Qonşu Gürcüstanda yaxın günlərdə keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkəyə münasibətdə təzyiqlər də artmaqdadır. Müxalifət düşərgəsi və onları himayə edən Qərb hesab edir ki, indiki iqtidar olan “Gürcü arzusu” ölkəni Rusiyanın siyasi bataqlığına sürükləyir. Qarşı tərəf isə müxalifəti radikal siyasət yürüdərək Gürcstanı Rusiya ilə müharibəyə sürükləməkdə, eləcə də xaricdən aldığı sifarişlərlə gürcü xalqının mental dəyərlərini yox etməkdə suçlayır. Bəs əsl həqiqət necədir, Gürcüstanda nə baş verir, seçkinin mümkün nəticələrinə dair indidən nələr söyləmək olar?
Hafta.az olaraq bu suallara Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbətləşərək cavab tapmağa çalışdıq:
- Parlament seçkiləri yaxınlaşdıqca Gürcüstanda daxili siyasi-ictimai vəziyyət daha da gərginləşir. Bu gün ölkədə demək olar ki, hamı bir-birinə müxalifdir. Hətta müxalifət partiyaları da öz cəbhələrində iki qütbə parçalanıblar. Buna baxmayaraq inanırıq ki, Gürcüstanın gələcəyi gürcü xalqının öz əlindədir və əminik ki, seçki günü vətəndaşlar doğru-düzgün qərar verəcəklər. Hesab edirik ki, seçkidən sonra da Gürcüstan indiki siyasi yolu ilə gedərək dövlətçiliyini daha da inkişaf etdirəcək. Seçkinin nəıticəsinin necə olacağına gəldikdə isə, aparılan rəy sorğularına əsasən hazırki iqtidar partiyasının 55-58 faiz arasında səslə qalib gələcəyi proqnoz olunur. Müxalifət partiyalarının isə heç də hamısı güclü deyil və çoxu qanuni qaydalara əsasən 5 faizlik baryeri aşa bilmir. Proseslər göstərir ki, müxalifət düşərgəsindən yalnız üç partiya həmin baryeri keçə biləcək.
- Gürcü mediasını izlədiyim qədər, Qərb bu ölkənin seçki prosesinə açıq-aşkar müdaxilə edir və hətta Gürcüstanın xalq tərəfindən seçilmiş rəsmi hökumətinə bu məsələdə hörmət belə qoymur…
- ABŞ və Avropa İttifaqı seçkiqabağı kampaniya dövründə Gürcüstana çox ciddi təzyiq göstərməkdədir. Qərb bütün imkanlarını seçkinin nəticələrinə təsir etmək üçün səfərbər edib desək yanılmarıq. Onlar açıq-aşkar Gürcüstan vətəndaşlarına ismarıclar göndərirlər ki, seçki günü indiki iqtidara deyil, müxalifətə səs versinlər. Amma demokratiyadan dəm vuran və strateji partnyorumuz olan Avropa İttifaqı və ABŞ yaxşı bilməlidir ki, hansı partiyaya səs verəcəyini seçicilərimiz yaxşı bilir. Bu dövrdə Gürcüstana qanunsuz yollarla pulların axıdılması, siyasətə təsir göstərilməsi və sair kimi vasitələrlə çox iyrənc oyunlar gedır. Belə deyək, bu məsələdə Avropa İttifaqı çoxüzlü oyunlarını oynamağa çalışır.
- Qərb Kobaxidze hökumətinin bəzi qərarlarını bəhanə edib mövqeyini sərtləşdirdi. Sizcə Qərbin “Gürcü arzusu”na qarşı müharibə elan etməsinin əsl səbəbi xaricdən alınan qrantların bəyanı və ya homoseksualizmin qanuniləşdirilməsinin rədd edilməsidir, yoxsa bilmədiyimiz nələrsə var?
