“Karantin rejiminin yumşaldılması bir nəfərin rəyindən asılı olmur. Mütəxəssislər tərəfindən rəy verilir, sonra yumşaldılır. Təbii ki, bu vaxtında başladılmış yumşaldılma idi. Amma məsələ burasındadır ki, bəzi insanlar bu yumşaldılmanı səhv başa düşdü. Soruşanda ki, karantin rejiminə niyə əməl etmirsən, qayıdırlar ki, axı koronavirus artıq yoxdu və ya azalıb. Yumşaldılmanı, icazəni başqa cür anlayırlar. Bu o demək deyil ki, yumşaldılmadan sonra karantin rejiminə əməl etməməliyik. Əslində bu dövrdə daha ciddi əməl olunmalıdır ki, karantin tədbirlərinin yumşaldılması davamlı olsun”.
Bunu hafta.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionistin sözlərinə görə, növbəti mərhələrlədə bu yumşaldılmanın davamı üçün insanlarımız qoyulan qaydalara ciddi əməl etməlidirlər. Cəlal İsayev onu da əlacə edib ki, bu karantin rejimindən çıxmağımız üçün mütləq şəkildə vacibdir: “Amma bizim insanlarımız bunu düzgün başa düşmürlər. Ona görə də hamı avtobuslardakı sıxlıqdan, insanların ictimai yerlərdə tibbi maska taxmamasından şikayət edirlər. Dükanlara, supermarketlərə girərkən tibbi maskalardan istifadə edənlər azdır. Yəni, qaydalara əməl olunması indi daha vacibdir. Öncəki dövrdə vətəndaşlar karantin rejiminə ciddi əməl etdilər və pandemiya fəsadlarının minimuma endirilməsinə nail olduq. Prosesin davamlı və qalıcı olması üçün karantin rejiminə əməl etmək əsas şərtdir. Zəhmət çəkilib. Bu boyda iş görülüb. Qaydalara əməl etməməklə bu boyda görülən işləri heçə endirə bilərik. Virusun ikinci dalğası başlaya bilər. Çünki bir qism insan var ki, xəstəliyi əlamətlərsiz keçirir. Virus ifraz etməkdə davam edir”.
Baş infeksionist bildirib ki, bu vaxta qədər görülən tədbirlər- evdə qal çağırışlarına əməl olunması, tibbi maskalardan istifadə, əllərimizin dezinfeksiya edilməsi, şübhəli durum olarsa, 103 xidmətinə müraciət və bu kimi addımlar davam etdirilməlidir, tövsiyyələrə əməl olunmalıdır: “İki saat verilir, vacib işimizi həll etmək üçün evdən çıxırıq. Dükana, marketə gedirik. Qalan boş vaxtımızı dostlarımızla, qohumlarımızla görüşə sərf etməməliyik. Bu düzgün deyil. Bunun özü karantin rejimini pozmaq deməkdir. Hər kəs vacib işini gördükdən sonra evinə qayıtmalıdır. Biz karantin rejiminə kiminsə məcbur etməsi nəticəsində əməl etməməliyik. Polis hər kəsə nəzarət edə bilməz. Polis onsuz da var qüvvəsini ortaya qoyub, səfərbər olub. Biz özümüz düşünməliyik ki, xəstəliyin ikinci dalğasının qalxmaması, yenidən karantin rejiminin gücləndirilməməsi üçün qaydalara əməl etməliyik. Gərək tədbirlərə uyaq, bunun üçün biz vətəndaşlardan çox şey asılıdır. Hamı bu barədə yazır, fikirlərini çatdırır. Amma insanlar buna bir qədər səhlənkar yanaşırlar. Əsas məsələ buradan qaynaqlanır. Biz siz jurnslistlərin də zəhmətini qiymətləndiririk. Sizsiz bir iş görə bilmərik”.