Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Salih Mutlu Şen Türkiyə - Misir münasibətlərinin normallaşdığını bildirib.
Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Eş-Şark lil-Əhbar” telekanalına videokonfrans vasitəsilə bağlanan diplomat Şen, Türkiyə ilə Misir arasında diplomatik əlaqələr, iqtisadi, ticarət və turizmlə yanaşı, müxtəlif sahələrdə ortaq məsələlərlə bağlı qiymətləndirmələr aparıb. İki ölkə arasında etimadın bərpa olunduğunu bildirən Şen, "İki qardaş ölkə hər sahədə əməkdaşlığa hazırdır. Bəzi maneələr oldu, lakin biz bunların hamısını aşmağı bacardıq" deyib.
Şenin açıqlamalarından diqqət çəkən məqamlar belədir: "2002-ci ildə Türkiyə ilə Misir arasında ticarət həcmi 9,7 milyard dollara çatıb. Hazırda iki ölkə liderləri arasında siyasi iradə ilə iş dünyası da ticarət sahəsində daha çox əməkdaşlıq edəcək. Orta müddətli dövr üçün illik ticarətin həcmi 20 milyard dollara yüksələ bilər. Misirin ən böyük ixrac bazarının Türkiyə olduğunu da vurğulamalıyam. Eyni zamanda, Türkiyə Misir qazını satın alan bir nömrəli müştəridir”.
Türkiyəli diplomat deyib ki, hazırda türkiyəyə tətilə, alış-verişə və türk ləzzətlərindən dadmağa gələn çoxlu misirli turist var. Misir hökumətinin Türkiyə vətəndaşları üçün vizanı asanlaşdırdıqdan sonra Misirin Hurqada, Şarm əl-Şeyx və digər turistik şəhərlərinə gələn türk turistlərin sayı artıb. Asvana gedən turistlərin sayı da ortamüddətli perspektivdə üç dəfə artacaq.
"Artıq diplomatik münasibətlərin ən yüksək səviyyəyə, səfir səviyyəsinə qaldırılması qərara alınıb. Yəni iki lider arasında zirvə görüşü olacaq. Mən şəxsən proqnozlaşdırıram və ümid edirəm ki, bu görüş növbəti 3-6 ay içində baş tutacaq. Prezident Ərdoğanın da qarşıdakı aylarda sıx qrafiki olacaq. İlin sonuna kimi liderlərin Ankara və ya Qahirədə görüşəcəyini proqnozlaşdırıram", - müvəqqəti işlər vəkili Şen deyib.