"Gecə reyslərində çalışacaq sürücülər xüsusi təlim keçmiş sürücülərdir" - Açıqlama

10:28 01.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Gecə saatlarında sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.

Bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova hafta.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, gecə reysləri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb və oktyabr ayının 1-dəntam fəaliyyətə başlayacaq:

"İlk reys bir neçə gün öncə sınaq məqsədilə xəttə buraxılacaq. 1 oktyabr tarixindən isə hər gün (gündəlik) yol infrastrukturubu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Məngəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də  tətbiq olunması planlaşdırılır.Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq.

Avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə servisi mövcud olacaq.

Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1(bir) gün qabağa qədər əldə etmək mümkündür. “Onlayn” qaydada bilet sifariş etmək  istəyən sərnişinlərsəfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm android, həm ios istifadəçiləri) üzərindən ala bilərlər.