- Yenə deyirəm, Qərb bütün imkanları ilə seçkilərə müdaxilə etməyə səy göstərir. Onlar “Gürcü arzusu”nun xaricdən maliyyələşən təşkilatların gəlirlərini bəyan etməsini tələb edən qanuna qarşı çıxırlar. Hansısa qanunu tənqid etmək olar, amma onu ləğv etdirmək üçün təzyiqlər göstərmək, xalqı etiraz aksiyalarına, üsyana, inqilaba çağırmaq düzgün yanaşma deyil. Eyni zamanda, Avropanın hər yerdə təbliğ etdiyi homoseksualizmə qarşı Gürcüstanda istər xristianlar, istərsə də müsəlmanlar olsun, xalq tərəfindən ciddi etiraz mövcuddur. Hesab edirik ki, bu, ailə bütövlüyümüzü dağıtmağa istiqamətlənmiş layihələrdir. Homoseksualizmi qanuniləşdirmək bizim milli mədəniyyətimizlə, ailə sistemimizlə uyuşan bir hal ola bilməz. Bütün səmavi dinlərdə ailənin başlanğıcının Adəm və Həvva, yəni bir qadın, bir kişi ilə başladığı bildirilir. Ona görə də Gürcüstanın öz keçmişini və gələcəyini qoruyan hissəsi bu kimi hallarla hər zaman mübarizə aparacaq.
- Rusiya faktorunu ayrıca qabardaq: Qərbdə düşünürlər ki, İvanaşvili Moskvanın adamıdır və Gürcüstan Rusiyanın siyasi təsiri altına keçir. Hansı ki, Kobaxidze və komandası iqtidarı boyunca Avropa İttifaqına qoşulmaq üçün çalışıb. Maraqlıdır, Rusiya ilə ticarət etmək Qərb üçün niyə bu qədər qorxuludur?
- Son vaxtlar ABŞ və Avropanın siyasi dairələrində belə bir fikir yayırlar ki, guya “Gürcü arzusu” iqtidarı Gürcüstanı Rusiyaya qatmağa çalışır. Mən bu cür absurd fikirlərə sadəcə gülə bilərəm. Çünki gürcü xalqı heç vaxt buna imkan verməz. Biz Gürcüstan vətəndaşları olaraq vətənimizin tam müstəqil olmasını istəyirik. İnanın ki, həm iqtidar, həm də müxalifət düşərgəsində yüzlərlə dostlarım var və hamısın fikirlərini yaxşı bilirəm. Bilirəm ki, iqtidarda heç bir kəs Gürcüstanı Rusiyanın çətiri altında görməyi ağlına belə gətirmir. İqtidarın siyasəti budur ki, məlum problemlər Rusiya ilə müharibə yolu ilə deyil, danışıqlarla həll olunsun. Ukraynada müharibə başlayandan sonra ABŞ Gürcüstandan tələb etdi ki, Abxaziyada Rusiyaya qarşı ikinci cəbhə açsın, üstəlik Rusiyaya qarşı iqtisadi bloklara qoşulsun. Biz Rusiya ilə bir dəfə müharibə edib nəticəsini gördük. Hesab edirəm ki. Gürcüstan bir də böyük ölkələrlə müharibəyə qoşulmaq haqda düşünməz. Gürcüstan sülhsevər ölkə olaraq, qonşu dövlətlərlə sıx əməkdaşlıq müstəvisində inkişaf edir. Bu gün Gürcüstan hökuməti işğal altındakı Abxaziya və Sxinvali bölgələrini də Rusiya ilə danışqlar yolu ilə ölkənin tərkibinə reinteqrasiya etməyi düşünür. İqtisadi müstəvidə isə, Rusiya ilə münasibətləri bərba etmək barədə hökumətimizin qərarı boşuna deyil. Əgər Gürcüstan Rusiyaya iqtisadi sanksiya tətbiq edərsə, Rusiya yüzdən bir faiz ziyan çəkər. Amma bu, Gürcüstan iqtisadiyyatına 13 faiz mənfi təsir göstərər. Nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstanın ən iri iqtisadi tərəfdaşlarından biridir. Ona görə də prosesləri düzgün dəyərləndirib qərar vermək lazımdır. Qərblə münasibətə gəlincə, Avropa İttifaqı ilə vizaların liberallaşması, ABŞ-la strateji partnyorluq da bu iqtidarın dövründə olub. Bu halda iqtidara necə Rusiyayönümlü demək olar? “Gürcü arzusu” yenidən iqtidara gəlmək istəyir. Onun nə Rusiyaya, nə də Avropaya birləşmək fikri yoxdur, sadəcə yenidən iqtidar olmaq üçün çalışır.
