Yasamal rayon Heydər Əliyev Mərkəzində “Gürcüstan-Azərbaycan dostluğu nəsildən-nəslə” adlı sərgi keçirilib. Tədbir Gürcüstanın ölkəmizdəki səfirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Hafta.az-ın yazdığına görə, sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 120 rəssamın ümumilikdə 150-yə yaxın işi nümayiş olunub. Rəsm əsərləri bu iki qonşu və dost ölkənin yüzillərə şahidlik edən əlaqələrini əks etdirir. Bundan əlavə, Azərbaycan və Gürcüstanın təbiətini, xalqlarımızın yaşam tərzi rənglərin dili ilə təsvir edilməkdədir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək bildirib ki, Azərbaycanla Gürcüstan arasında əsrlərdir dostluq əlaqələri mövcuddur. Dərin kökə malik, möhkəm əsaslar üzərində qurulmuş bu münasibətlərin fonunda keçirilən sərgi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. "Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq münasibətləri bu gün də davam etdirilir. Bu gün ölkələrarası mədəni yüksəliş özünün ən gözəl dövrünü yaşayır. Azərbaycan və Gürcüstan irimiqyaslı layihələrə rəhbərlik edir və bir çox məqamlarda tərəfdaş ölkədirlər. Hər iki ölkənin parlamentində dostluq qrupları mövcuddur ki, bu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır”, - E.Həsənov deyib.

Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze çıxışında ölkələrimiz arasında mövcud olan mədəni əlaqələrə toxunub. Bildirib ki, sərgini çox bəyənib. Diplomat vurğulayıb ki, iqtisadi, siyasi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişaf etməsi çox vacibdir. "Buna görə də deyə bilərəm ki, bu gün mədəniyyət bayramıdır, rəsm əsərlərinin dili ilə xalqların ünsiyyəti qurulub. Rəssamlar sərgidə nümayiş olunan əsərlərində Gürcüstanla Azərbaycan arasında mövcud olan dostluğu böyük məharətlə, yaradıcılıqla təsvir ediblər. Düşünürəm ki, xalqların bir-birlərini tanıması və mədəniyyətlərinin yaxın, oxşar olduğunu göstərmək üçün belə sərgilərin keçirilməsi olduqca vacibdir”, - səfir Z.Pataradze deyib.

Azərbaycanın hər zaman, ən çətin vaxtlarda belə Gürcüstanın yanında olduğunu dilə gətirən səfir bildirib ki, dostluq əlaqələri gələcəkdə də davam edəcək. "Azərbaycanla Gürcüstan qardaş ölkələrdir və bir-birlərini hər zaman dəstəkləyəcəklər", - səfir bildirib.
Layihə rəhbəri Elnurə İsgəndərova təşkilatçılara minnətdarlığını bildirib və belə sərgilərin davamlı olmasını arzulayıb.
Sonra icra başçısı səfiri fəxri fərmanla təltif edib, gürcü dostlar da bu təltifi özlərinin xalq mahnısı ilə alqışlayıblar. Tədbirdə səfir Z.Pataradzeyə özünün və xanımının rəsmi olan portret əsər də hədiyyə olunub.
Sonda rəssamlar diplomlarla mükafatlandırılıb.