Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü ölkə parlamentində hökumət saatı zamanı Zəngəzur (ermənilər Sünik adlandırır) bölgəsində yaranmış vəziyyətə görə məsuliyyətdən yayınmağa çalışmadığını bildirib.
Hafta.az xəbər verir ki, “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan sual edib ki, 2020-ci ilin dekabrında Ermənistan qoşunlarının çıxarılması barədə göstərişi kim və necə verib, nəticədə Azərbaycan hərbçiləri birbaşa Zəngəzurda yolları nəzarətə götürüb.
"Mən demişəm ki, məsuliyyətdən imtina edirəm? O ki qaldı sərəncama, yəni müvafiq prosedurlara. Demək olar ki, Təhlükəsizlik Şurasının bütün üzvlərinin iştirakı ilə müzakirələr aparılıb. XİN rəhbəri var idi, sonradan dedi ki, (keçmiş nazir Ara Ayvazyanı nəzərdə tutur) xəbəri yox idi”, - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, müvafiq qərar qəbul edilməsəydi, hərbi əməliyyatlar təhlükəsi yarana bilərdi və Sünikdə ciddi problemlər yaranardı.
Ermənistan hökumətinin başçısı əlavə edib ki, hakimiyyətin ictimaiyyətdən gizlədə biləcəyi heç nə yoxdur. Əgər bəzi məlumatlar fraqmentlərlə təqdim olunursa, deməli bu, yalnız ölkənin maraqları naminə edilir. O, müxalifəti öz “qərəzli” sualları ilə hakimiyyəti tələyə salmağa çalışmamağa çağırıb.