“Kipr məsələsində ədalətli, qalıcı və davamlı bir razılaşma əldə etmək üçün status bərabərsizliyi aradan qaldırılmalı, suveren bərabərlik və bərabər beynəlxalq status tanınmalıdır”.
Hafta.az-ın yazdığına görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar BMT-nin baş katibi Antonio Quterreşin Kiprdəki şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellarla görüşdə deyib.
Bir saatdan çox davam edən görüşdə Kipr məsələsi, tərəflər arasında BMT-də gözlənilən danışıqlar və iki tərəf arasında planlaşdırılan yeni sərhəd keçidlərinin açılmasının müzakirə edildiyi bildirilir. Görüşün ardından jurnalistlərə açıqlama verən KKTC prezidenti Tatar sentyabrın26-da üçtərəfli görüşdə BMT baş katibi və onun heyəti ilə, sentyabrın 27-də isə yunan Kiprinin lideri ilə görüşəcəyini açıqlayıb.
Prezident Tatar Cənubi Kipr həbsxanalarında vəziyyətin dərin narahatlıq doğurduğunu ifadə edərək, “Kıbrıs Rum həbsxanalarında olan vətəndaşlarımıza əzab verilir, böyük sıxıntılar yaşadılır. Bizdəki məlumatlara əsasən, vətəndaşlarımızın həbsxana şəraitində, eləcə də adi insani münasibətdə böyük təzyiqlərlə üzləşdiyinə dair xəbərlər var. Cənab Cuellardan xahiş etdim ki, bu məsələyə qarşı tərəfin vətəndaşlarla insancasına görüşməsini təmin etsinlər” deyib.