"Avropa və ABŞ liderlərini Əfqanıstan hökumətini tanımağa çağırıram" - Sadır Japarov

11:17 09.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan prezidenti Sadır Japarov Əfqanıstandakı mövcud vəziyyətlə bağlı bildirib ki, Qırğızıstan 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gələn “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb. İndi Rusiya da analoji qərar qəbul etmək istəyir.

Hafta.az-ın yazdığına görə, prezident deyib ki, “Taliban” hakimiyyətə gəldikdən qısa müddət sonra Əfqanıstan xalqına kömək üçün onlarla əlaqə saxlayıblar.

“Biz bir neçə dəfə humanitar yardım göndərdik. Əfqanıstanda vəziyyətin daha da gərginləşməsi regiona mənfi təsir göstərə bilər. Ona görə də biz ölkə hökuməti ilə əməkdaşlığımızı gizlətmirik”, - Qırğızıstan prezidenti bildirib.

Siyasətçi Əfqanıstana edilən yardımın yetərli olmadığına da diqqət çəkib və “Taliban”la əlaqə yaratmağa çağırıb.

“Taliban” zəif olsaydı, əfqan xalqı onları çoxdan devirərdi. Pis-yaxşı işləyirlər, insanlar da onlara dəstək verir. İndi onlar demək olar ki, tamamilə təcrid olunublar. Bu vəziyyət nə qədər uzun sürərsə, əfqan xalqı bir o qədər çətinliklər girdabında qalacaq” deyən Japarov xatırladıb ki, “Taliban” hakimiyyətə gəldikdən sonra Əfqanıstan Mərkəzi Bankının xaricdəki 9,4 milyard dollarlıq aktivləri Qərb ölkələri tərəfindən dondurulub.

“Bu vəsaitin təxminən 7 milyard dolları ABŞ-da qalıb. Əfqanıstanda vəziyyəti yaxşılaşdırmaq və əfqan xalqının rifahını təmin etmək üçün bu vəsaiti qısa zamanda qaytarmaq lazımdır. Onlar hökumətə təkcə infrastrukturun bərpasında deyil, həm də yerli banklar vasitəsilə vətəndaşlara ucuz kreditlərin verilməsində, kənd təsərrüfatının inkişaf etdirilməsində, əhalinin güzəranının yaxşılaşdırılması üçün imkanların yaradılmasında köməklik edə bilər”, - o, bildirib.

Aclığın çox sayda əfqanı təhdid etdiyini bildirən Sadır Japarov Avropa ölkələri və ABŞ-ın liderlərini Əfqanıstanın hazırkı hökumətini tanımağa və əfqan xalqının gələcəyi üçün “dondurulmuş” vəsaitləri geri qaytarmağa çağırıb.

Qırğızıstan prezidenti əfqan tələbələrin müxtəlif ixtisaslar üzrə hazırlanması məsələsinə də diqqət çəkib.

“Əgər Avropa ölkələri və ya ABŞ Əfqanıstana müxtəlif layihələr və ya xüsusi proqramlar vasitəsilə kömək etsələr, biz onların həyata keçirilməsində iştirak edə bilərik. Texniki yardım göstərilərsə, biz Qırğızıstanın ali təhsil müəssisələri bazasında müxtəlif ixtisaslar üzrə əfqan tələbələri hazırlamağa hazırıq. Təklifimizi dəstəkləyən ölkələr tapsaq, biz qısa müddətdə müfəssəl plan hazırlamağa və onun həyata keçirilməsinə başlaya bilərik”, - deyə Japarov fikini yekunlaşdırıb.