- Rusiya dolayısı ilə eşitdirdi ki, Gürcüstan Moskvaya yaxınlaşarsa Abxaziya və Cənubi Osetiya problemlərinin həllinə dəstək verə bilər. Bunun baş verə bilməsinə inanırsınız? Bir halda ki, Gürcüstanın ərazi bütövlüyü, pozulmuş suverenliyi bərpa oluna bilər, o zaman gürcü xalqı niyə Qərbin çaldığını oynayır?
- Doğrudur, Rusiya tərəfindən yüksək səviyyədə bildirdilər ki, Kreml Abxaziya və Sxinvali bölgələri ilə problemləri həll etmək müstəvisində Gürcüstana kömək etməyə hazırdır. Əlbəttə, eşitdiyimiz bu ismarıclar bizim üçün çox maraqlıdır. İnşallah, seçkilərdən sonra bu məsələlər də yoluna qoyular.
- Bilirsiniz ki, Gürcüstan - Azərbaycan strateji münasibətləri pik səviyyədədir. Xüsusilə “Gürcü arzusu” Azərbaycanla sıx əməkdaşlıq edir. Ancaq bunu president Zurabaşvili üçün deyə bilmərik. Necə bilirsiniz, bəlkə Qərb Tbilisinin Azərbaycanla münasibətlərin belə isti olmasını istəmir, bəlkə təzyiq üçün bəhanələrdən biri də budur…
- Gürcüstan - Azərbaycan münasibətləri hər zaman Eduard Şevardnadze - Heydər Əliyev dostluğu ilə başlayan münasibətlər müstəvisində dinamik şəkildə inkişaf edib. Hətta deyərdim ki, bu münasibətlər qardaşlıq müstəvisinə yüksəlib. Burada ayrı-ayrı fərdlərin nə düşünməsi heç nəyi dəyişmir. Məsələn, bizim ölkənin prezidenti Salomi Zurabaşvili fərqli düşünürsə bu o demək deyil ki, o xarici siyasəti dəyişə bilər, xeyr. Gürcüstan konstitusiyasına görə prezidentin xarici siyasəti dəyişmək hüquqi yoxdur. Sadəcə, o, Fransada doğulub-böyüyüb, təhsil alıb və ona görə də hadisələrə “fransızca” baxmağa çalışır.
- Azərbaycanlılardan neçə namizəd qeydə alınıb və onlardan neçəsi "Gürcü arzusu"nun sıralarında, neçəsi müxalifət blokunda mübarizə aparır?
- Seçkilərdə Gürcstan azərbaycanlıları da vətəndaş olaraq aktiv iştirak edir və dörd partiyadan namizədləri mandat uğrunda yarışır. Bu baxımdan “Gürcü arzusu” liderlik edir. Bizim tanınmış siyasətçilər Savalan Mirzəyev və Zaur Darğallı bu partiyadan yarışa qatılıblar. Vahid Milli Hərəkat Partiyasından Ceyhun Narzalov və Rəfi Orucov namizəd göstərilib. Dəyişiklik Naminə Koalisiyadan Oqtay Kazımov, “Lelo” Partiyasından Aqil Mustafayevin namizədliyi verilib. Onların hər birinə uğurlar arzulayaraq xatırladım ki, adlarını çəkdiyim siyasətçilər əsas böyük partiyalardan qatılanlardır. Ola bilər başqa kiçik partiyalardan da namizədliyi irəli sürülmüş soydaşlarımız var, ancaq həmin partiyaların 5 faizlik baryeri aşa bilməsi mümkün görünmür…