"Qeyri-qanuni, istismara tam yararsız avtobuslar xidmət göstərəməyəcək" - Nuridə Allahyarova

15:21 29.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Regionlarda mərkəzdən kəndlərə işləyən avtobusların yararsız olması heç kimə sirr deyil. Sovet dövrü istehsalı olan avtobuslarla öz ünvanına getmək istəyən insanlar hər an təhlükə ilə üzləşə bilərlər. Dünən Lənkəranda artıq belə bir olay yaşandı.

Daxili İşlər Nazirliyi ötən gün Lənkəranda baş verən avtobus qəzası ilə məlumat yayıb. 

Hafta.az-a daxil olan məlumatı təqdim edirik: “28 avqust, saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.

Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ağayev Ələmdar Şavəli oğlu ona məxsus PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb”.

Bəs istismar müddəti başa çatmış ictimai avtonəqliyyat niyə yeniləri ilə əvəz olunmur?

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Nuridə Allahyarova saytımıza açıqlamasında dedi ki, 77 fazidən yuxarı (paytaxt və regionlar daxil) nəzərdə tutulan avtonəqliyyatın istismar üçün yaş həddi 10 ildən çoxdur:

“10 il özü də istismar üçün yararsız sayılmır. Belə kriteriya qoyulmayıb ki, 10 ildən yuxarı ömrü olan ictimai nəqliyyat istismara yararsızdır. Bununla bağlı daşıyıcılar qarşısında tələb qoyduq. Avtonəqliyyat parkının yenilənməsi çərçivəsində 10 il müddəti 5 ilə endirildi. Nəzarəti də təmin edirik. Biz 77 faizi minimuma endirmək istəyirik. Cənab Prezidentin də yol hərəkətinin təhlükəsizliyinə dair 2018-ci ildə qəbul etdiyi bir proqram var. Həmin proqram 2019-2023-cü illəri əhatə edir. Qeyri-qanuni, istismara tam yararsız avtobuslar xidmət göstərəməyəcək. Bu il bu göstərici 7 faiz aşağı düşüb, artıq 70 faiz təşkil edir. Ümümi nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətindədir. Dünən qəza törədən “Paz” qeyr-qanuni fəaliyyət göstərir. Ona nəzarəti bizim qurum etmir”.