hətta sərnişinin geyimi, istifadə etdiyi əşyalar və ümumi görünüşü də onun maddi imkanları barədə müəyyən təsəvvür yaradır”, – deyə A. Qərib qeyd edib.
Səyyahın sözlərinə görə, insanların çoxu qiymətli əşyalarını qeydiyyata verilən baqaja qoymaqdan çəkinir və daha təhlükəsiz hesab etdikləri üçün onları əl yükündə saxlayaraq baş üzərindəki dolablara yerləşdirirlər. Lakin məhz bu seçim bəzi hallarda oğruların işini asanlaşdırır.
A.Qərib bununla bağlı tanışının yaşadığı hadisəni də danışıb. O bildirib ki, həmin şəxs özü ilə böyük məbləğdə nağd pul aparırmış. Pulu zərfə qoyaraq çantasına yerləşdirib və çantanı salonun yuxarı hissəsindəki baqaj bölməsinə qoyub. Uçuş boyu bir neçə dəfə ayağa qalxaraq çantasını yoxlaması isə oğruların diqqətini cəlb edib.
Təyinat məntəqəsinə çatdıqdan sonra məlum olub ki, zərfin içindəki pullar oğurlanıb. Onların yerinə isə eyni qalınlıqda adi kağız parçaları qoyulub. Hadisə onu göstərir ki, oğrular qısa zaman ərzində çantanı açaraq heç kimin diqqətini çəkmədən planlarını həyata keçirə biliblər.
Mütəxəssislər də hesab edirlər ki, hava limanlarında və təyyarələrdə təhlükəsizlik sistemləri əsasən uçuş təhlükəsizliyini təmin etməyə yönəlib. Sərnişinlərin şəxsi əşyalarının qorunması isə böyük ölçüdə onların öz məsuliyyətində qalır. Buna görə də xüsusilə pul, zinət əşyaları, sənədlər, bank kartları və elektron cihazlar kimi qiymətli əşyaların hər zaman sərnişinin yanında olması tövsiyə edilir.
Ekspertlər bildirirlər ki, uçuş zamanı baş üzərindəki dolablara yerləşdirilən çantaları tez-tez yoxlamaq da əks effekt verə bilər. Belə davranış çantada qiymətli əşyanın olduğunu nümayiş etdirə və cinayətkarların diqqətini həmin sərnişinə yönəldə bilər.
Mütəxəssislər sərnişinlərə bir neçə sadə qaydaya əməl etməyi də tövsiyə edirlər. Onların fikrincə, böyük məbləğdə nağd pul daşımamaq, qiymətli əşyaları kiçik çiyin və ya bel çantasında saxlamaq, pasport, pul kisəsi və bank kartlarını uçuş boyu daim nəzarətdə saxlamaq, baş üzərindəki dolaba yalnız zəruri olmayan əşyaları yerləşdirmək daha məqsədəuyğundur.
Məsələyə münasibət bildirən turizm eksperti Ceyhun Aşurov isə hesab edir ki, təyyarələrdə şəxsi əşyaların oğurlanması halları geniş yayılmış və ya kütləvi xarakter alan problem kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, belə hadisələr istisna hallarda baş verə bilər və sərnişinlər panikaya düşmək əvəzinə şəxsi əşyalarına diqqətlə yanaşmalıdırlar.
“Cəmiyyət arasında bu cür xəbərlər narahatlıq yaratsa da, mən bunun kütləvi xarakter alacağına inanmıram. Adətən, təyyarədə hər bir sərnişin əl yükünü öz oturduğu yerin üzərindəki baqaj bölməsinə yerləşdirir və enişdən sonra da həmin çantanı götürərək təyyarəni tərk edir. Ona görə də belə halların geniş miqyas alması inandırıcı görünmür”, – deyə ekspert bildirib.
C.Aşurovun fikrincə, uçuş zamanı şəxsi əşyaların təhlükəsizliyinə görə əsas məsuliyyət sərnişinin öz üzərinə düşür: “Burada ən vacib məqam diqqətli olmaqdır. Nə ekipaj üzvləri, nə də aviaşirkət hər bir sərnişinin çantasına fərdi nəzarət edə bilər. Hər kəs öz əşyasını özü diqqətdə saxlamalıdır. Xüsusilə pul, sənədlər və digər qiymətli əşyalar daim nəzarətdə olmalıdır”.
Ekspert qeyd edib ki, oğurluq iddiaları səsləndirilərkən onların sübutlarla təsdiqlənməsi də vacibdir: “Kiminsə əşyasının itdiyini deməsi hələ həmin əşyanın oğurlandığı anlamına gəlmir. Ola bilər ki, əşya başqa səbəbdən itib və ya sadəcə yerini səhv salıb. Buna görə də hər bir belə iddiaya ehtiyatla yanaşmaq lazımdır. Digər tərəfdən, kiminsə qəsdən başqa sərnişinin çantasını açaraq oradan nəsə götürməsi çox nadir rast gəlinən haldır. Çünki bunu edən şəxs özü də ciddi riskə gedir. Eləcə də əsassız oğurluq iddiası irəli sürmək də məsuliyyət yaradan məsələdir”.