"Bu, Azərbaycan diplomatiyasının növbəti strateji qələbəsidir" - Bəhruz Quliyev

12:13 08.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin ABŞ-a səfəri yeni bir tarixi mərhələnin başlanmasına rəvac verdi. Azərbaycan-ABŞ strateji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyması təsadüfi deyil. Bu, regionda formalaşan geosiyasi reallıqlar fonunda Azərbaycanın artan rolunun və Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu dəfəki gündəmin yalnız enerji və təhlükəsizliklə məhdudlaşmaması, süni intellekt, rəqəmsal infrastruktur, yaşıl enerji və təhsil kimi sahələrin də strateji əməkdaşlıq çərçivəsinə daxil edilməsi Azərbaycanın gələcəyə hesablanmış inkişaf prioritetlərindən qaynaqlanır”.

Bu sözləri hafta.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert bildirib ki, İlham Əliyevin ABŞ-da yüksək səviyyədə qarşılanması, Donald Trampla görüşü çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələr əslində, Azərbaycan diplomatiyasının növbəti strateji qələbəsidir:

"Bu səfər çərçivəsində həm regional iqtisadi bağlantıların möhkəmləndirilməsi, həm də ABŞ sərmayələrinin qeyri-neft sektoruna yönəldilməsi üçün real zəmin formalaşıb. Ən önəmli məqamlardan biri isə ondan ibarətdir ki, Prezident İlham Əliyevlə Donald Tramp arasında keçirilən görüş zamanı ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi və Azərbaycan üçün ədalətsiz yanaşmanı əks etdirən “Azadlığı Müdafiə Aktına 907-ci düzəliş”in dondurulması məsələsi də konkret şəkildə gündəmə gətirilib. Bu, təkcə diplomatik jest deyil, ABŞ tərəfindən Azərbaycanın haqlı mövqeyinə verilən siyasi dəstəkdir. Bu addım regionda sülhün və əməkdaşlığın dərinləşməsinə xidmət edəcək”.

B.Quliyev bildirib ki, ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə getdikcə daha aktiv şəkildə cəlb olunması, xüsusilə Ermənistanla münasibətlərin normallaşması və regional kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsində Vaşinqtonun dəstəyinin güclənməsi bölgə üçün yeni reallıqlar vəd edir. Onun sözlərinə görə, bu dəhlizin açılması ilə təkcə Azərbaycan deyil, bütövlükdə region iqtisadi və geosiyasi baxımdan yeni mərhələyə qədəm qoyacaq:

“Hesab edirəm ki, ABŞ-Azərbaycan münasibətlərinin sistemli inkişafı onu göstərir ki, Azərbaycan artıq təkcə enerji mənbəyi deyil, həm də regionda innovasiyaların, texnoloji tərəqqinin və yeni təhlükəsizlik arxitekturasının aparıcı iştirakçısına çevrilir. ABŞ isə regionda sülh təşəbbüsünü ələ almaqla regionun sabitliyinə, yeni layihələrin və əməkdaşlıqların başlanmasına töhvə vermiş oldu”.