"Ölkə başçısının ABŞ-a səfəri təkcə Azərbaycan-Ermənistan münasibətləri və sülhün əldə edilməsi baxımından deyil, həm də ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır".
Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Rəşad Bayramov bildirib.

Ekspert vurğulayıb ki, Donald Trampın 2025-ci ildə yenidən ABŞ Prezidenti seçilməsindən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün real perspektivlər yaranıb ki, bu da ölkələrimiz arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır.
R.Bayramovun fikrincə, xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye sahələrində əməkdaşlığın inkişafı həm Azərbaycanın, həm də ABŞ-nin maraqlarına tamamilə cavab verir:
"Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə müzakirələrin aparılması, Azərbaycan Respublikasının Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında Strateji tərəfdaşlıq xartiyasının inkişafı məqsədilə Strateji İşçi Qrupun yaradılması barədə Anlaşma Memorandumu, SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” tərəflərin əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru addımlara start verdiyini sübut edir. Düşünürəm ki, bu istiqamətdə hətta ABŞ tərəfindən Azərbaycan qarşı qəbul edilmiş 907-ci düzəlişin də icrasının dayandırılmasına dair də razılaşmalar ola bilər".
R.Bayramov qeyd edib ki, bütün bunlarla yanaşı Ağ ev görüşünün sülh və sabitlik istiqamətində mühüm görüş olacağına da şübhə yoxdur:
"Veilən məlumatlar onu göstərir Azərbaycan müharibənin bitməsindən sonra sülh üçün irəli sürdüyü bütün tələblər yerinə yetirilmək üzrədir. Məlumdur ki, son Əbu Dabi görüşündə tərəflər arasında beş saatlıq danışıqların nəticəsində müvafiq razılşamalar əldə olunnuşdu. Əbu Dabinin siyasi mərkəz olaraq ABŞ ilə yaxınlığını nəzərə alsaq deyə bilərik ki, həmin görüşdə əldə olunan razılaşmalar əslində Trampla görüş üçün bir hazırlıq mərhələsi idi. O görüşdə əldə olunan razılaşmalar özündə əsasən sülh sazişi maddələrinin paraflanmasını, Zəngəzur dəhlizini və sərhədlərin delimitasiya-demorkasiya prossesini ehtiva edirdi. Odur ki, indi Trampın iştirakı ilə keçiriləcək görüşdə sazişin paraflanması, niyyət protokolunun imzalanması, Zəngəzur dəhlizinin açılması ilə bağlı qərarların qəbulu, eləcə də ATƏT Minsk Qrupundan imtina edilməsinə dair razılaşmalara şahidlik edəcəyimizə böyük əminlik var".
Ekspert bildirib ki, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu olmadığını və eləcə də ABŞ-ın öz maraqları baxımından olsa belə sülh istəməsi baş verəcək görüşün nəticəli olacağını deməyə əsas verir. Onun fikrincə, ABŞ üçün Rusiyanın Cənubi Qafqazdan saxışdırılması və eləcə də Orta Asiya ölkələrinin Rusiya və Çinin təsir dairəsindən çıxarılması prioritet təşkil edir:
"Bunun üçün isə Cənubi Qafqazda sülhə və nəqliyyat yollarının blokadadan çıxarılmasına ehtiyac var. Üstəgəl Zəngəzur dəhlizinə bu və ya digər şəkildə nəzarət imkanı məsələsi də gündəmdədir. Bütün bunlara Trampın dünyaya sülh gətirməklə bağlı vədlərini də əlavə etsək, o zaman bu günki tarixin həm Azərbaycan, həm ABŞ, həm də elə Ermənistan üçün mühüm tarix olacağını deyə bilərik".