Son illərdə gənclər və yeniyetmələr arasında narkomaniyanın sürətlə yayıldığının şahidi oluruq. Hazırda bütün dünya bu bəla ilə mübarizə aparsa da, təəssüflər olsun ki ciddi nəticələr əldə etmək mümkün olmayıb. Ölkəmizdə isə bu problem demək olar hər gün gündəmə gətirilir, tez-tez Milli Məclisdə müzakirəyə çıxarılır. Bəs görəsən, narkomaniya ilə mübarizədə daha effektiv nəticələr əldə etmək üçün nələr lazımdır?
Hafta.az-a açıqlama verən Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev deyir ki, yeniyetməlik çağında maddəyə başlama səbəbləri ilk növbədə beyin funksiyalarının inkişafı ilə əlaqəlidir. Yaxşı olardı ki, həmin yaş dövründə uşaqlar daha çox elmə, incəsənətə yaxud da idmana yönləndirilsinlər:
“Gənclər və yeniyetmələr arasında narkotik maddələrə meyillilik indinin müzakirə mövzusu deyil. Təəssüf ki bu uzun illərdir belədir. Statistikalar göstərir ki, maddəyə başlama yaş həddi yeniyetməliyə təsadüf edir. Buna səbəb olaraq bir çox faktorları göstərə bilərik. Anadan olanda arxa beyin adı verdiyimiz beyin inkişaf edir. Onun funksiyası mübarizədir. Uşaq yaşamaq üçün mübarizə aparır. Sonradan emosional beynimiz inkişafa başlayır. Bu da 12-14 yaş arasına təsadüf edir. Emosional beynin funksiyası yemək-içmək və digər prosesləri kontrol etməkdir. Ən əsas isə mükafatlandırma sisteminin inkişaf etdiyi beyin bölgəmizdir. Bu zaman şəxslərin verdiyi qərarlar məntiqi fikrə əsaslanmır. Emosional qərarlar verirlər. 22-24 yaşdan sonra bizim ön beynimiz inkişaf edir. Bu zaman da biz normal qərarlar verə bilirik. Mən, yeniyetməlik çağında maddəyə başlama səbəblərini əsas olaraq beyin funksiyalarının inkişafı ilə əlaqələndirirəm”.
Müsahibimiz narkomaniya ilə mübarizədə psixoloji dəstəyin əhəmiyyətini də xüsusi vurğuladı:
“Qarşısını almaq üçün hər bir cəmiyyətin öz yanaşması mövcuddur. Bəziləri qadağalar qoyur, bəziləri maarifləndirir yaxud da mükafatlandırır. Fikrimcə bunun qarşısını almaq üçün şəxsdə uşaqlıq yaş dövründə daxili və xarici resursları aktivləşdirmək, özünüqiymətləndirməni artırmaq lazımdır. Bu, şəxsləri mütaliəyə, idmana yönləndirmək ola bilər. Maddə asılılığında birinci medikamentoz müdaxilədir. İkinci isə psixoterapiyadır. Təcrübə də onu göstərir ki, maddə asılılığının reabilitasiya müddətində psixoterapiyalar həyata keçirilməlidir”.
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov söylədi ki, narkotik maddələrdən istifadənin çoxalmasına ilkin səbəblərdən biri, indiki narkotiklərin istifadə qaydalarının əvvəlkilərlə müqayisədə qat-qat sadələşməsidir:
“Metamfetamin kimi sintetik narkotikləri buna misal göstərmək olar. Narkotacirlərin illərdir apardığı araşdırmaların nəticəsi olaraq bu gün rahat qəbul edilən narkotiklər mövcuddur. Onlar bu yolla külli miqdarda gəlir əldə edirlər”.
QHT sədrinin sözlərinə görə, təhlükənin qarşısını almaqda narkotik istifadəçilərinə müalicə mütləqdir. Bunun üçün kifayət qədər yerimiz yoxdur. Əgər problemi minimallaşdırmaq istəyiriksə, ilk növbədə narkomanların müalicə oluna biləcəyi yerlər yaratmalıyıq:
“Bakıda 5000 nəfər narkoman varsa, bizim cəmi 380 nəfərlik yerimiz var, eləcə də Sumqayıtda 1000 nəfər narkoman üçün 28 yer var. Bölgələrdə isə demək olar ki, narkodispanserlər yoxdur. Narkotik maddə bəlasının qarşısını qismən də olsa almağın digər yolu insanları mühitə sala biləcək adamları və cəmiyyətə yararlı insanları seçib dispanserlərə yerləşdirməkdir. Narkodispanserlərdə növbələr mövcuddur. Bu növbələri keçib, müalicəyə qəbul etməyi mümkünləşdirsək belə, şəxsin sadəcə fiziki asılılığı keçmiş olur, psixoloji asılılıq isə qalır. Bunun üçün insan 6 ay-1 il reabilitasiya olunmalıdır. Dövlətin belə reabilitasiya mərkəzləri yoxdur. Özəl sektorlarda qiymətlər 1500 manatdan başlayır. Narkomanların heç birinin 10-15 min manatı yoxdur ki, reabilitasiya olunub cəmiyyətə qayıtsın. Bununla bağlı dəfələrlə çıxışlarımda öz təkliflərimi vermişəm. QHT sədri olaraq komandamla birgə bu işdə dövlətimizə dəstək göstərməyə daim hazıram”.
