Karantin rejiminin yumşaldılmasından sonra şəhərdə yenidən canlanma yaranıb. İnsanlar açılan yerlərə üz tutmaqdan çəkinmirlər. Eləcə də önləyici tədbirlərə demək olar ki, fikir vermirlər. Karantin rejiminin bitməsinə bir müddətdən də az vaxt qalıb. Bəs karantin müddəti bitdikdən sonra insanlar necə qorunmalıdır?
Bununla bağlı hafta.az-a həkim, professor Adil Qeybulla danışarkən dedi ki, birinci növbədə insanların maskada gəzməsi, sosial izolyasiya məsafəsini gözləməsi şərtdir və ciddi nəzarət həyata keçirilməlidir:
“Çünki bu gedişlə ikinci dalğa ola bilər. İnsanlar paltar mağazalarına daxil olub, eyni mallara baxırlar. Belə olanda yanlarında xəstə birinin dayanmasının fərqində olmurlar. Lakin bərbərxanalarda heç olmasa stullar aralı qoyularaq sosial izolyasiya tədbirləri görülə bilər. Bu baxımdan niyə görə geyim mağazalarına icazənin verilməsi, ancaq bərbərxanaların fəaliyyətinin bərpa edilməməsi mənə də aydın deyil. Hesab edirəm ki, bu qərara yenidən baxılmalıdır.karantin bitdikdən sonra da önləyici tədbirlərə ehtiyyac var. Müşahidə edirəm ki, insanlar karantinin yumşaldılmasından istifadə edərək maskasız gəzirlər. Bu səbəbdən təklif edirəm ki, insanlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Yəni maskada gəzmək şərti qoyulmalıdır. Məsələn, Almaniyada da karantin yumşaldılıb, lakin maskada gəzmək qəti şərt olaraq saxlanılıb”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə dedi ki, Azərbaycan "plato" (Plateau) adlanan həddə 11 apreldə çatıb və 16 apreldən başlayaraq geriyə dönüş qeydə alınıb:
"Bu böyük naliyyətdir və bu göstəricinin arxasında həm böyük işlər həm də milyardlarla vəsait dayanır. Amma ehtiyatı əldən vermək ikinci dalğaya səbəb ola bilər. Baxıram ki, facebookda əhvali-ruhiyyə bir az başqadır. 4 mayda karantin bitməməlidir və bitməyəcək də. Söhbət karantin rejiminin yumuşalmasından getməlidir. Açığı əhalinin yumuşalmadan sui-istifadə etməyəcəyinə əminlik yoxdur. Riski azaltmaq üçün bizim halda 3 inkubasiya dövrünün karantində keçirlməsi məqsədəuyğundur".