Yeməyə duz əlavə edənlərə xəbərdarlıq: MƏDƏ XƏRÇƏNGİ YARADIR

10:05 13.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olub ki, qidaya əlavə duz əlavə etmək mədə xərçəngi riskini 41 faiz artırır.

Hafta.az-ın “NewAtlas”a istinadən yazdığına görə, əvvəlki tədqiqatlarda duz istehlakı demans və 2-ci tip diabet riskinin artması ilə əlaqələndirilib. Bu maddənin mədə xərçəngi riskini artırdığına dair indiyə qədər əldə edilən tapıntılar duzun əhəmiyyətli bir yerə sahib olduğu Asiya ölkələrindən gəldi.

Vyana Tibb Universitetinin tədqiqatçıları hərtərəfli araşdırma apararaq bu əlaqənin dünyanın müxtəlif yerlərində də mövcud olduğunu göstəriblər.

İngiltərədəki vətəndaşların genetik və sağlamlıq məlumatlarını ehtiva edən əhatəli BioBank-dan orta yaşları 56 olan 471144 adamın məlumatlarının araşdırıldığı tədqiqatda iştirakçılara “süfrədə yeməyinizə duz əlavə edirsiniz” kimi suallar verilib.

Araşdırma çərçivəsində bu məlumatlar təxminən 11 illik təqib dövründə 640 mədə xərçəngi xəstəsinin sidikdə aşkar edilən duz səviyyələri ilə müqayisə edilib.

Demoqrafik və sosial-iqtisadi faktorları, həyat tərzi faktorlarını və digər şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, süfrədə daim yeməklərə duz əlavə edənlərin, demək olar ki, heç vaxt bunu etməyənlərlə müqayisədə mədə xərçənginə tutulma riski 41 faiz çoxdur.

Dünyada ən çox görülən 5-ci xərçəng olan mədə xərçəngi riski yaş artdıqca yüksəlsə də, son illər bu xəstəlikdən əziyyət çəkən 50 yaşdan aşağı insanların nisbətində artım müşahidə olunur.

Duzun burada tam olaraq hansı rol oynadığına dair hələ konsensus yoxdur. Lakin bəzi tədqiqatçılar yüksək miqdarda natriumun mədə selikli qişasını zədələyərək orqanı mədə xərçəngi riskini artırdığı bilinən Helicobacter pylori bakteriyasına qarşı daha həssas etdiyini düşünürlər.

Tədqiqat aparan komanda bu nəticələrin vacibliyini qeyd etsə də, tədqiqatın bəzi məhdudiyyətlərinin olduğunu da bildirir. Məsələn, böyük bir kohortdan istifadə edilməsinə baxmayaraq, yaş, cins, etnik mənsubiyyət, H. pylori infeksiyası və siqaret kimi potensial amillərin təsirini qiymətləndirmək üçün kifayət qədər xərçəng halları yox idi.

Bundan əlavə, iştirakçıların istehlak etdikləri duzun miqdarı haqqında ətraflı məlumatın olmaması da mühüm məhdudiyyətdir. Bununla belə, yeni araşdırma duz istehlakının zərərlərinə diqqət çəkərkən, araşdırma aparan Tilman Kühn deyir: “Həddindən artıq duz istehlakının mənfi təsirləri haqqında maarifləndirmək və mədə xərçəngindən qorunmaq üçün tədbirlərin əsasını qoymaq istəyirik".