Məktəblilər arasında test yoxlanışının aparılması məsələsinə gəldikdə isə, ekspert bu üsulu effektiv hesab etmədiyini vurğuladı:
“Bu baş tutsa, vəziyyət kütləvi hal alacaq. Belə olduqda qanında narkotik maddə aşkarlanan şəxsləri müalicəyə cəlb etmək zərurəti yaranır. Az əvvəl də qeyd etdiyim kimi, müalicə üçün kifayət qədər yerimiz yoxdur. Elə adamlar var, bir dəfə istifadə edib. Biz onları aşkara çıxarsaq həmin şəxslərin evində, ailəsində, iş yerində problemlər yaranacaq”.
Müsahibimiz məktəb psixoloqlarının işə laqeyd yanaşmasına da diqqət çəkdi:
“Biz narkomaniyanın başlamasına icazə verməməliyik. Bunun üçün məktəblərin üzərinə böyük yük düşür. Şagirdlərlə psixoloqlar işləməlidir. Məktəbdə 200-300 manata heç kəs bu işi görməz. Sırf narkomanlarla işləyən psixoloq tanışlarım var ki, gün ərzində tək bir seansa 50 manat qazanır. Məktəb psixoloqlarını psixoloq yerinə qoyan da yoxdur. Bununla bağlı dəfələrlə Təhsil Nazirliyinə müraciətlər ünvanlamışam. Məktəblərdə psixoloqların sayı da azdır. Hər məktəbdə heç olmasa 3-5 psixoloq olmalıdır”.
E.Maqalov narkomaniya ilə mübarizədə hər kəsin işə daha ciddi yanaşmalı olduğunu bildirdi. Axı, “plan doldurmuruq”:
“Tez-tez məni təhsil müəssisələrinə dəvət edirlər. Yanımda qəzəbli məktəb direktoru, yaxud da polis əyləşir. Onların yanında uşaqlar sual verməyə çəkinirlər. Yaxud məni çağırıb şəkil çəkdirir, monitorda da hansısa maarifləndirici videorolik verib sağollaşırlar. Əsas odur ki, biz tədbir keçirdik və bunu pritokollaşdırdıq. Təbii ki, belə yola verilən işlərin nəticəsi olmur. Mən çalışıram ki, uşaqların təhsil müəssisələrində etibar etdikləri müəllimləri ilə birgə onlarla danışıqlar aparım. Uşaqlarla açıq danışıb, problemi aşkarlamaq, həlli ilə bağlı addımlar atmaq olur”.
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, dövlətimiz narkotik maddə təhlükəsini minimuma endirmək gücünə malikdir:
“Fikrimcə, narkotik maddə asılılığının çoxalmasının qarşısını qismən də olsa almaq üçün əsas çıxış yolu səmimi mübarizə aparmaqdır. Bəlanın qarşısını tam almaq olmasa da, təhlükəni minimuma endirmək mümkündür. Misal üçün, maddə asılılığı olan şəxsləri digərlərindən ayırmaq və başqalarını qorumaq olar. Bütün bu məsələləri həyata keçirmək üçün dövlətin əlində imkanlar var. Əsas məsuliyyət isə cəmiyyətin üzərinə düşür. Təəssüflər olsun, cəmiyyət problemə laqeyd yanaşır. Təhlükəli bir məqam da cəmiyyətin gələcəyə laqeyd yanaşmasıdır”.
Deputatın sözlərinə görə, hazırda Azərbaycanda narkomaniya ilə effektiv mübarizə aparılmır:
“Bu bəla ilə ciddi şəkildə mübarizə aparmaq lazımdır. Bu, böyük faciədir. Biz Milli Məclisdə test sisteminin müzakirəsini aparır, götürülməsini tələb edirik. Məktəblilərdən qan analizi vasitəsilə narkotik testi götürmək, maddə asılılığını vaxtında aşkarlayıb, onun qarşısını almaq imkanlarını artıra bilər”.
Yeri gəlmişkən
Azərbaycanda qeydiyyatda 34 000 nəfərdən çox narkotik istifadəçisi var, onlardan isə 23 000 nəfərdən çoxu inyeksion narkotik istifadəçiləridir. Ekspertlərin rəyinə görə, reallıqda onların sayı dəfələrlə çoxdur. İçərisində azyaşlıların da olduğu və əsas hissəsini 18-35 yaşlı gənclər təşkil edən narkomanların sayının ildən-ilə artması xüsusi narahatlıq doğurur. Narkomanlıq digər xəstəliklərin yaranmasına əsas səbəblərdəndir. Misal üçün, Azərbaycanda İİV-QİÇS infeksiyası aşkar olunmuş şəxslərin böyük bir hissəsi inyeksion narkotik istifadəçisi olub. Gənclər arasında aşırı doza qəbulu və narkotiklərin sui-istifadəsi ilə əlaqədar hepatit və digər ağır xəstəliklərdən ölüm halları da narkomanlığın ağır fəsadlarındandır. Xüsusən son vaxtlar “şüşə”, “patı” adı altında yayılmış mütamfetaminin fəsadları daha ağırdır. Narkotiklərin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə cinayətkarlığın artmasının, o cümlədən ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən biridir.
Ölkə üzrə 2021-ci ildə qeydə alınmış 26 000 cinayət faktının 20 %-dən çoxu (5252 cinayət) narkotiklərlə əlaqədar törədilib.
2021-ci ildə Azərbaycanda qaçaqmalçılıq cinayətlərinin 69 %-ni narkoqaçaqmalçılıq təşkil edib.