“Son illər ölkəmiz Avrasiya İqtisadi İttifaqı ilə müşahidəçi qismində 22 istiqamətdə səmərəli əməkdaşlıq qurub. 2024-cü ildə Özbəkistanın İttifaq ölkələri ilə ticarətinin həcmi 11 faiz artıb. Oktyabrda Avrasiya İqtisadi Komissiyası ilə ticarət, sənaye, maliyyə, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə 40-a yaxın tədbiri özündə əks etdirən yeni üçillik əməkdaşlıq planı qəbul edilib”.
Hafta.az-ın yazdığına görə, bunu Özbəkistan prezident Şavkat Mirziyoyev dünən Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının növbəti iclasında çıxışı zamanı deyib.
O eyni zamanda qarşılıqlı ticarətdə maneələrin mərhələli şəkildə aradan qaldırılmasına çağırıb. Bu baxımdan Özbəkistanla MDB ölkələri arasında ticarətdə tarif və notariat məhdudiyyətlərinin tətbiq edilməməsi məsələsinin ekspertlər səviyyəsində işlənib hazırlanmasını təklif edib.
"Birgə layihələrin təşviqi məqsədilə etibarlı maliyyə mənbələrinin formalaşdırılması üçün gələn ilin əvvəlində prosedurları başa çatdırmağı və Avrasiya İnkişaf Bankına üzv olmağı planlaşdırırıq", - prezident bildirib.
Ş.Mirziyoyev aqrar sahədə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünün asanlaşdırılmasına, innovativ aqrar-sənaye layihələrinin həyata keçirilməsinə və elmi işlərin tətbiqinə yönəlmiş əməkdaşlıq proqramının hazırlanması təklifini səsləndirib.
Turist mübadiləsini təşviq etmək məqsədilə dövlət başçısı MDB ölkələri vətəndaşlarının Özbəkistana şəxsiyyət vəsiqəsi ilə daxil olmasına icazə verən prosedurun tətbiqinə hazır olduğunu bildirib.