Azərbaycanda bir sıra qlobal magistral yollarda piyada zolaqlarının, piyada keçidlərinin olmaması təhlükə mənbəyidir. Magistral yolun yaşayış massivindən keçən hissəsində insanlar bir tərəfədən qarşı tərəfə keçmək üçün qaçaraq hərəkət edirlər. Bu isə hər bir zaman insan həyatını təhlükəyə ata bilər.

Məsələ ilə bağlı hafta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, avtomagistral yollarda bir çox hallarda məlum olur ki, piyada keçidi yoxdur:
“Tamamilə yoxdur da demək düzgün deyil. Yaxın günlərdə Bakı-Qazax istiqamətində hərəkətdə oldum. Fikir verdim ki, bəzi yaşayış məntəqələrində piyada keçidləri var. O ərazilərdə sürət həddinin azaldılması üçün müvafiq nişanlar da vurulub. Sadəcə olaraq deyə bilmərik ki, bu ümümilikdə problemi həll edir. Problemin aktuallığı hələ qalır. Piyada zolaqları, piyada keçidləri magistral yolun keçdiyi bütün yaşayış zolaqlarında tətbiq olunmalıdır. Təəssüflər olsun ki, bu gün aidiyyatı strukturlar bu məsələdə passivlik nümayiş etdirirlər. Bəlli məsələdir ki, bütün belə problemlər Dövlət Yol Polisinin işi deyil. Bakı şəhərində müxtəlif qurumlar var ki, bu işlə məşğul olmalıdırlar. Söhbət bölgələrdən gedirsə, İcra Hakimiyyətləri baxmalıdır. Bu məsələ konseptual şəkildə öz həllini tapmalıdır. Ola bilsin vaxt etibarı ilə daha çox zaman tələb olunsun. Bundan əlavə yeraltı, yerüstü piyada keçidlərin salınması həm də xərc aparan bir işdir. Ancaq minimum işlər görülə bilər. Digər tərəfdən, sivil toplum da bununla mübarizə aparmalıdır. Araşdırmalar göstərir ki, yol hərəkəti ilə bağlı maarifləndirmə işləri bölgələrdə aparılmır. Təkcə reydlər zamanı nəsə insanlara çatdırılırsa elə onunla kifayətlənmək olmaz. Davamlı işlər aparılmalıdır. Biz çox zaman şahidi oluruq ki, insanlar daha qısa yol olsun deyə, heç keçidlərdən də istifadə etmirlər. Aidiyyatı strukturlar da fəal sürətdə buna müdaxilə etmirlər. Səlahətli qurumların bu məsələdə öndə getməsi olduqca vacibdir. Maksimum dərəcədə əhali təlimatlandırılmalıdır. Yaşayış məntəqələrindən keçən yolla insanlar mal-qara aparıb, gətirirlər. Bu isə potensial təhlükədir. Digər tərəfdən sual olunur - bəs hansı yolla aparmalıdırlar? Bəzən görürük ki, onlar üçün yollar nəzərdə tutulmayıb”.