Zəngilan şəhəri Günü ilə bağlı rayonun sabiq icra başçısı nələr danışdı?

17:42 20.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu gün- 20 oktyabr 44 günlük Vətən müharibəsinin 24-cü günündə 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunmuş tarixdən 5 il keçir. Həmin tarix ölkəmizdə Zəngilan şəhəri Günü kimi qeyd edilir.

İşğal günlərində Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı olmuş İlham Hüseynov bu əlamətdar günlə bağlı hafta.az-a açıqlamasında bunları dilə gətirib:

“Bu gün dövlətimizin uğurlu siyasət və diplomatiyası, şəhid və qazilərimizin canı-qanı sayəsində Zəngilan şəhərinin və ətraf kəndlərin 27 illik işğaldan azad edilməsinin böyük sevincini yaşayırıq. Vallah, hisslərimizi ifadə etmək çox çətindir. Digər şəhər, qəsəbə və kəndlərimizlə yanaşı, Zəngilanın da azad edilməsi xalqımız, dövlətimiz və ordumuz üçün böyük zəfər, misilsiz qürur mənbəyidir. Ötən 5 il ərzində bir neçə dəfə Zəngilan şəhərini, həmçinin Ermənistanla bilavasitə sərhəddə yerləşən doğma Canbar kəndini, düşmənlərimiz tərəfindən vuran edilmiş dədə-baba ocağımızın xarabalıqlarını, doğmalarımızın dağıdılmış məzarlarını ziyarət etmişəm. Bu zaman kədər, əzab, həm də sevinc, şadlıq hisslərinin qarışığından ibarət təsəvvürə gəlməz ağır hisslər keçirmişik. Ancaq bu günlərimizə də çox şükürlər olsun! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik. Allah dövlətimizi, ordumuzu, xalqımızı qorusun”.

Sabiq icra başçısı son 5 ildə dövlətimiz tərəfindən Zəngilan rayonunda gözü ilə görüb şahidi olduğu tikinti və yenidənqurma işlərindən də bəhs edib:

“Bildiyiniz kimi, öncə Zəngilan rayonunun Ağalı kəndində ölkəmizdə və işğaldan azad torpaqlarda ilk “ağıllı” kənd quruldu və keçmiş sakinlər oraya köçürüldü. 2023-cü ildə Nazirlər Kabineti tərəfindən “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiq edilib. Bu sənəd çərçivəsində şəhərin yaşayış, sosial, nəqliyyat və sənaye zonalarının planlaşdırılması həyata keçirilir. Zəngilan şəhərində artıq iki minarəli gözəl bir məscid kompleksi, konfrans zalı istifadəyə verilib. Yaşayış binalarının tikintisi başlanıb. Yeni, müasir orta məktəb binasının tikintisi artıq başa çatmaq üzrədir. Yəni Zəngilan şəhərindən köçkün düşmüş insanlarımız da yaxın illərdə doğma yurdlarına dönərək bu torpaqda həyatlarını yenidən qura biləcəklər. Məlum olduğu kimi, rayon ərazisində artıq beynəlxalq hava limanı fəaliyyət göstərir. Cahangirbəyli və Məmmədbəyli kəndlərində keçmiş köçkünlərimiz üçün yeni evlərin tikintisi başa çatır. Bu ilin sonunadək həmin kəndlərə köç olacağı gözlənilir. Eyni zamanda bilirsiz ki, rayon ərazisindən keçən Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və Zəngilan–Horadiz avtomobil yolu layihələri azad edilmiş torpaqlarımızı, o cümlədən Zəngilan rayonunu ölkənin əsas nəqliyyat şəbəkəsinə birləşdirir və gələcəkdə Zəngəzur dəhlizinə çıxışı da təmin edəcək...”

Sultan Laçın