Erməni işğalçılarının Azərbaycana qarşı soyqırımları təkcə yerli oborogen türk xalqına qarşı deyil, milli-tarixi abidələrimizin məhvinə, erməniləşdirilməsinə də yönəlib. Bu barədə “Həftə içi”nə danışan Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Faiq İsmayılov Qərbi Azərbaycan ərazisində abidələrin saxtalaşdırılması prosesinin bu gün də davam etməsinə dair faktlara toxunub.
F.İsmayılov apardığı təhlillərə əsasən bildirib ki, indiki Ermənistanın Tavuş bölgəsindəki, Barana (Noyanberyan) rayonunun Dostluq – Qurumsulu (Barekamavan) kəndindəki xristianlığaqədərki dövrə aid olan abidə öz mövcudluğunu qoruyub saxlasa da, orijinal görkəmində və təqdimatında ciddi pozuntulara yol verilir.
Professor hesab edir ki, Qurumsulu abidəsini qədim Azərbaycanın misilsiz gözəlliyə malik və azöyrənilən abidələrindən biri kimi təqdim etsək, heç də səhv etmərik.
“Abidə Qurumsulu (Barekamavan) kəndinin yaxınlığında yerləşir. Tədqiqat zamanı bu abidə haqqında praktik olaraq heç bir məlumata rast gəlmədik.
Abidənin inşa tarixinin eramızın IV əsrinə aid olduğu güman edilir. Memarlıq quruluşuna görə abidə 14 guşəli, günbəzli türbə üslubunda inşa edilib. Abidənin karnizi müxtəlif heyvan heykəlləri ilə bəzədilib. Hal-hazırda abidənin günbəzi ermənilər tərəfindən uçurdulub.
Sübut olunub ki, ermənilər öz xislətlərinə uyğun olaraq abidənin Şərq pəncərəsinə 2004-cü ildə xaçşəklli bir daş quraşdıraraq, bu abidənin erməni xristian dövrünə aid olduğunu iddia etməyə başladılar. Bu xaç daşının abidənin interyerinə və ümumi quruluşuna heç bir aidiyyəti yoxdur və heç bir mahiyyət daşımır.
F.İsmayılov bildirir ki, Ermənistan hökumətinin müvafiq qurumları abidəni ibadətgaha çevirmək istəsələr də, yerli sakinlər abidənin onların dininə heç bir aidiyyəti olmadığını düşünürlər.
“Qəribədir ki, abidəni mənimsəməyə cəhd edən ermənilər onun adında fərq etmədən türk toponimindən istifadə ediblər. Belə ki, abidənin adını “khach” (xaç), yəni xaçlı abidə kimi səsləndirirlər”.