Hazırda dünyada yeni koronavirus rüzgarı əsir. Gigiyenik qaydalara riayət edilməməsi virusun yayılmasında nə qədər təsirli rola malikdirsə, cəmiyyətin bu cür vəziyyətlərdə sağlam dura bilməsi onun qarmısının alınmasında bir o qədər vacibdir.
Ekspertlər də bildirir ki, insanların ölümündə virusun çox az təsiri var. İnsanların sağlığına ən böyük problem isə koronavirus adı duyulandan bir çoxlarının yaşadığı qorxu hissi, həyacan və stressdir.
Psixoloq Günel Vüqar hafta.az-a bu barədə danışarkən dedi ki, tarix boyu insanlar çarəsi tapılmayan və həyati təhlükə yaradan xəstəliklərdən həmişə qorxublar.
Son dövrlərdə isə insanların ən çox narahatlığına səbəb olan epidemiya, COVİD-19 xəstəliyinə səbəb olan korona epidemiyasıdır:
"Nazirliyin verdiyi açıqlama sözün əsl mənasında insanlar arasında çaxnaşma yaratdı və bu insanların psixologiyasına mənfi təsir etdi. Sosial mediadan aldıqları bir çox doğru-yalnış informasiyalar insanlarda qorxu, panik atak, stress, yuxu və qidalanma problemləri, habelə obsessiv düşüncələrə və fobiyalara səbəb olur. Epidemiya nəticəsində insanların yaşadıqları qorxu bu müddətdə onların sağlamlıq və özlərini qorumaq üçün görüləcək tədbirlər haqqında daha da maarifləndirdi.
Psixoloji sağlamlığımızı qorumaq üçün bu epidemiyaya qarşı məlumat bazamızı artırmalıyıq. İlk olaraq çaxnaşmadan uzaq qalmalı, yaşanan vəziyyəti qəbul edib, gündəlik rituallarımızı pozmadan tədbirlər görməliyik. Virus gəldi-gələcək qorxusu ilə insanların yaşadıqları panik halı, özlərini çarəsiz hiss etmələrinə səbəb olur. Bu emosional vəziyyəti azaltmaq üçün sağlam və etibarlı saytlardan məlumat almaq və epidemiyaya qarşı fərdi tədbirlər görmək daha təsirli olacaqdır".