“Prezidentimizin də son çıxışlarında dəfələrlə dediyinə görə, inşallah, Zəngəzur yolu açılmalıdır və Naxçıvanla, Türkiyə ilə birbaşa avtomobil və dəmiryol əlaqələrimiz bərpa olunmalıdır. Hər halda İlham Əliyev nəyi nə vaxt və nə üçün dediyini yaxşı bilir. Və digər məsələlər kimi bu məsələ ilə də ölkə rəhbərliyi ciddi məşğul olur. Onların sözlərinə inanmamaq olarmı? Zəngəzur yolunun açılacağı ilə bağlı da onların sözlərinə inanmaq lazımdır”.
Sabiq baş prokuror Əli Ömərov bu fikirləri Hafta.az-a açıqlamasında “Bir qərbi azərbaycanlı kimi artıq beynəlxalq səviyyədə “Tramp yolu” adlanmaqda olan Zəngəzur-Turan yolumuzun yaxın dövrdə açılacağına və o tarixi torpaqlarımızdan rahat keçərək Naxçıvana və Türkiyəyə səfər edə biləcəyimizə inanırsınızmı?” sualını cavablandırarkən ifadə edib.
“Türkiyədə bəzi siyasi analitik və şərhçilər belə fikirlər səsləndirir ki, guya ABŞ şirkətinin Zəngəzurdan keçən yolu 99 illiyə icarəyə götürməsi və həmin yolun “Tramp yolu” adlanması əslində Türk dünyasını Turan quruculuğundan uzaqlaşdırır. Siz necə düşünürsüz?” sualına isə həmsöhbətimiz belə cavab verib:
“Mən elə düşünmürəm. Dövlətlər arasındakı belə məsələləri rəhbərlər öz aralarında ən optimal şəkildə həll edirlər. Əgər Zəngəzur yolu beynəlxalq səviyyədə “Tramp yolu” adlanırsa və ABŞ burada aparıcı rol oynayırsa, sözsüz ki, Birləşmiş Ştatların bununla bağlı öz müttəfiqi və NATO üzvü olan Türkiyə ilə də, həmçinin Azərbaycanla da müəyyən razılaşmaları olacaqdır. Yəni bütün hallarda Zəngəzur yolunun açılması Türkiyənin də, Azərbaycanın da, bütövlükdə Türk dünyasının da xeyrinə olacaq.”
Sultan Laçın